Qarabağ istiqamətində antiterror əməliyyatına başlamağın vaxtı çatıb... - Əks halda...

21-07-2020, 09:37           
Qarabağ istiqamətində antiterror əməliyyatına başlamağın vaxtı çatıb... - Əks halda...
İşğalçı Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi provokasiya Dağlıq Qarabağ konflikti ətrafında yeni situasiya yaradıb, dinc danışıqların perspektivini sarsıdıb. Aydındır ki, son təxribatın ardınca ATƏT-in Minsk Qrupu çərçivəsində pozitiv nəticəyə hesablanmış nizamlama prosesindən danışmağa dəymir. Azərbaycan prezidenti İlham Əliyevin yeni XİN rəhbəri Ceyhun Bayramova verdiyi tövsiyələrdə də bu məqama xüsusi vurğu salınıb: rəsmi Bakı danışıq xətrinə danışığa getmək niyyətində deyil.

Bu yerdə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla razılaşmamaq çətindir: “Birdəfəlik anlamaq lazımdır ki, nə kimsə gəlib bizim yerimizə torpaqları geri alacaq, nə də xeyrimizə nəsə edəcək. Belə bir şey olsaydı, 30 il ərzində olardı. Biz müharibə şəraitində olan ölkəyik və verəcəyimiz yeganə cavab torpqalarımızı hərbi yolla geri almaqdır”.

Bəs bundam sonra Qarabağ danışıqlarının aqibəti necə olacaq, dinc nizamlama prosesi qeyri-müəyyən vaxtadək dayana bilərmi?

“Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bu gün də yeni torpaqlar iddiası ilə çıxış edən bir ölkə ilə danışıqlar masasına oturmaq boş və mənasızdır”.

Bunu Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib. O vurğulayıb ki, hazırkı vəziyyətdə Ermənistana veriləcək ən layiqli cavab Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq olar: “Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyanın ”Hərbi fəaliyyətlər istənilən an Qarabağa keçə bilər" sözləri ermənilərin hər zaman gözlədiyi bir ssenaridir. Daha doğrusu, reallıqdır. Təsadüfi deyil ki, Tovuz istiqamətində gedən döyüşlərin bir səbəbi də münaqişəni Qarabağ kontekstindən çıxarmaq, həmin ərazini Azərbaycanın hərbi əməliyyat trayektoriyasından kənarda tutmaqdır. Lakin bir reallıq var ki, Azərbaycan işğalçı ilə bundan sonra asanlıqla danışıqlar masasına oturmayacaq və ən əsası da hər an münaqişəni lokal müstəvidə Qarabağ cəbhəsinə keçirə bilər".

Analitik hesab edir ki, Ermənistan təxribatının qarşısını almaq üçün ona hərbi təzyiqləri artırmaq lazımdır: “Öncə onu deyim ki, bu gün ölkədə böyük bir döyüş ab-havası var. Hər kəs, içi mən daxil olmaqla, müharibənin tərəfindəyik. Lakin yekun qərar yenə Ali Baş Komandanındır və bu əmri gözləyirik. Şübhəsiz, Tovuz istiqamətində davam edən erməni təxribatının qarşısını bir yolla almaq olar. Qarabağ cəbhəsində təzyiqi artırıb, əks hücum əməliyyatı ilə Ermənistanı Tovuz istiqamətindən uzaq tutmaq olar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Tovuzu istənilən halda müdafiə etmək imkanlarına sahibdir. Lakin Ermənistan həm Tovuz istiqamətində təxribat edib, eyni zamanda Dağlıq Qarabağı müdafiə edə bilməz. Düşünürəm, ordumuzun eyni anda həm Ermənistan-Azərbaycan dövlət sərhədində, həm Qarabağ cəbhəsində, həm də Naxçıvan istiqamətində müharibə etmək və düşmən təxribatına cavab vermək imkanları var”.

“Ermənistanın baş naziri Nikol Paşinyan özü üçün çox sayda problem yaradıb”. Bu sözləri isə politoloq Elxan Şahinoğlu söyləyib.

“Birincisi, koronavirusa qarşı uğursuz mübarizə, ikincisi, Paşinyanın əsas rəqibi həbsxanadan azad ediləndən sonra müxalifət ona qarşı qruplaşmağa başlayıb və son olaraq Azərbaycana qarşı təxribat törədərək özünə başqa bir problem yaratdı. Çünki Azərbaycan Ordusu bu təcavüzü cavabsız qoymadı”, - deyə o qeyd edib.

Politoloqa görə, Qarabağ istiqamətində antiterror əməliyyatına başlamağın vaxtı çatıb: “Prezidentin özü də hökumətin iclasında çıxış edərək danışıqların heç bir nəticə vermədiyini söylədi. Xarici işlər nazirləri arasında iki uğursuz onlayn konfrans keçirilib. Onlar, ümumiyyətlə, nəyə lazım idi? Orada niyə koronavirusla mübarizə məsələsi müzakirə edilib?”

Bununla yanaşı, ekspert bütün bu müddətdə Dağlıq Qarabağ probleminin həll olunmadığını vurğulayıb. “Nikol Paşinyan işğal olunmuş Şuşanı ziyarət edir və orada qondarma andiçmə mərasimi keçirir. Bunlar hamısı təxribatlardır. Ümid edirəm ki, Azərbaycanın yeni naziri erməni həmkarı və ATƏT-in Minsk Qrupu həmsədrləri ilə sərt danışıqlar prosesinə başlayacaq” - politoloq söyləyib.

Sözsüz ki, məsələdə əsas söz sahibi Minsk Qrupunun iki həmsədr ölkəsi - ABŞ və Fransa yox, üçüncü həmsədr - Rusiyadır. Çünki Moskva işğalçı Ermənistana bu gün də güclü təsir rıçaqlarına malikdir. Əfsus ki, Rusiya bu rıçaqları hərəkətə gətirməyə tələsmir. Rəsmi Moskvanın sərhəddəki son hərbi toqquşmaya verdiyi reaksiyadan hasil olan qənaət həm də budur - hərçənd verilən bəyanatlarda Kremlin narahatlığı ifadə olunur. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yaşanan gərginliklə bağlı əndişə Rusiya Təhlükəsizlik Şurasının toplantısında da özünü göstərib, Moskva vasitəçiliyə hazır olduğunu bildirib.

Lakin bu vasitəçilik 27 ildə heç bir nəticə verməyibsə, bundan sonra verə bilərmi? Şimal qonşumuz, nəhayət, problemə yanaşmasını pozitivə dəyişəcəkmi?

“Əgər ruslar Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatdırlarsa, öz əlaltıları olan erməniləri qapımızdan geri çəksinlər”.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bu qənaətdədir (Teleqaraf.com). “Rusiya bu prosesdə nəinki görünmür, hətta nümayiş etdirir ki, erməniləri geri çəkilməməyə sövq edir. İstisna etmirəm ki, bütün bu məsələlərin arxasında Rusiyanın özü dayanıb. Onlar gözləyirdilər ki, Azərbaycan ağır silahlardan - qradlardan, smerçlərdən istifadə etsin. Onlar da bundan bəhanə kimi istifadə edərək bizim Tovuzdan keçən boru xətlərini vursunlar. Məqsəd budur. Biz ağır silahlardan istifadə etmirik. Əslində heç erməni tərəfində ağır silahlarla vurulası bir şey də yoxdur. Üstəlik, ermənilərə bəhanə də vermək istəmirik”, - deyə politoloq bildirib.

R.Musabəyov bir daha Ermənistanın Rusiyanın forpostu olduğunu xatırladıb və bildirib ki, Kreml istəsə, işğalçını qapımızdan çəkə bilər.

Politoloq Rusiya Təhlükəsizlik Şurasının iclasının keçirilməsinin və bunun publik olaraq nümayiş etdirilməsinin səbəblərini də açıqlayıb: “Onların məqsədləri var. Düşünürəm ki, məqsədlərini müzakirə edirlər, yəni bu cür olsa nə olar, elə olsa nə olar. Anlayırlar ki, ermənilərin bizim beynəlxalq infrastrukturumuza qəsdi cavabsız qalmayacaq. Türkiyə də açıq elan edib ki, buna yol verməyəcək. Güman edirəm ki, Türkiyənin arxasında ABŞ və İngiltərə durub. İndi hansısa bir işə başlayıblar, bunun riskləri də böyükdür və indi toplaşıb götür-qoy edirlər”.

Prosesin necə başa çatacağına gəldikdə, Musabəyova görə, baş verənlər bizim ssenarimiz deyil: “Gərginliyi Azərbaycan yaratmayıb. Heç zaman konfliktə düşmənin və ona dəstək verən xarici qüvvələrin ssenarisi ilə getmək olmaz. Orada gərginlik dondurulmalıdır. Amma Azərbaycanın öz planları var. Düşünürəm ki, bu planlar ciddi şəkildə götür-qoy edilərək, strateji müttəfiqimiz olan Türkiyə ilə müzakirə edilib həyata keçirilməlidir”.

Rusiya Təhlükəsizlik Şurasının toplantısı ilə paralel olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Azərbaycanı dəstəkləyən bəyanat səsləndirməsinə gəldikdə, siyasi şərhçi deyib ki, bu iki mövqe arasında bağlantı var: “Düşünürəm ki, prezident Ərdoğanın dedikləri, sadəcə, söz deyil. Təsəvvür edin ki, 2-3 türk təyyarəsi silahları və mütəxəssisləri ilə Gəncəyə ensə, bu, bir çoxlarını ağla gətirməyə kifayət edər. Türklər Suriya və Liviyada nümayiş etdiriblər ki, düşməni yerinə oturtmağa qadirdirlər”.

Yuxarıdakı şərh və rəylərdən hasil olan qənaət odur ki, Qarabağa dair sülh danışıqları tezliklə bərpa olunmayacaq. Şübhə yox ki, son olayların ardınca Azərbaycan nizamlama ilə bağlı mövqeyini daha sərt, daha prinsipial şəkildə ortaya qoyacaq. Niyə də olmasın? Tovuz təxribatı işğalçı Ermənistanın beynəlxalq aləmdə faktiki, təklənməsi ilə nəticələnib. Heç bir nüfuzlu beynəlxalq qurum, heç bir dövlət, hətta İrəvanın əsas hərbi-siyasi müttəfiqi sayılan Rusiya təcavüzkar tərəfi müdafiə edən mövqe sərgiləməyib. Demək, düşmənin ödəməli olacağı daha böyük bədəl qabaqdadır. Müharibə hələ bitməyib...
"Yeni Müsavat"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.