AXCP-Müsavat qarşıdurması yeni mərhələdə: söyüş və təhqir sindromu canlandı ANALİTİK
11-06-2020, 00:04

AXCP-nin Müsavata qarşı kampaniyaya başlaması əslində ilk və təəccüblü hadisə deyil. Bu kimi qarşıdurmalar və ondan doğan qarşılıqlı ittihamlar, eləcə də təhqir və həqarətlər əslində uzun illərə söykənən reallıqdır. O cümlədən, daha bir fakt budur ki, istər seçkilər mühitində, istərsə də müxalifətdaxili liderlik ambisiyaları səbəblərindən kök salmış AXCP-Müsavat qarşıdurması müxalifətin parçalanmasını və zəif düşməsini şərtləndirən əsas amillərdəndir. Əslində hər iki partiya illərdir bir-birini sıradan çıxarmaqla məşğuldur, biz bunu növbəti dəfə AXCP-nin rəyasət heyətinin “zoom” iclasında müşahidə etdik. Ya sosial şəbəkələrdə, ya da mətbuat vasitəsi ilə hər iki partiyanın rəhbərliyi hələ də qarşı tərəfi "satqın" ittihamı ilə atəşə tutur. Hər iki tərəf yenə də "xəyanətkar" ittihamı səbəbindən qarşı-qarşıya dayanıblar.
“İctimai Palatadan” “Milli Şura”ya, oradan isə həqarət və təhqirlərə...
Əgər biz AXCP-nin məlum iclasında səslənən fikirləri növbəti dəfə nəzərdən keçirsək və ittihamların hansı səbəblərdən yarandığının təhlilini aparsaq bir sıra digər nüanslara vara bilərik. Ancaq buna keçməmişdən də əvvəl xatırlatmaq yerinə düşərdi ki, AXCP sədri Əli Kərimlinin müsavatçılara olan antipatiya xarakterli mövqeyi özünü daha çox Müsavat Partiyasının “Milli Şura”nın sıralarını tərk etməsindən sonra göstərməyə başladı. Halbuki, bu qurumdan əvvəl də həmin partiyalar “İctimai Palata” adlı iflasa uğramış qurumda bir araya gəlməyi bacarmamışdılar.
AXCP-çi funksioner Məmməd İbrahim Arif Hacılı və İsa Qəmbəri söydüklərini etiraf edib, Mustafa Hacıbəylini isə onun üçün “dabandaşıdır”
Beləliklə, qayıdaq AXCP RH-nin virtual iclasındakı təhqirlərə. Müsavatçıların heç vaxt komanda şəklində iştirak etmədiyini, lakin cəbhəçilərə qarşı birləşdiklərini iddia edən partiyanın funksioneri Məmməd İbrahimin dediyi fikirlərindən belə nəticə çıxarmaq olar ki, AXCP daha öncələr də Müsavatın rəhbər şəxslərini təhqir hədəfinə alıb. Məsələn, “Bizim uşaqlar Arif Hacılı, İsa Qəmbər haqqında da yazılar yazıb”, deyən cəbhəçi funksioner qarşı tərəfin bu dəfə komanda şəklində cavab vermələrinin təşkilatçısı olaraq Mustafa Hacıbəylini göstərib. SİTAT: “Belə bir şey görülməmişdi. Bu, sırf komanda idi. Hamısını dabandaşı Mustafa gətirmişdi”.
Göründüyü kimi, əslində Ə.Kərimlinin uşaqları müsavatçıların cavab zərbələrindən ciddi nokaut alıblar və bu zərbəni əslində gözləmədiklərini etiraf edirlər. Bu amil isə həm də onu göstərir ki, artıq illərdir ki, özlərini “müxalifətin ana partiyası” kimi ictimai rəyə sırımağa çalışan kərimovçular müsavatçılar tərəfindən sıxışdırılmağa başlanıblar. Bu kampaniyaya isə Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli rəhbərlik edir.
“Aydın Can kimi şərəfsiz adamın statusunun altında çaqqal kimi ulaşırdılar... İqbal da bunları söyür”
Başqa tərəfdən, AXCP sədri Ə.Kərimlinin və ətrafının partiyalarının qaragüruhçu düşərgədəki mövqelərini itirmək qorxusu açıq-aydın görünməyə başlayıb. Məhz bu səbəbdən, hazırda Müsavat yaxınlığı ilə seçilən digər müxalifətçilər də söyüş hədəfinə alınıblar. Məsələn, təhqirlərini davam etdirən M.İbrahim bildirir ki: “Komanda verilmişdi və gəlib Aydın Can kimi şərəfsiz adamın statusunun altında çaqqal kimi ulaşırdılar. Çox biabrçı, şərəfsiz sözlər yazmışdılar. Adam baxıb cavab da vermək istəmir. Mən adi cümləmizi də onlara deməyə rəva bilmirəm. Özü də İqbalı tərifləyən statusda bunu etdilər. İqbal da bunları söyür. Elə birbaşa İqbal Ağazadə Aydın Cana o yazını yazdırmışdı. Onlara da komanda verilmişdi ki, gedin dəstəkləyin”.
“Onlar gördülər ki, məqamdı və düşündülər ki, bütün hamı üstümüzə gəlir, vurmağın tam vaxtıdır”, deyə mövqelərini itirəcəyindən qorxduğunu aşkar şəkildə büruzə edən AXCP funksioneri bildirib: “Müsavat elə bildi ki, yenə dirilib qabağa keçəcək. Əslində, belə hadisələr təkrarlanacaq. Hardasa nəsə yazılsa, yenə onlar iştirak edəcək”.
İllərin qarşıdurmaları boğazdan yuxarı “milli demokratların” siyasi məhvi olacaq
Beləliklə, AXCP-nin təhqir kampaniyasına keçməsinin əsas tərəfi bəllidir – müsavatçıların fəallaşmasının qarşısının alınması və bunun üçün Əli Kərimlinin “söyüş və təhqir maşınının” işə salınması. Amma söz yox ki, bu gün müsavatçıların sosial şəbəkə trollarının başında Mustafa Hacıbəylinin dayandığını da nəzərə alarsaq, bu xəmirin hələ çox su aparacağını bəri başdan agah etmək mümkündür.
Baş verənlər isə ənənəvi savaşın ardı və qaragüruh müxalifətin bariz “simasıdır”. Yenə də çayxana söz-söhbətləri, yenə də küçə və tin söyüşləri necə deyərlər, biri bir qəpikdən havada uçuşmağa başlayıb. Belə savaşların isə qalibi olmur, əksinə hər iki tərəf ağır, rüsvayçı məğlubiyyətlərə doğru sürətlə irəliləməkdədirlər.
Daha dəqiq desək, yarandığı gündən yalnız aşırı radikal düşərgənin inhisarı uğrunda mübarizə ilə yadda qalan, şəxsi maraqların vasitəçisinə çevrilən fikir ayrılığı artıq tam aydınlığa qovuşduğu üçün keçmiş "müttəfiqlər" bu cür açıq savaşa başlamaq məcburiyyətindədirlər. Çünki hansısa əməkdaşlıq nağılı artıq partiya üzvlərinə belə inandırıcı görünmür. Mübarizə o qədər açıq müstəvidə gedir ki, A.Hacılı ilə Ə.Kərimlinin bir-birilərinə qarşı apardıqları kampaniya sıravi partiya üzvləri tərəfindən də, hiss edilir ki, özünü sosial şəbəkələrdə tam çılpaqlığı ilə sərgiləməkdədir.
Yeri gəlmişkən, sonda AXCP-nin Rəyasət Heyətinin “zoom” iclasında Əli Kərimlinin də yer alması və hələ də ona ünvanlanan bir sualın cavabsız qalması ilə nəticələnib. 16-17 gündür ki, özünün “internet blokadasında” olduğunu car çəkən partiya sədri istər partiyasının, istərsə də “Milli Şura”nın iclaslarına necə və hansı üsullarla qatılır? Düzdür, iz bu sualın cavabını eşidə bilməyəcəyik, çünki cavab elə sualın özündədir...
Müsavatçıların hədəfə alınmasına gəlincə isə, bu məsələnin səsinin yaman bərk çıxacağını da proqnoz edə bilərik. Çox yəqin ki, illərin qarşıdurmaları boğazdan yuxarı “milli demokratların” siyasi məhvi olacaq.
Rövşən RƏSULOV
SİA.AZ