ABŞ seçkisində ikinci cəbhə: Konqresdə kimin qələbəsi Azərbaycana sərf edir?

7-11-2020, 08:24           
ABŞ seçkisində ikinci cəbhə: Konqresdə kimin qələbəsi Azərbaycana sərf edir?
Senatda və Nümayəndələr Palatasında üstünlük uğrunda yarışma da gərgin keçir; respublikaçıların zəfəri Bakı və Ankara üçün məqbul sayılır, politoloq: “ABŞ-da seçki sonrası qeyri-müəyyənlik Azərbaycan üçün əlverişlidir”
Noyabrın 3-də ABŞ təkcə prezident seçməyib. Senata və Nümayəndələr Palatasına liderlik uğrunda da iki partiya arasında yarışma gedib. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, artıq Senatda iki yerin sahibi partiya dəyişib. Amma bunu yekun nəticə kimi qiymətləndirmək olmaz.

Belə ki, Koloradoda Demokrat Con Hikenluper Respublikaçı senator Koru Qardner üzərində qələbə çalıb. Alabamada isə fərqli olub. Keçmiş futbol məşqçisi Tomi Tubervil Senatda Respublikaçılar adından mandata sahiblənib. O, Demokrat Senator Duq Consu məğlub edib. Konqresin hər iki palatasına nəzarət Prezident Donald Tramp, yaxud onun Demokrat Partiyasından rəqibi Co Bayden vəzifəyə keçəndən sonra öz siyasətini yürütməsi üçün vacib sayılır.

Son iki ildə Tramp parçalanmış Konqreslə işləməli olub. Demokratlar Nümayəndələr Palatasında çoxluğa sahibləniblər. Respublikaçılar isə Senata 53-47 səs çoxluğu ilə nəzarət edir. Hazırda respublikaçı senatorlar ümumilikdə 23 yeri qorumağa çalışırlar. Demokratlar isə Senatda 12 yeri müdafiə edirlər. ABŞ mediası demokratların səkkiz, respublikaçıların beş yeri qazandığını açıqlayıb.

Lakin nəticələr qismən açıqlanıb, yekun deyil. Yarışma isə gərgin gedir və Senat Demokratların əlinə keçə bilər. Tramp qalib gəlsə, Demokratlar Senatda dörd yerin sahibini öz tərəfinə çəkməyə çalışmalıdırlar. Sadəcə, ABŞ-da prezident seçkilərinin qalibi konkretləşmədiyi üçün Konqresin hər iki palatasına seçilənlər də tam müəyyənləşməyib.

Bizim üçün əhəmiyyət kəsb edən məqam isə hər iki palataya seçilənlərin Azərbaycan və Türkiyə ilə bağlı mövqeyinin necə olacağıdır. Bu seçkidən sonra ermənipərəstlər hansı səviyyədə təmsil olunacaq? Maraqlıdır, respublikaçıların, yoxsa demokratların Konqresdə üstünlüyü bizə sərfəlidir?

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, hazırda Senatda respublikaçılar nisbətən üstündürlər. Onun fikrincə, bu nəticəni qoruyub saxlamaq elə də asan olmayacaq. Siyasi şərhçi hesab edir ki, ABŞ Konqresində Respublikaçıların üstünlüyü bizə sərf edir. T.Abbasov “907-ci düzəlişi” xatırladaraq qeyd etdi ki, bu qətnamənin qəbul olunmasında demokratların rolu olmuşdu.

“İndi də Amerikadakı ermənilər canfəşanlıq edir ki, Bayden qalib gəlsin. Onlar çox ümid bəsləyirlər ki, Bayden təzyiq yolu ilə Qarabağ savaşında Azərbaycanın qarşısını almağa müvəffəq olacaq. Lakin əbəs cəhdlərdir. Çünki ABŞ-da prezident andiçməsi yanvarda baş tutacaq və inauqurasiyaya qədər başları qarışacaq. Bu da əlverişli imkandır. Eyni zamanda, seçkilərin nəticələri ilə bağlı məhkəməyə müraciətlər artır və respublikaçılar saxtakarlıq iddialarını ortaya qoyublar, gərginlik yaşanır. Ona görə Amerikada qeyri-müəyyən vəziyyət qalır və açığı, bizim üçün əlverişlidir. Azərbaycan haqq savaşında ona heç bir kənar təsirin, əngəlin olmamasını istəyir”, - deyə politoloq şərh verdi.

T.Abbasov qeyd etdi ki, Baydenə gəlincə, bir müddət əvvəl o, Türkiyəyə təpinmişdi və reallıqdan uzaq bəyanatlar vermişdi: “Hətta deyirdi ki, guya Türkiyəyə təzyiqlər yolu ilə gərginliyi aradan qaldıracaq.

O baxımdan respublikçılarla Azərbaycan və Türkiyə arasında münasibətlər daha praqmatik alınır. Bununla belə Nümayəndələr Palatasına və Senata yekun nəticələri gözləməliyik. Həmçinin qubernatorlar seçilir, konqresmenlər müəyyənləşir. Trampın ciddi dirənişi var və mənə elə gəlir ki, respublikaçılar ən azı Konqresdə ciddi dönüş yaradacaq".

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Demokratlar Konqresdə üstünlüyə malik olsalar, ermənipərəstlər çoxluq təşkil edəcək: “Konqresə seçkilərin nəticələri hələ hesablanır. Nümayəndələr Palatasına seçkilərdə demokratlar liderlik edirlər. Senata seçkilərdə isə bərabərlikdir. Əgər Tramp prezident seçilsə, hər iki palataya keçirilən seçkilərin nəticələrinə təsirini göstərəcək. Azərbaycan respublikaçı senatorlardan, konqresmenlərdən pislik görməyib. Bizə qarşı hər zaman ermənipərəst demokrat konqresmenlər ədalətsiz mövqedə dayanıblar. Bu aspektdən biz hər iki palatada respublikaçıların üstünlük əldə etməsini arzulamalıyıq.

Məsələn, bu ilin oktyabrında Kaliforniya ştatını təmsil edən demokrat konqresmen Qreys Napolitano ermənipərəst mövqedən çıxış edib. O, ABŞ Nümayəndələr Palatasına “DQR”in tanınması barədə qətnamə təqdim edib. Təsəvvür edin ki, demokratlar hər iki palatadan qalib olsalar, Azərbaycan və Ermənistanla bağlı hansı mövqelərin şahidi olacağıq. Ümumiyyətlə, demokrat konqresmenlər var ki, ermənilərin müxtəlif fondlarına maliyyə köçürürlər. Tramp administrasiyası və respublikaçı senatorlar isə bütün hallarda Azərbaycan və Türkiyə ilə siyasətdə daha ədalətli mövqedən yanaşırlar".

Qeyd edək ki, ABŞ-ın bir çox şəhərində etirazçılar prezident seçkilərində səslərinin tam sayılmasını tələb etmək üçün küçələrə çıxıb. Tramp tərəfdarı olan daha kiçik qruplar isə Miçiqan və Arizonada səslərin sayıldığı mərkəzlərin qarşısında toplaşıb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.