Qazaxıstanda antiNazarbayev addımları - Tokayev Qazaxıstanı Nazarbayevin nəzarətindən çıxardır
5-05-2020, 11:45

Maulen Aşımbayevin Dariqa Nazarbayevanın yerinə Qazaxıstan parlamentinin sədri seçilməsi göstərir ki, prezident Kasım-Jomart Tokayev qanunverici orqanı özünə tabe etdirir. Çünki, parlamentin əvvəlki sədri Dariqa Nazarbayeva son zamanlar prezidentin qərarlarından narazı idi. Dariqa Nazarbayeva prezidentin parlamentlə hesablaşmadan qanunlara bəbabər fərmanlar verdiyini iddia edirdi.
Parlamentin yeni sədri Tokayevin adamıdır. 1971-ci ildə anadan olan Maulen Aşımbayev Qazaxıstanda və ABŞ-da ali təhsil alıb. Maulen Aşımbayev sonrakı illərdə Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. Hakim “Nur Otan” partiyasının üzvü olan Maulen Aşımbayev Kasım-Jomart Tokayevin seçki kampaniyasına başçılıq edib. Bu baxımdan parlamentin yeni sədri Tokayevin ən yaxın adamı olaraq onun istəklərini yerinə yetirəcək. Nursultan Nazarbayev Qazaxıstanın lideri statusunu daşısa da, prezident Tokayevin son qərarları göstərir ki, o Nazarbayev ailəsinin nəzarətindən çıxmaq istəyir. Heç bir prezident başının üstündə bir başqasının ona təlimat verməsini istəməz.
Tokayevin yeni təyinatı Moskvanı da düşündürür. Kreml Amerikada təhsil alan kadrları sevmir. Ona görə də Kreml həm Tokayevin, həm də Qazaxıstan parlamentinin sədrinin fəaliyyətini diqqətlə izləyəcək. Qazaxıstan Rusiyanın strateji tərəfdaşıdır. Ona görə də Moskva Astananın bu siyasətdən çəkilməsini istəmir.
Elxan Şahinoğlu
Teref.az