Rusiya harda əsgər saxlayırsa, o ölkədə mütləq daxili siyasətin dizayn olunmasında iştirak edir
11-11-2020, 17:37

Rusiyanın SSRİ dağılandan sonra hərbi doktrinasının ana xətti, məqsədi ya de-facto, ya de-jure keçmiş post-sovet respublikalarında hərbi mövcudiyyət məsələsi olub. Bu doktrindən qaçan Pribaltika ölkələri oldu - zamanında qaça, NATO və AB-yə üzv ola bildilər.
Bu günə Rusiya de-jure Belarusda, Ermənistanda, Qazaxstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda var. Türkmənistanda baza şəklində deyil, amma ölkənin cənub sərhədlərini Rusiya əsgəri qoruyur.
Teref.az xəbər verir ki, bunu ReAl fəalı politoloq Natiq Cəfərli yazır. Daha sonra Natiq bəy yazır:
Rusiya de-facto Gürcüstanda (Abxaziya və Cənubi Osetiya), Moldovada (Dnestyani bölgə), Ukrayna (Krım, Donbas) mövcud idi. Yeganə Azərbaycanda Qəbələ RLS-dən sonra nə de-facto, nə də de-jure yox idi və bu müstəqillik tariximizin ən böyük uğurlarındqn biri idi. Və bu gün Rusiya əsgəri de-jure və de-facto ilkin 5 illik də olsa Azərbaycan ərazisində olacaq.
Məni ən çox narahat edən məsələlərdən biri odur ki, Rusiya harda əsgər saxlayırsa, o ölkədə mütləq daxili siyasətin dizayn olunmasında iştirak edir. Keçmiş post-sovet respublikalarının hər birində müxalifət (siyasətdə) və sivil toplumda açıq-aşkar rusiyapərəst mövqedə olan qüvvələr olub-var (hətta Gürcüstan və Ukraynada da). Bir tək Azərbaycanda müxalif siyasi səhnədə açıq (ən azından açıq) Kremlpərəst qüvvə olmayıb, bütün Moskvapərəstlər uzun illərdir elə hakimiyyətin içində olub. Son 4 ildə hakimiyyət doğru olaraq o qüvvələrin böyük qismini içəridən təmizlədi, amma yəqin ki, hələ də kökləri qalıb. Bu anlamda narahatam ki, Rusiyanın hərbi mövcudiyyəti artıq daxili siyasətə təsir edə, Kremlin xoşuna gəlməyə çalışan qüvvələr açıq şəkildə meydana çıxa bilərlər. Ümid edirəm belə olmaz...