"Mamedin kim olduğunu tanımırlar, amma maşını anons olunur"
23-05-2018, 18:19
Tanınmış müğənni İntiqam Kərimov "Ölkə.Az"ın suallarını cavablandırıb.
- İntiqam müəllim, niyə efirə az-az çıxırsınız?
- Ayda üç dəfə efirə çıxıram, bəsimdir. Həm də maqazin proqramlarını sevmədiyim üçün o cür verilişlərdən uzağam. Görürsən anons edirlər ki, Mamedin maşınına nə oldu? Halbuki Mamedin kim olduğunu heç kim bilmir ha. Sadəcə, maşın bir yeşik pomidorun üstündən keçib. Hətta getmədiyimə görə bəzi proqramlar məndən küsdülər. Dedim ki, elə verilişlərə çəkilmək istəmirəm. Müğənni oxuyar, qalmaqal etməz. Mədəniyyət və İncəsənət Universitetinin estrada sənəti kafedrasında müəllim işləyirəm, dövlət tədbirlərində, məclislərdə çıxış edirəm. Ötən ayın 27-də çox populyar səhər proqramına dəvət etdilər, imtina etdim.
- Son konsertinizdə olmuşdum. Yeni konsert planı varmı?
- Bəli, sonuncu konsertim dörd il əvvəl olub. Payız aylarında konsert verməyi planlaşdırıram.
- Bəzi verilişlərdən imtina etməyinizin başqa səbəbi varmı?
- Yanındakını gözəl sənətkar kimi təqdim edirlər. Axı bu adam gözəl sənətkar deyil. Orada cavab verməsən, olmur. Düz danışanda pis olursan, susanda da musiqidən başı çıxanlar qınayır. Ona görə də dəvət ediləndə hara getdiyimi, digər qonaqların kimliyini soruşuram.
- Həmkarınız Abbas Əhməd bildirib ki, Bakıda konsert vermək üçün 500 min vəsait lazımdır.
- Öz adıma deyə bilərəm ki, Azərbaycanda konsert vermək üçün o qədər vəsaitin lazım olmadığını düşünürəm. Bizdə ona qiymət verəcək kontingent də çox azdır. Ona görə çalışıram ki, dünyanın klassik estrada mahnılarını oxuyum. İnsanlar konsertə gəlib, istirahət etsinlər. Konsertimin xərci borcunu ödəyirsə, mənə bəsdir. Konsertdən pul gözləmirəm.
- Sizcə sənətçi pul qazanmadığı konserti niyə versin ki?
- Yaxşı pul qazanmalıdır. Bizdə pul qazananlar həqiqi musiqi təmsilçiləri deyillər. Bizdə əsl musiqinin dinləyiciləri yoxdur.
- Toylara tez-tez gedirsiniz?
- Gedirəm, amma əvvəlcədən məndən hansı repertuarı istədiyini soruşuram. Məclisdə kimsə məndən nəsə istəsə, oxumaram. Yalnız öz repertuarımı, xarici mahnılar, Tofiq Quliyev, Rauf Hacıyev kimi bəstəkarların əsərlərini oxuyuram.