ABŞ seçkilərində səslər sayılmaqdadır, səsvermənin qalibi qeyri-aydın qalır

4-11-2020, 19:59           
ABŞ seçkilərində səslər sayılmaqdadır, səsvermənin qalibi qeyri-aydın qalır
Bir sıra həlledici ştatlada səslərin sayılması davam etdikcə ABŞ prezident seçkilərinin qalibi çərşənbə günü qeyri-müəyyən qalır. Qeyri-müəyyənliyə rəvac verən başlıca amillərdən biri koronavirus pandemiyası ilə əlaqədar çox sayda adamın poçtla səs verməsi olub.

ABŞ Prezidenti Donald Tramp və onun Demokrat rəqibi Co Bayden səsvermənin taleyinin bir neçə ştatdakı nəticələrdən asılı olduğu bir məqamda qızğın rəqabət aparırlar.

Səsvermənin bitməsindən bir neçə saat sonra hər iki namizəd bəyanatlarla çıxış edərək tərəfdarlarına müraciət edib.

Ağ Evdə gecə saat 2:15 radələrində tərəfdarları qarşısında çıxış edən Donald Tramp bir sıra həlledici ştatlarda qələbə çaldığını elan edib və seçki prosesinin məhkəməyə sürüklənməsindən narazılığını ifadə edib.

“Bizə milyonlar və milyonlarla adam səs verib,” deyə Tramp “bir qrup adam”ı səslərin düzgün hesablanmasının qarşısını almaq cəhdində günahlandırıb.

“Biz böyük bir şənliyə hazırlaşırdıq. Biz hər şeyi udurduq. Və qəfildən o dayandırıldı,” Tramp bildirib.

“Sözün açığı, biz bu seçkiləri udmuşuq,” Tramp əlavə edib.

Prezident Trampdan bir qədər öncə çıxış edən prezidentliyə Demokrat namizəd Co Bayden isə öz növbəsində səsvermə ilə bağlı nikbinliyini ifadə edib.

“İnamınızı saxlayın, biz bunu udacağıq,” deyə Bayden Delaver ştatındakı Vilminqton şəhərində tərəfdarları qarşısında bəyan edib.

Rəqabətin qızğın keçdiyi bir sıra ştatlarda səs baxımdan Trampdan geridə qalan Bayden eyni zamanda xəbərdarlıq edib. “Biz səbrli olmalıyıq,” o bildirib.

Səslərin sayılmasının bəzi ştatlarda çərşənbə günü səhər saatlarınadək davam edəcəyi gözlənilir.

Əsas diqqət rəqabətin qızğın keçdiyi Pennsilvaniya, Corciya, Şimali Karolina, Miçiqan və Viskonsin ştatlarına yönəlib.amerikaninsesi/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.