Məşhur yəhudi Solovyovu ermənipərəst edən səbəb - döşündə nasist “Njde” medalı gəzdirən neofaşist...
12-11-2020, 20:23

Qasım Hacıyev: “Bu medal Solovyova erməni lobbisinin təşəbbüsü ilə Ermənistan hökuməti tərəfindən muzd olaraq verilib”
44 günlük Vətən müharibəsi dövründə anti-Azərbaycan kampaniyasının başında dayanan, xüsusi canfəşanlıqla ermənilərə, erməni lobbisinə yarınan, bununla da Azərbaycanın ədalətli mövqeyinə kölgə salmaq niyyəti güdən Rusiya telekanallarından birində “Bazar axşamı” proqramının aparıcısı olan Vladimir Solovyovun özünü “oda-közə” vurmağının səbəbləri üzə çıxıb. Belə ki, sən demə, V.Solovyovun sərgilədiyi ermənipərəst mövqeyin kökündə onun faşist əlaltısı Njdenin adına təsis edilən medal daşıması olub.
Əldə etdiyimiz məlumata görə, bir neçə il əvvəl V.Solovyova Ermənistanın sabiq prezidenti Serj Sarkisyan tərəfindən “Qaregin Njde” medalı verilib. “SS”, neonasist Solovyova bu medalın “Ermənistan Respublikasının dövləti və milli maraqlarının müdafiə edilməsinə görə” təqdim olunduğu bildirilir. Döşündə “Qaregin Njde” medalı gəzdirən bir adamın indi saxtakar erməniləri və terrorçu, işğalçı Ermənistanı hansı səbəbdən canfəşanlıqla müdafiə etməsi məlum olur.
Azərbaycan tarixçiləri qeyd edirlər ki, Solovyovun yəhudi əsilli bir jurnalist kimi öz xalqının qatillərindən birinin adını daşıyan medalı gəzdirməsi, terrorçu Ermənistanın ədalətsiz addımlarını dəstəkləməsi heç vaxt böyük yəhudi xalqı tərəfindən təqdir edilməyib, tənqid edilib.
Bir məqamı da qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra V.Solovyov da 180 dərəcə dəyişənlər sırasında yer tutmaqdadır. O özünün son proqramlarında Azərbaycanın qazandığı qələbələrdən danışır, Ermənistanın məğlubiyyətini tənqid edir. Artıq göründüyü kimi, o da Azərbaycanın qələbəsi qarşısında məğlub olub... Əlbəttə, biz onun səmimiliyinə birmənalı olaraq şübhə edirik.
“...çox ciddi şəkildə erməni lobbisi tərəfindən maliyyələşdirilib”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Solovyov öz xalqının qatillərindən biri olmuş caninin adını daşıyan medalı daşıyır. “Bu həmin Njdedir ki, “Ermənistan qəhrəmanı” Drastamat Kanayan (Dro) və başqaları ilə birgə yəhudi xalqının cəlladı, Holokostun “memarı” Adolf Hitlerin əlaltısı olub. Solovyovun faşist əlaltısının adına olan medalı daşıması onun özünün də faşizm ideyasına xidmət etdiyini göstərir. Bu medal Solovyova erməni lobbisinin təşəbbüsü ilə Ermənistan hökuməti tərəfindən muzd olaraq verilib. O da “haqqını” almış bir muzdlu kimi cani-dildən saxta erməniçilik təbliğatını gecə-gündüz həyata keçirib, Azərbaycan əleyhinə əsassız kampaniyalar aparıb. Yadınızdadırsa, bütün verilişlərinə erməniləri və ermənipərəst insanları dəvət edirdi və Azərbaycana qarşı qarayaxma həyata keçirirdi, o qədər azğınlaşmışdı ki, hətta xalqımızı belə təhqir etməkdən çəkinmirdi. Solovyovun erməni terrorizmini, saxtakarlığını təbliğ etməsi həm də onu göstərir ki, o, çox ciddi şəkildə erməni lobbisi tərəfindən maliyyələşdirilib. Ermənilər onu muzdlu kimi saxlayırdılar ki, anti-Azərbaycan kampaniyası zamanı istifadə etsinlər. Bu gün Azərbaycan qalib dövlətdir və faşist Ermənistan üzərində böyük qələbə qazanıb. Bu həm də Cənubi Qafqazda Ermənistan tərəfindən həyata keçirilən faşizm siyasətinə bir zərbədir” - deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA