Ermənistan 140 hektar torpaq alıb? – Açıqlama

18-08-2019, 15:08           
Ermənistan 140 hektar torpaq alıb? – Açıqlama
Azərbaycan Dövlət Sərhəd Xidmətinin qüvvələrinin Ermənistanla sərhədin Qazax rayonu istiqamətində irəliləməsi və yeni strateji, taktiki mövqelər tutması açıqlanandan sonra düşmən ölkədə də hərəkətə keçiblər.

Virtualaz.org xəbər verir ki, erməni tarixçi və hərbçi ekspert Artur Yegizaryan özünün Facebook səhifəsində “Azərbaycanla sərhəddə 140 hektar torpaq azad etməyə nail olduqlarını” yazıb.

Yegizaryanın sözlərinə görə, bununla da erməni hərbçiləri nəinki azərbaycanlıların qaz kəmərini və Gürcüstan-Ermənistan avtomobil yolunu nəzarətə almaq cəhdinin qarşısını alıblar, eləcə də Azərbaycan-Gürcüstan şosse yolunu nişangaha götürə biliblər.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan isə bu xəbərləri şərh edərkən “konkret hektarlar barədə” danışmaq istəmədiyini deyib. Amma bildirib ki, mövqelərin möhkəmləndirilməsi daimi prosesdir və müxtəlif istiqamətlərdə aparılır. “O cümlədən Naxçıvan istiqamətində”,-Ovanisyan deyib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib ki, erməni tərəfinin təbliğat məqsədi ilə yaydığı bu məlumatların heç bir əsası yoxdur.

“Tam fərqli olaraq Azərbaycan ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif çaplı silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır.

Erməni tərəfinin yaydığı bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara, xüsusən də inananlara acı təəsüf hissi ilə yanaşırıq”,-açıqlamada deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.