"İzvestiya": Rusiya Bakı və İrəvanı ultimatumdan imtina etməyə çağırdı

6-11-2020, 22:10           
"İzvestiya": Rusiya Bakı və İrəvanı ultimatumdan imtina etməyə çağırdı
Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqların son raundundan bir həftə sonra bütün ehtimallar dağıldı. Hər iki tərəf sərhəd bölgələrini intensiv atəşə tutdu, Qarabağın “paytaxt”ı Stepanakert sıx atəşə məruz qaldı. Qondarma qurumun Prezidentinin müşaviri David Babayan “İzvestiya”ya açıqlamasında bildirib ki, hazırda Şuşa şəhərinin ərazisində qızğın döyüşlər gedir. Noyabrın 5-də Stepanakert atəşə tutuldu. Bununla belə mərkəzləşdirilmiş şəkildə şəhərdə evakuasiya planlaşdırılmır. Yalnız qadınlar, uşaqlar, qocalar və ağır xəstəlikləri olan insanlar şəhərdən evakuasiya edilib.

“Stepanakertdə və bütövlükdə “respublika”da vəziyyət gərgin olaraq qalır, son üç gündə artilleriya atəşi davam edir – deyə Babayan bildirib.

Azərbaycan parlamentindən isə “İzvestiya”ya bildirilib ki, Ermənistan tərəfi Qarabağdan kənar Goranboy, Tərtər və Ağcabədi rayonlarını atəşə tutmaqda davam edir. Milli Məclisinin (parlament) deputatı Rasim Musabəyov “İzvestiya” ya bildirib ki, Bakı Qarabağ ətrafında işğaldan azad edilmiş 4 rayonun minalardan təmizlənməsinə başlayıb. Azad olunmuş ərazilərdəki binaların əksəriyyəti dağıdılıb. Belə bir fakt: Füzuli şəhəri geri alındıqdan sonra Azərbaycan Ordusu milli bayrağını qaldırmaq üçün şəhərdə bir dənə də olsun bina tapa bilmədi. Hər şey bu qədər məhv edilib”, – deyə millət vəkili təəssüflənib.

Yeri gəlmişkən, 1994-cü ildən bəri aparılan danışıqlarda Ermənistan Qarabağın müstəqilliyi müqabilində ətraf 7 rayonun qaytarılmasını şərt kimi irəli sürürdü. Üstəlik, Laçın rayonu da humanitar dəhliz kimi Ermənistanın nəzarətində qalması söylənilirdi. 3 noyabrda Ermənistan prezidenti Armen Sarkisyan RBK televiziyasına verdiyi müsahibədə yenə də “DQR”-in statusu müqabilində ərazi təklifinin aktuallığı barədə açıqlama verdi.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev 7 rayondan artıq 4–nün işğaldan azad olunduğunu söyləyərək, bundan sonra ancaq 3 rayonun-Ağdam, Kəlbəcər və Laçının geri qaytarılmasının İrəvanla danışıqlar mövzusu ola biləcəyini deyib. “Əgər Ermənistanın Baş naziri ərazilərin qalan hissəsini azad etmək barədə öhdəlik götürürsə, bu gün dayanmağa hazırıq. İndiyə qədər belə bir öhdəlik götürülməyib”, – deyə Əliyev Azərbaycanın mövqeyini bildirib.

Rusiya Azərbaycan tərəfinin ərazi istəklərinə anlayışla yanaşır. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 29-da bildirib ki, Moskva “Qarabağ bölgəsində müəyyən bir rejimin Azərbaycan tərəfindən tanınması və bu rejimini Ermənistanla qarşılıqlı fəaliyyətinə təminat verilməsi ilə 5+2 formatında bölgənin Azərbaycana verilməsinin mümkünlüyü barədə mövqeyimiz tamamilə açıqdır”…

Bəs mütəxəssislər mövcud vəziyyəti necə dəyərləndirir? “Moskva ATƏT-in Minsk Qrupu həmsədrlərinin ilk müraciətində bildirildiyi kimi, Qarabağ münaqişəsində hər iki tərəfi ultimatum dilindən imtina etməyə və ilkin şərtlər olmadan danışıqlara keçməyə çağırır”. Bu fikirlər Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikov “İzvestiya”ya danışığından götürülüb. “Bu, danışıqlar masasına oturub bir dialoqa başlamaq üçün bir təklifdir, yəni tam olaraq Minsk Üçlüyünün çağırışıdır. Ərazi mübahisəsi hərbi metodlarla deyil, danışıqlar yolu ilə həll olunmalıdır. Prezident Əliyevin təklifi rasional görünür”, – deyə deputat əlavə edib. Siyasətçi həmçinin qeyd edib ki, Ermənistan “DQR”-in müstəqilliyini tanımaqda israrlıdır. Ona görə də problem hər iki tərəf arasındakı danışıqlar çərçivəsində və heç bir ultimativ bəyanat olmadan həll edilməlidir.

Bu arada, noyabrın 5-də Ermənistan Xarici İşlər naziri Zöhrab Mnaçakanyan iki dövlət liderlərinin – Baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevin görüşünün hələlik planlaşdırılmadığını bildirib.

Noyabrın 10-da Moskva barışığının bitməsindən bir ay keçəcək. MDB Ölkələri İnstitutunun ŞƏT-in Avrasiya İnteqrasiyası və İnkişafı şöbəsinin müdiri Vladimir Yevseyev hesab edir ki, Moskva danışıqları müəyyən uğur qazanıb. Ötən müddət ərzində Azərbaycan 30 cəsədi Ermənistana təhvil verib. Ekspert qeyd edib ki, tərəflər artıq yaralıların və meyitlərin döyüş meydanından çıxarılmasına müdaxilə etmirlər.

Politoloq Denis Denisovun fikrincə, atəşkəsin üç turunun da zəif təsiri, əsasən ATƏT-in Minsk Qrupu həmsədrlərinin digər məsələləri prioritet görmələridir. Amerika Birləşmiş Ştatları üçün əsas məsələ prezident seçkisi, Fransa üçünsə Avropadaki son terror hücumlarının ardından İslam dünyasıyla ortaya çıxan problemlərdir. “Amma Rusiya üçün Qarabağ münaqişəsinin həlli vacib sahə olaraq qalır. Baxmayaraq ki, Belarusdakı hadisələr, Qırğızıstanda davam edən siyasi böhran və Suriyadakı qarşıdurma Rusiyanın daha çox diqqət mərkəzindədir”.

Amma nəzərə alaq ki, münaqişə 27 sentyabrda alovlandığı kimi davam edir. Buna görə də Qarabağdakı münaqişənin uzanacağını proqnozlaşdırmağa dəyər. Əlbəttə ki, üçüncü ölkələr Ermənistan və Azərbaycan liderlərinə müdaxilə və birbaşa təzyiq göstərməsələr.

“İzvestiya” 6 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.