"Müharibə başlayarsa, Rusiyanın Ermənistanı müdafiə edəcəyi..." - Fəzail Ağamalı
29-07-2018, 17:48
Nikol Paşinyan Sarkisyan kriminal rejimindən narazılıq üzərində hakimiyyətə gələn populist bir insandır və onun nə daxili, nə də xarici siyasətdə konkret konsepsiyası, fəaliyyət proqramı var.
Mia.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
F.Ağamalı bildirib ki, N.Paşinyan bir tərəfdən Rusiya ilə münasibətlərini qoruyub saxlamaq, onun vasitəsilə Ermənistanın təhlükəsizliyini təmin etmək, onun imkanlarından istifadə edərək öz problemlərini həll etməyə çalışır, digər tərəfdən ABŞ-ın, Avropanın maliyyə dəstəyini almaq və bununla öz ölkəsini ağır sosial-iqtisadi vəziyyətdən çıxarmağa və xalq içərisində nüfuz qazanaraq öz hakimiyyətini davam etdirməyə çalışır:
"Bütün bunların içərisində çox böyük qeyri-müəyyənliklər var. Bu baxımdan, Paşinyan Dağlıq Qarabağ məsələsi, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı biri digərini təkzib edən bəyanatlar verməkdə davam edir, Azərbaycanı müharibə ilə hədələyir, Azərbaycana böyük fəlakətlər gətirə biləcəyini dilə gətirir. Daxili auditoriyaya hesablanmış bu cür fikirlər olduqca gülünc doğurur. Eyni zamanda, Paşinyan Azərbaycanın hansı güzəştlərə gedəcəyini bildikdən sonra danışıqlara başlayacaqları kimi sərsəm fikirlər söyləyir. Azərbaycanın ən böyük güzəşti danışıqlar masasına müsbət yanaşmasıdır, işğal olunmuş torpaqlarımızın sülh yolu ilə qaytarılmasına razılıq verməsidir. Bu, Azərbaycanın Ermənistan üçün ən böyük güzəştidir. Bundan artıq güzəşt qətiyyən ola bilməz".
Deputatın sözlərinə görə, Paşinyan onu anlamalı və başa düşməlidir ki, nə qədər gec deyil, öz xalqını, dövlətini xilas etmək istəyirsə, Azərbaycanla sülh danışıqlarına getməlidir və işğal olunmuş torpaqlarımızdan çıxmalıdır:
"Bunun alternativi yoxdur. Müharibə başlayarsa, Rusiyanın Ermənistanı müdafiə edəcəyi barədə sərsəm fikirlərin də heç bir məntiqi əsası yoxdur. Rusiyanın məsul şəxsləri dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağda müharibə başlayarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı buna qarışmayacaq, müdaxilə etməyəcək, çünki bu, Azərbaycanın ərazisində gedən bir müharibə olacaq".