Siyasi təlxəyin fantaziyası tükənmir: Nikolun xilas üçün son cəhdləri...

4-11-2020, 08:56           
Siyasi təlxəyin fantaziyası tükənmir:
Sentyabrın 27-dən onu tez-tez qışqırıb-bağıran, məntiqsiz ittihamlar irəli sürən vəziyyətdə görürük. Gah hansısa “suriyalı yaraqlılardan” danışır, gah “yadplanetlilərin Qarabağ müharibəsində iştirakına” bənzər iddialar səsləndirir, gah Rusiyanı təhdid edir, ardınca Moskvadan kömək istəyir, gah İsraili günahlandırır, sonra da üzr istəyir.

Onun adı Nikol Paşinyandır və XXI əsrdə beynəlxalq ictimaiyyət bu qədər yalan danışan siyasətçi görməyib.

Nikolun iddiaları:

– Türkiyə müharibədə tərəf kimi iştirak edir;
– Yaxın Şərqdən yaraqlılar hərbi əməliyyatlara cəlb olunub;
– Türkiyə təyyarələri Qarabağın səmasında uçur;
– Ballistik raketlərlə Ermənistan ərazisi atəşə tutur;

Gah xarici mediaya müsahibəsində, gah Feysbuk üzərindən çıxışlarında bu iddialar durmadan təkrarlayır, hətta yalvararaq minnətçi düşdüyü başqa ölkələrin liderləri ilə danışıqlarında bunu dilə gətirir. Lakin bütün bu iddialara, ittihamlara heç bir arqument gətirə bilmir, sadəcə danışır, danışır, cəbhədə məğlub olduqca yalan fantaziyasını daha çox inkişaf etdirir.

Nikolun yalanlarının bir neçə hədəfə hesablanmış səbəbləri var:

Birincisi: işğalçı ölkə cəbhədə məğlub olur, illərdir uydurduqları “güclü ordu” mifi darmadağın edilib, “taktiki geriçəkilmə” dedikləri qaçış getdikcə sürətlənir. Artıq məğlub olduğunu anlayan Nikol erməni ictimaiyyəti qarşısında indidən “sona qədər döyüşdük, amma qarşımızdakı Azərbaycan yox, Türkiyə idi, ona görə mğlub olduq”bəhanəsini hazırlayır.

İkincisi: beynəlxalq ictimaiyyətdə Azərbaycan və Türkiyə haqqında mənfi rəy yaratmaq, bölgədə “terrorçuların” olduğunu göstərərək, başqa ölkələrin müdaxiləsinə səbəb yaratmaq.

Üçüncüsü: NATO ölkəsi olan Türkiyə haqqında belə uydurmalarla beynəlxalq ictimaiyyəti Ankaraya qarşı nəsə etməsinə nail olmaq.

Dördüncüsü: region ölkələrini – İran və Rusiyanı hərbi əməliyyatlara müdaxilə etməyə sövq etmək.

Halbuki, Nikol anlamır, anlamaq istəmir ki, indi orta əsrlər deyil, XXI yüzillikdir və istənilən ölkə hərbi-texniki imkanları çərçivəsində döyüş meydanında nə baş verdiyini asanlıqla müəyyənləşdirə bilər.

Əslində onun bu iddialarına heç bir ciddi reaksiyanın verilməməsinin səbəbi də budur: müraciət etdikləri ölkələr gerçəyin nə olduğunu bilirlər.

Ermənistan rəhbərliyinin fantaziyası isə tükənmək bilmir. Nikolun bir yerlərindən uydurduğu növbəti iddiasına diqqət edək: bu gün Vyanada terror aktı baş verdi, erməni baş nazir dərhal bunu Azərbaycana qarşı istifadə etməyə çalışdı. Ki, guya Vyanadakı terrorla Qarabağ müharibəsi arasında nəsə əlaqə var.

Yaxud Rossiya-1 kanalına müsahibəsində, Dağıstanda baş vermiş hansısa hadisəni terror adlandırır və Azərbaycanda “suriyalı yaraqlıların” olduğunu iddia edir, bu iki məsələni primitiv məntiqlə bir-birinə bağlayır, bu məntiqini orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır.

Bununla Rusiyaya hansısa “terror təhlükəsi” mesajını vermək istəyir, eyni mesajı İrana da ötürür. Bu azmş kimi İsraili şeytanla əməkdaşlıqda ittiham edir.

“The Jerusalim Post” nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir.

Təsəvvür edin: İsraili terrora dəstəkdə ittiham edir, növbəti cümləsində Bakı və Ankaranın yəhudi dövlətinə qarşı “təhlükəli ittifaqı”ndan danışır.

Nikol hesab edir ki, hakimiyyətə gələndə Koçaryan-Sarkisyan xuntasından bezən erməni xalqını aldatdığı populist vədləri, çıxışları ilə beynəlxalq itimaiyyəti, dünya liderlərini də aldada bilər. Artıq qapısını döydüyü, hər gün uydurmaları ilə bezdirdiyi ölkələr və beynəlxalq ictimaiyyət Paşinyana siyasi təlxək kimi baxır.

Dünya da anlayır ki, canlı qüvvəsi, hərbi texnikası, maliyyə imkanları ilə Ermənistandan dəfələrlə güclü olan Azərbaycanın nə başqa ölkənin birbaşa dəstəyinə, nə də hansısa yaraqlılara ehtiyacı yoxdur. Paşinyanın dedikləri də siyasi təlxəyin uydurmaları kimi qəbul olunur.

Hər kəsdə günah axtaran Paşinyan anlamır ki, ən böyük günahkar özü, rəhbərlik etdiyi hakimiyyət və dövlətinin işğalçılıq siyasətidir. O, dəfələrlə Azərbaycanın təkliflərini qulaq ardına vuranda, ölkəmizə qarşı saymazyana münasibət, təhqiramiz davranış sərgiləyəndə, 27 il ərzində danışıqlar prosesində əldə olunmuş müsbət dinamikanın üzərindən xətt çəkəndə bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməliydi.

Düşünmədi, anlamadı və bunun acı nəticəsini görür.Uydurduğu yalanlar isə onun son çırpınışlarından başqa bir şey deyil. publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.