Əskinasların dizaynı və ermənilərin “şəhərsalma təcavüzü” - FOTO
27-04-2019, 21:48
Pul əskinaslarının dizaynı – ilk baxışda az mübahisəli mövzulardandır. Onların üzərində nəyi və kimin əksini qoymağı hər ölkə özü müəyyən edir. Biri tarixi şəxsiyyətlərə, digəri – arxitekturalı görməli yerlərə üstünlük verir və ya özünün elmi nailiyyətlərini ifadə eləməyə çalışır. Ancaq burada da siyasi qalmaqallarsız ötüşmür.
Son zamana kimi bu yöndə az xoşa gələn rekord Rusiyaya məxsus idi. Belə ki, ötən ilin oktyabrında 200 rubl nominalında yeni pul əskinası dövriyyəyə buraxılmış, üzərində isə “xalq səsverməsinin nəticəsi” olaraq, Ukraynadan qoparılmış Sevastopol – batan gəmilərə qoyulan abidə və Xersonesin panoraması əks olunmuşdu. O zaman bu, tamamilə haqlı olaraq, Ukrayna ilə yanaşı, dünyada da qəzəb yaratdı – işğal simvolları olan nağd pulu bir sıra xarici banklar artıq qəbul eləmir.
İndi isə “pul qalmaqalı” Ermənistanı başına götürüb. Burada hələ keçən ilin sonlarından yeni nəsil əskinaslar dövriyyəyə buraxılıb. Onlar tərkibində polimer olan və daha dözümlü kağız üzərində çap edilib. 5 min dram (10 dollar) dəyərində olan kağız pul yazıçı Vilyan Saroyana və onun “Nar ağacı” hekayəsindəki epizodlara həsr edilib. Əskinasın reversində Saroyanın əcdadlarının doğma şəhəri Bitlisin fonunda onun İrəvandakı abidəsi də əks olunub.
Amma buradaca peşəkar təxribatçı, özünü “erməni abidələrinin tədqiqatçısı” kimi təqdim eləməyi xoşlayan Samvel Karapetyan yenə gözə girir. Xatırladaq ki, məhz o, “Culfada xaçkarların məhv edilməsi” və ölkəmizə qarşı daha bir necə digər hay-küylü işlərin əsas təşkilatçısıdır. İndi isə Samvel Karapetyan dərindən hiddətlənir ki, erməni əskinasında müsəlman tikilisi əks olunub.
Özünün facebook-unda ibrətamiz tərzdə o, ərz edir ki, bəs üstündə gümbəz olan heç də hər şey kilsə deyil. Onun sözlərinə görə, mərkəzdəki günbəz – yerli müsəlman rəhbərlərdən olan Şərif xanın XVI əsrdə tikilmiş məqbərəsidir. Ardınca inandırmağa cəhd edir ki, bununla o, heç də müsəlman abidələrinə qarşı dözümsüzlüyə çağırmır, milli olanı təbliğ edir. Və iddia edir ki, əgər gümbəzli tikili lazım idisə, onun əvəzinə yerli erməni monastırı ifadə eləmək olardı. Dediyinə görə, hazırda həmin monastırlar “talan edilsə” də, haqqında yüz illik arxiv sənədləri qalır.
Gözlənildiyi kimi, Mərkəzi Bank “yetərincə vətənpərvər olmamaq” ittihamına dəf edir və izah edir ki: birincisi, heç kim saxtakarlıqla məşğul olmayıb və “türbə”ni kilsə kimi təqdim eləməyib. İkincisi isə əskinasların dizaynına peşəkarlarla əməkdaşlıq edən bədii şura baxıb, eskiz konkursu keçirib və s.
Ancaq məsələ təkcə və bir o qədər də Ermənistan Mərkəzi Bankının “qeyri-patriotluq”la bağlı ittihamı necə dəf edib öz reputasiyasını necə qoruyacağında deyil. Ondadır ki, qalmaqalın özü düşünmək üçün bol qida verir. Məsələ hətta pul əskinası üzərində müsəlman mavzoleyinin əksi ətrafında qaldırılan isterikada da deyil – hansı ki, səmimi desək, indiki Ermənistanda mağara səviyyəli ksenofobiyanın səviyyəsini nümayiş etdirir. Mühüm olan başqadır.
Xatırladaq ki, əskinasda Paris və ya Qlendeyl yox, Türkiyədə eyni adlı vilayətin inzibati mərkəzi – Bitlis təsvir olunub. Bu, vaxtilə Sevr müqaviləsinə əsasən, Osmanlı İmperiyasından qoparılaraq üzdəniraq “Qərbi Ermənistan”a çevrilməsi nəzərdə tutulmuş vilayətlərdən biridir. Bitlis şəhərinə artıq erməni adı da uydurublar – “Baqeş”.
Aydındır ki, pul kağızı üzərində mavzoley-“türbə”si ilə müsəlman şəhərinin panoramasının əks olunması məşhur amerikalı tədqiqatçı Castin Makkartinin sözlərini sanballı sübuta çevirir. Onun hesablamalarına əsasında yada salaq ki, XX əsrin əvvəllərində Türkiyənin şimal-şərqi də daxil, heç bir vilayətində ermənilər çoxluqda olmayıb. Üstəlik, Türkiyənin bütün erməniləri Şərqi Anadoluya köçsəydi belə, yenə əksəriyyət təşkil etməyəcəkdilər. Necə deyərlər, məhz “dominantlığa” nail olmaq üçün də müsəlman əhalinin qəddar şəkildə qətliamı lazım idi – özü də elə bir vaxtda ki, müharibə gedirdi və döyüş qabiliyyətli kişilər cəbhədə idilər, evlərdə yalnız uşaqlar, qadınlar və qocalar qalmışdı. Üstəlik də, Bitlisin bu “müsəlman” mənzərəsi Türkiyə pirlərində deyil, erməni dramında əks olunub.
Bunu da yada salmağın yeri var: eynilə bu cür, lakin Bitlisin yox, İrəvanın müsəlman panoramasını rəssam Frans Rubonun rəsmi ifadə edir – hansı rəsmdə ki, rus qoşunları tərəfindən İrəvan qalasının alınması təsvir olunub. Bu mənzərə ta XX əsrin əvvəlinədək hadisənin şərəfinə buraxılmış medalda və çoxsaylı fotoşəkil və açıqcalarda əksini tapıb.
Hazırda Yerevan adlandırılan İrəvanın belə qeyri-məqbul tarixi quruluşu ilə ermənilər çox sürətlə və qətiyyətlə məşğul oldular: onu “rekonstruksiya” adı altında buldozerin ağzına verib, sərdarın füsunkar sarayını, qalasını, 7 məsciddən 6-nı, bir çox başqa şeyləri yerlə yeksan elədilər. Həmçinin, Qərbi Azərbaycanın digər arxitekturalı şəhərlərini dağıtdılar – hansılar ki, Rusiya tərəfindən öncə “erməni vilayəti”nə, ardınca isə “Ermənistan”a çevrilmişdi.
Bu gün belə “şəhərsalma genosidi” ikinci etnik təmizləmə serialı kimi işğal altındakı Qarabağda davam etdirilir. Burada məscidlər, evlər, hətta qəbiristanlıqlar dağıdılır, o məqsədlə ki, bu torpaqlarda “müsəlman mövcudluğu”nu sübut edən dəlil qalmasın. Ermənistanda 5 min dramlıq pul kağızı üzərindəki “türbə” ətrafında qaldırılan isterika isə ermənilərin təkcə Şərqi Anadoluya olan iddia ilə kifayətlənmədiklərini ortaya qoyur. Görünür, onlar həmin o Bitlisin işğalını da “həll olunmuş məsələ” sayır və artıq onun tarixi tikililərini buldozerin ağzına vermək üçün planlar qururlar – harada ki, yenə İrəvandakı “Erebuni qalası” adlı uydurma tikililər, “erməni kilsələri”, erməni monastrları peyda olmalıdır. Və bu məqamda əgər Bitlisin “müsəlman” panoramalı erməni gümbəzi üzə çıxarsa, bu, necə də narahatedici bir şey olar.
O ayrı məsələdir ki, pul kağızı üzərindəki “türbə” niyə tutaq ki, ötən ilin noyabrında deyil, – nə vaxt ki, yeni pul nişanlarının dizaynı təzəcə sifariş edilmişdi, - məhz indi belə qızğın isterika doğurub. Əlbəttə, istisna deyil ki, belə güclü təəssüratı saxta “soyqırımın” növbəti ildönümü yaradıb – hansı məsələ ilə bağlı ki, hamının başı Türkiyəyə qarşı iddialara qarışıb. Ancaq...
Bu günlərdə Ermənistanda Rusiyadan Ermənistana yeni silah tədarükündən danışmağa başlayıblar. Gümrüdə “hərbi yumruq” güclənir. Ən diqqət çəkəni isə odur ki, Suriyada Türkiyəyə qarşı hansısa “erməni cəbhəsi” yaradılır. Harada ki, öncə kürd birləşmələri, yəni PKK tərkibində “erməni taboru”nun qurulduğu bəyan edilir, ardınca elə həmin o PKK-yə yaxın mənbələrin məlumatına görə, Suriyanın Əl-bab məntəqəsində erməni silahlılari ilə kürd və erməni qaynaqlarının “Türkiyə meylli” adlandırdıqları dəstələr arasında toqquşmalar qızışır.
Və bu fonda “pul isterikası” Ermənistanda Şərqi Anadoluya ərazi iddialarının aktuallaşdığının aşkar “göstəricisinə” çevrilir. Bu “aktuallaşmanın” kökünü isə Moskvada axtarmaq lazımdır. Həm də ona görə ki, Ermənistan adından belə kardinal qərarlar artıq çoxdan Rusiya paytaxtında qəbul edilir...
Nurani, siyasi şərhçi,
xüsusi olaraq “Yeni Müsavat” üçün