Əgər status söhbəti edəcəklərsə, Rusiya sülhməramlıları çıxmalıdı - yox əgər qalırsa, status söhbəti bağlanmalıdır!
18-11-2020, 06:13

Putinin dediklərindən ən vacib məqamlar:
1) Şuşa söhbəti masada heç vaxt olmayıb, Ordumuz Ali Baş Komandanın əmrini və xalqımızın Şuşa arzusunu bütün maneələrə rəğmən canı-qanı hesabına həyata keçirib, işğala son qoyub,
2) Putin münaqişənın başlanması haqqında ya məlumatlı deyil (buna inanmıram), ya da qəsdən təhrif edir - Sumqayıt səbəb deyildi, nəticə idi, özü də "KQB"-nın yaratdığı nəticə,
3) Sözündən belə çıxdı ki, Ermənistan Qarabağı tanıyıb özünə qatsa idi, Rusiya Azərbaycana qarşı qoşun çəkə bilərmiş,
4) Paşinyanı çox təriflədi, çox güman, müvəqqəti saxlayıb sazişi yerinə yetirmək üçün bunu etdi,
5) Ermənistana daha yaxın və isti mesajlar verdi - orada cəmiyyəti itirdiyinin fərqindədir,
6) Azərbaycana da bəzi pozitiv mesaj verdi - müharibəni öz suveren ərazimizdə apardığımızı təsbit etdi,
7) Abxaziya və Osetiya misalı xəbərdarlıq idi: Bizə dedi ki, onlara atəş açsaz Qarabağı tanıyarıq, Ermənistana dedi ki, sözümüzə baxmasaz Qarabağı birdəfəlik unudun,
8) Və ən vacibi: Dediyindən belə çıxdı ki, hələ statusla bağlı başımız çox ağrıyacaq, status məsələsini masaya daşıyacaqlar və bunu da Minsk Qrupu çərçivəsində edəcəklər.
Əgər belədirsə, əgər Minsk Qrupu masaya dönüb bu gün Əsgərimizin yaratdığı yeni, bizə daha üstünlük verən reallıqla "status" söhbətinə başlayacaqsa, o zaman MQ-nun başqa kriterləri də gündəmə gəlməlidir:
Həmsədr ölkələrin ordusu sülhməramlı ola bilməz! Hətta qonşu ölkələrin əsgərləri də bu missiyada yer almamalıdır - Rusiya hər 2 kriterlə sülhməramlı roluna iddia edə bilməz. Əgər status söhbəti edəcəklərsə, Rusiya sülhməramlıları çıxmalıdı - yox əgər qalırsa, status söhbəti bağlanmalıdır!
Natiq Cəfərli
Teref.az