Serbiya və Gürcüstan Azərbaycana necə xəyanət etdilər - Bakıdan sərt reaksiyalar

21-07-2020, 09:43           
Serbiya və Gürcüstan Azərbaycana necə xəyanət etdilər -
İyulun 12-16-sı aralığında ermənilərin təxribatlarından sonra Tovuz rayonu istiqamətində gedən döyüşlərlə bağlı şok faktlar meydana çıxıb. Məlum olub ki, təcavüz əməliyyatından bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Özü də həmin sursat quru yol ilə Gürcüstan üzərindən Ermənistana keçirilib.

Bu azmış kimi, sosial şəbəkələrdə bu ərəfələrdə Gürcüstan üzərindən Ermənistana “KamAZ” avtomobilləri ilə Rusiyadan digər hərbi ləvazimatlar, o cümlədən minaatanlar və “Qrad” qurğuları üçün launçerlərin daşındığı haqda məlumatlar yayılıb.

Rusiya heç kəsi təəccübləndirmir. Çünki bu dövlət daim təcavüzkar Ermənistanın yanında yer alıb. Amma Gürcüstan və Serbiya Azərbaycanın dost, yaxın tərəfdaş hesab etdiyi ölkələrdir. Serbiyanın nəyə görə Ermənistanı hərbi sursatla təchiz etdiyi, Gürcüstanın nə üçün Azərbaycana qarşı bu cür “xain” hərəkətə yol verdiyi ciddi suallar doğurur. Çox uzağa getməyək. İki ay öncə Azərbaycan Serbiyaya koronavirus pandemiyası ilə mübarizə üçün humanitar yardım göndərmişdi. Bu ölkənin baş naziri Ana Brnabiç yardımı Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirmiş, hətta Azərbaycanın 2014-cü ilin daşqınından sonra Serbiyaya ilk yardım edən ölkə olduğunu bildirmişdi. Digər tərəfdən, Azərbaycan Kosovanın müstəqilliyini tanımır və Serbiyanın ərazi bütövlüyününə dəstəyini hər zaman tam şəkildə ifadə edir. Bunun qarşılığında Serbiyanın davranışına bir ad tapmaq mümkün deyil.

Gürcüstanın da davranışı başadüşülən deyil. Bu ölkə öz ərazisindən Ermənistana hərbi yüklərin daşınmasının qadağan edilməsinə dair illər əvvəl qərar qəbul edib. Bəs Gürcüstan hökuməti Ermənistana hərbi yüklərin daşınmasına icazə vermirsə, Serbiyadan göndərilən sursat üçün niyə bu məhdudiyyəti tətbiq etməyib?

Gürcüstan 2008-ci ilin avqust müharibəsini unudubmu? Azərbaycanın bu ölkəyə necə dəstək verdiyi, hətta riskli sayıla biləcək yardımlar göstərdiyi hər kəsə bəllidir. Təkcə bu məlum faktı qeydə etmək kifayət edər ki, Rusiyadan gələn elektrik və qaz xətləri diversiya nəticəsində partladılanda, Gürcüstan əhalisi donmaq təhlükəsi qarşısında qalanda məhz Azərbaycan öz əhalisinə verməli olduğu qazın həcmini azaldaraq onu qonşu ölkəyə yönəltmişdi.

Bundan əlavə, Ermənistan rəhbərliyi nəinki Gürcüstanın ərazi bütövlüyünü tanımır, hətta Rusiyanın bu ölkənin ərazisində yaratdığı qondarma Cənubi Osetiya və Abxaziya kimi separatçı respublikaların liderləri ilə belə görüşür.

Belə bir vəziyyətdə Azərbaycanın xarici siyasətinə yenidən baxmasının vacibliyi vurğulanır.

İyulun 20-də Serbiyanın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç XİN-ə çağırılıb və nazirin müavini Xələf Xələfovla görüş keçirilib.

Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüşdə X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah sursatın göndərildiyini qarşı tərəfə bildirib.

O, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minomyotlardan istifadə etdiyini, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqelərinin artilleriya və minomyot atəşlərinə məruz qaldığını, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 10 hərbi qulluqçusunun, o cümlədən bir nəfər sərhəd kəndinin sakininin həlak olduğunu qeyd edib.

Nazir müavini Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu, bu xüsusda, 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalandığını Serbiya müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb.

Həmin sənədlərdə Azərbaycan və Serbiyanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığı qeyd olunub. Serbiya tərəfinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin tərəfdarı olduğu təsdiq olunub.

Nazir müavini xatırladıb ki, strateji tərəfdaşlıq sənədinə əsasən tərəflər sülhə və sabitliyə təhlükə zamanı adekvat reaksiya vermək məqsədilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı prioritet istiqamətlər kimi müəyyən ediblər.

X.Xələfov bildirib ki, Azərbaycan Respublikası iki ölkə arasında strateji tərəfdaşlığa sadiq qalaraq çətin vaxtlarda dost Serbiyaya həmişə yardım əlini uzadır və bu, Serbiya rəhbərliyi tərəfindən dəfələrlə minnətdarlıqla qeyd edilib. O bildirib ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyünə dəstək məsələsində də hər zaman ardıcıl mövqe nümayiş etdirib.
Nazir müavini, Ermənistana silah göndərilməsi məsələsinin hər zaman, o cümlədən də ikitərəfli əlaqələrimizin gündəliyində duran həssas bir mövzu olduğunu vurğulayıb.

Bu xüsusda Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib. X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb.

Nazir müavini Azərbaycan tərəfinin Ermənistanın Cənubi Qafqaz istiqamətində vəziyyətin destabilizasiyasına səbəb olan, regiondakı təhlükəsizlik və sabitliyə xələl gətirən hərbi təxribatının məkrli dərin qatlı məqsədlərinə işarə edərək, Serbiya Respublikasından izahat və bu cür hərəkətlərə gətirib çıxaran səbəblərin aradan qaldırılmasını gözlədiyini bildirib.

Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib, baş vermiş bu hadisələrdən təəssüf hissi keçirdiyini və bu hadisələrin Serbiya-Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu qeyd edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dedi ki, xəbər təsdiqini tapıbsa, Azərbaycanın Serbiya və Gürcüstanla münasibətlərə yenidən baxmaq zərurəti yaranacaq: “Əlbəttə, Serbiyadan açıqlama verə bilərlər ki, necə ki, Azərbaycan istədiyi ölkədən silah və hərbi texnika ala bilir, Belqradın da Ermənistana minaatanlar satmaq hüququ var. Bəli, belə bir hüququ var, ancaq onda da bizim Serbiya ilə əməkdaşlığa yenidən baxmaq hüququmuz var. Belqrad düşmənimizə silah satacaqsa, biz niyə bu ölkəyə yatırım qoymalı və ortaq layihələr reallaşdırmalıyıq? Doğrudur, Belqrad bizə onu da deyə bilər ki, bəs Rusiya da Ermənistana silah və hərbi texnika verir, nədən Bakı Moskva ilə münasibətlərə göz gəzdirmir? Rusiya əzəldən Ermənistanın siyasi və hərbi müttəfiqidir, bunu bilirik. Elə buna görə də Azərbaycan cəmiyyətində Kremlin regional siyasətinə inam yoxdur. Serbiya ikinci Rusiya olmaq istəyirsə, uduzan Belqrad olacaq. Gürcüstana gəldikdə, bu ölkə son sınaqdan üzüağ çıxmadı. Gürcüstan hakimiyyətinin Ermənistanla Azərbaycan arasındakı son insidentə göstərdiyi ”balanslı" mövqeyi heç zaman unutmayacağıq. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hər zaman Azərbaycanla strateji əməkdaşlığa önəm verirdi, etiraf edirdi ki, Rusiya ilə 2008-ci ildəki müharibədən sonra Azərbaycanın Gürcüstana iqtisadi dəstəyi olmasaydı, ölkəsi çökərdi. Əgər Gürcüstanın hazırkı hakimiyyəti üçün Azərbaycanla Ermənistanın fərqi yoxdursa, demək, biz onlara bu fərqi hiss etdirməli olacağıq. Əlbəttə, Gürcüstan üzərindən boru xətləri və dəmir yolları çəkilib, geriyə yol yoxdur, ancaq korrektə olunası başqa sahələr var".

Siyasi şərhçi Elçin Mirzəbəyli məsələyə geniş rakursdan yanaşır: “Ermənistanın sərhəd təxribatını öncədən planlaşdırdığı, bu təxribatın hazırlanmasında və həyata keçirilməsində üçüncü tərəf, yaxud tərəflərin də olduğunu təsdiqləmək üçün əlavə faktlara ehtiyac da yoxdur. Hər şey gözlə görüləcək qədər açıq və birmənalıdır. Belə klassik təxribat üsullarından yaxın tarixdə postsovet məkanında bir neçə ölkədə, o cümlədən ən ağır günlərində dəstək verdiyimiz, qarşılığında isə xəyanət gördüyümüz Gürcüstanda da istifadə olunub. Hazırda Gürcüstanda hakimiyyətdə olan ”Gürcü arzusu"ndan, əslində Azərbaycanın maraqlarına uyğun hər hansı bir addımın atıla biləcəyini gözləmək, düşünürəm ki, sadəlövhlük olardı. “Gürcü arzusu” regionda güclü Azərbaycan görmək istəmir, onların prioritetləri, hədəfləri bəllidir. Bu hədəf Qafqazda canişinliyin mərkəzi statusunu bərpa etməkdən, Tiflisi imperiya maraqlarının regional idarəçilik mərkəzinə çevirməkdən ibarətdir. Nərimanova qarşı körüklənən nifrət də elə buradan qaynaqlanır. Çünki vaxtilə Nərimanovun səyləri nəticəsində Gürcüstanın çar dövründən sonrakı zaman kəsiyində də canişinlik mərkəzi funksiyasını davamlı olaraq yerinə yetirmək məqsədi baş tutmayıb. 1922-ci il dekabrın 13-də Zaqafqaziya şuralarının Bakıda keçirilən qurultayında Azərbaycan Zaqafqaziya Sosialist Federativ Respublikasının (ZSFSR) tərkibinə öz dövlət müstəqilliyini qorumaq şərti ilə qəbul olunub və Nərimanovun ZSFSR İttifaq Sovetinin 1-ci sədri olanda da, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən olan 1-ci sədri statusunu daşıyanda da gürcülər öz niyyətlərini həyata keçirə bilməyiblər.

Nərimanovun vəfatından sonra isə ZSFSR, təxminən Rusiya-Belarus İttifaqı kimi heç bir əhəmiyyəti olmayan quruma çevrilib, 1936-cı ildə isə ləğv edilib. Hesab edirəm ki, gürcülər həmin dövrlərin nostalijik təəssüratları altında Azərbaycana qarşı həyata keçirilən təxribat kampaniyalarının iştirakçısına çevriləndə ZSFSR-in tərkibində Azərbaycan, Ermənistan və Gürcüstanla bərabər dördüncü dövlətin - Abxaziya Respublikasının da olduğunu xatırlasalar, pis olmaz. Hansı ki, 1931-ci ilədək suveren respublika statusunu daşıyıb və hansı ki, yenidən Gürcüstandan qopardılanda ermənilər yüzlərlə gürcünü amansızlıqla qətlə yetiriblər. Düşünürəm ki, əgər Gürcüstanın Azərbaycana qarşı təxribatda iştirakı təsdiqlənərsə, o zaman bu məsələyə təkcə rəsmi Bakı deyil, həmçinin Türkiyə və regionda həyata keçirilən enerji layihələrinin iştirakçısı ola digər dövlətlər də münasibətlərini bildirməli, “Gürcü arzusu”nun arzusunu gözündə qoymalıdırlar. Çünki bu təxribat Azərbaycan və Türkiyə ilə yanaşı Avropa İttifaqının və müttəfiqlərinin maraqlarını hədəfə alıb. Amma bu məsələnin ciddi şəkildə araşdırılmasının vacib olduğunu düşünürəm. Çünki təxribat ikiqat və hətta üçqat xarakter daşıya, məqsədyönlü şəkildə Azərbaycan-Gürcüstan münasibətlərini gərginləşdirmək üçün həyata keçirilə bilər. Serbiya ilə bağlı məsələyə də eyni rakursdan yanaşıram. Baş verənlər ciddi şəkildə araşdırılmalıdır. Hesab edirəm ki, Azərbaycan dövləti bütün suallara cavab tapmaq və cavab vermək iqtidarındadır".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.