İran öz qazdığı quyuya düşdü - Savaş hüququnda isə hər şey mübahdır.

Bu gün, 09:48           
İran öz qazdığı quyuya düşdü -
Heyrətlə beynəlxalq hüquqdan mədəd uman Xameneiqafalıların çıxışlarını dinləyirəm. Adamlar hələ də anlamırlar ki, beynəlxalq hüquq deyilən anlayış hələ 1990-cı illərdə bir ovuc erməninin Qarabağı işğal edəndə ölmüşdü. 2008-ci ildə Rusiya Gürcüstanın iki vilayətini işğal edəndə dəfn olunmuş, 2014-cü ildə Ukraynanın Donbass rayonları və Krım adası işğal olunanda isə 7-si çıxmışdı. 2020-ci ildə Qarabağ savaşında Xamenei həzrətləri ölkələrin beynəlxalq birlik tərəfindən tanınan legitim ərazilərinin yerinə, mövcud status-kvonu dəstələyəndə və “geopolitik ərazilərin toxunulmazlığı” prinsipini əsas göstərib erməni qardaşlarını müdafiə edəndə artıq 40-ı çıxmışdı. 2022-ci ildə Rusiya Ukraynanın digər ərazilərini işğala girişəndə və İran mollakratiyası ona “Şahid” dronları göndərəndə artıq beynəlxalq hüquq da 100 illik ölüyə çevrilmişdi. Mən hələ rəsmi adı İslam Respublikası olan İranın Suriyada, İraqda dünyanın ən qəvi “kafir dövlət”lərindən olan Rusiyaya qoşulub müsəlman qanı tökməsini demirəm.
İranın özünün də qətlində iştirak etdiyi beynəlxalq hüququn ölümündən sonra dünyada savaş hüququ deyilən anlayış ortaya çıxdı. Savaş hüququnda isə hər şey mübahdır. Bu hüquq “güc” prinsipinə əsaslanır və “qaliblər mühakimə olunmaz, günah uduzandadır” məntiqi ilə hərəkət edir. Belə vəziyyətlərdə gərək öz gücünün fərqində olasan və boş-boşuna güclülərin qarşısında hoppanıb düşməyəsən. Aşıq Ələsgərin dediyi kimi;
“Alçaqda dayan ki, çıxasan başa,
Tülküsən aslanla girmə savaşa.
Gəl, yapışma gücün çatmayan daşa,
Götürə bilməzsən, zora düşərsən”.
İran gücünün çatmadığı bir işə girişib zora düşübsə, günahı heç kimdə yox, özündə axtarmalıdır.
Heydər Oğuz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.