Haradaydınız, Şeyx? - 20 Yanvar sabahı və 30 il sonra 14 iyul fərqi...
18-07-2020, 15:29

1990-cı il. 20 Yanvar gecəsi yaşanan qanlı hadisələrin ertəsi. Yüzlərlə şəhidimiz var. Xalq ayaq üstədir.
Milyonlarla qəzəbli azərbaycanlının qarşısına çıxanlardan biri də Qafqazın Şeyxi Allahşükür Paşazadədir. Tarixi fotonu təqdim edirik:
Və 30 il keçib. Azərbaycan xalqı yenə şəhid verib, ilk dəfə generalını döyüşdə itirib, yenə millət meydana toplaşıb, 20 Yanvarda şəhid verdiyi oğulların uyuduğu Şəhidlər Xiyabanına doğru yürüş edib, di gəl A.Paşazadə yoxdur...
Şeyx xatirələrinin birində qeyd edir ki, o dövrdə Primakov (SSRİ Ali Soveti İttifaq sovetinin sədri, sovet ordusunun törətdiyi 20 Yanvar cinayətinin həmmüəllifi ) ona hakimiyyəti ələ keçirməyi, rəhbər olmağı təklif edib.

Bu niyyət və məramın arxasında sonra Moskvanın hansı planının dayandığını indi söyləmək çətindir.
Lakin Primakov yaxşı bilirdi ki, A.Paşazadənin respublikada çox böyük hörməti, nüfuzu var, kütlələr tərəfindən qəbul olunur.
“Mənim 2 rükət namazım sizin təklif etdiyiniz hakimiyyətdən qat–qat üstündür! Mən Buxaradakı Mir-Ərəb mədrəsəsinə daxil olmuşam, Moskvadakı Ali Komsomol məktəbinə yox!” - Şeyx Primakovun üzünə söyləyir.
Anaxeber.info yazır ki, bu gün də Azərbaycan cəmiyyətində Qafqazın Şeyxinə böyük ehtiram, rəğbət var.
Amma 14 iyul gecəsi Şəhidlər Xiyabanına Tovuzdakı şəhidləri uğrunda yürüş edən, Qarabağ üçün ayağa qalxan minlərlə vətənpərvərin nə içində, nə qarşısında Şeyxülislamı gördük.
80-ci illərin sonunda, 90-cı illərin əvvəllərindəki hərəkatlarda, meydanlarda millətin qabağına çıxan A.Paşazadə gecə 4-ə qədər Milli Məclisin qarşısından dağılışmayan millətin önünə gəlmədi, çıxış etmədi.

Şeyxin heç bir siyasi qərarı, “yuxarı”ların razılığını almasına ehtiyacı yoxuydu. Onu kifayət qədər nüfuzu, sözünün çəkisi var.
O baxımdan öz şəxsi seçimi ilə Şəhidlər Xiyabanına gəlməli, orduya, dövlətə, Ali Baş Komandana dəstək ifadə edən, şəhidi üçün hayqıran toplumun qarşısında xitab eləməliydi.
Şeyxülislamı mühafizə də edəcəkdilər, ona qarşı təxribatı da zərərsizləşdirəcəkdilər, səmimi olaraq yürüşə qatılanlara fikrini də deyə biləcəkdi. Necə ki 30 il qabaq xalq şəhidlərini son mənzilə yola salanda Paşazadə millətin dərdinə şərik idi, onlarla bir yerdəydi. Bu dəfə olmadı.
Ümumiyyətlə, Tovuz hadisələrindən artıq neçə gün ötüb, nə Şeyxin bəyanatı, nə xüsusi bir açıqlaması var, nə şəhidlərin ruhuna dualar oxuyub, nə də generalımızın və polkovnikimizin dəfn mərasimində iştirak edib.
Ən azı vida mərasimində müdafiə naziri və Baş Qərargahı rəisi ilə birlikdə Şeyximizin də iştirakı labüd idi.
Əvvəla, xalqın gözü intizardadır, ikincisi, şəhidlərin ailələri belə ağır gündə cəmiyyətdə sanbalı olan, xətri-izzətli adamlardan diqqət gözləyirlər.
Biz qətiyyən o düşüncədə deyilik ki, Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri biganədir, şəhidlərə hörmətsizlik edir, baş verənlər onu maraqlandırmır...qəti şəkildə!
Sadəcə, fakt faktlığında qalır - QMİ sədri 14 iyul gecəsi meydana gəlmədi, şəhidlərin dəfnində iştirak etmədi. Səbəbini biz bilmirik, bilmək istəyirik, haradaydınız və haradasınız, Şeyx?
