Siyasi dialoq yeni mərhələdə: Partiyalar daha nə istəyir? - Məşvərət Şurası, yeni qanun, seçki...
8-01-2021, 18:00

Ötən bir il ərzində ölkənin ictimai-siyasi həyatında ciddi canlanma müşahidə olundu.
Hakimiyyətin təşəbbüsü ilə iqtidar-müxalifət təmasları başlandı, ölkənin siyasi həyatında ciddi həmrəylik nümayiş olundu. Xatırladaq ki, bütün bu proseslərə 2019-cu ilin noyabr ayında Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması ilə start verildi. Şöbənin rəhbəri Ədalət Vəliyev ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatların rəbhəri ilə görüşlər keçirdi, onların problemlərini, təkliflərini dinlədi.
Beləliklə, 2020-ci il ölkədə siyasi açılım ili kimi yadda qaldı. Bu bir il ərzində siyasi partiyaların dövlət qeydiyyatına alınması həll olundu, iqtidar-müxalifət dialoqu baş tutdu. Partiyaların hər zaman gündəmə gətirdiyi ofis problemləri həllini tapdı. Artıq bir sıra partiyalar ofislə təmin olunub.
Bunlar görülən işlərdir, bəs qarşıda hansı vəzifələr var? Növbəti addımlar nə olacaq?
“Ordakı islahatlar paketi də bu sahədə ciddi irəliləyişlərə səbəb ola bilər”
Xalq Partiyasının sədri, sabiq Baş nazir Pənah Hüseyn Cebhe.info-ya açıqlamasında deyib ki, konkret olaraq iqtidar-müxalifət arasında müəyyən təmaslar olub və addımlar atılıb:
“Amma əlbəttə ki, tam olaraq ümummilli, ümumdövlət məsələlərində iqtidar-müxalifət dialoqundan və ya əməkdaşlığından danışmaq mümkün deyil. Hələ xeyli iş görülməlidir və bu istiqamətdə daimi təmas, dialoq üçün mexanizmlərin yaradılması lazımdır. Burada söhbət təkcə hüquqi normativ mexanizmlərin yaradılmasından getmir. Partiyalar haqqında yeni qanunun qəbulu gözlənilir ki, o da müxalifət partiyalarının təklifləri əsasında olmalıdır. Partiyaların fəaliyyəti üçün qanunda nəzərdə tutulmuş şəraitin yaradılması, dövlətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi vacibdir. Müxalifət və digər siyasi partiyalar tərəfindən də əlbəttə ki, bu istiqamətdə qarşılıqlı addımların və xoş məramın nümayiş etdirilməsinə ehtiyac var. Biz belə bir münasibətin əhəmiyyətini 44 günlük Vətən müharibəsində gördük. Arzu olunur ki, digər sahələrdə də bu baş tutsun. Ölkədə siyasi islahatların aparılması istiqamətində keçən ilin əvvəllərindən başlayaraq 16 siyasi partiya təkliflər paketi təqdim etdi. Bu təklifi tənqidi mövqedə duran və loyal münasibət göstərən partiyalar birgə irəli sürmüşdü. İslahatlar paketi də bu sahədə ciddi irəliləyişlərə səbəb ola bilər. Bütövlükdə isə demokratik cəmiyyətin əsas bazası siyasi partiyalardır. Bu istiqamətdə konstitusion dəyişikliklərdən tutmuş, praktikada da bunun reallaşdırılmasına ehtiyac var”.
“Proporsional seçki sisteminə keçidi bərpa etmək lazımdır”
Ağ Partiyanın sədri Tural Abbaslı isə deyib ki, keçən bir ildə siyasi açılım oldu, buna islahat da demək mümkündür:
“Bir çox addımlar atıldı. Partiyalarla görüşlər keçirildi, onların fikirləri alındı, eyni zamanda qeydiyyat, ofis məsələri həll olundu. Partiyalara qoyulan qeyri-rəsmi qadağalar aradan qalxdı. Bu da önəmli addımdır. Həmçinin müharibə dönəmində partiyaların hakimiyyətlə birgə fəaliyyəti bu açılımın nəticəsi idi. Bu, bir daha sübut etdi ki, atılan addımlar doğrudur. Hətta bunlar gecikmiş addımlardır, zamanında atılmalı idi. Amma bu, o demək deyil ki, Azərbaycanda çoxpartiyalı sistem bərpa olundu, partiyalar cəmiyyətin siyasi həyatında ciddi rol oynayır, nüfuzları artdı. Düşünürəm ki, hələ qarşıda görülməli daha çox işlər var. İndi əsasən partiyalar haqqında yeni qanunun qəbul olunmasını gözləyirəm ki, bu da çox önəmli məsələdir. Bu qanunun müzakirəsi, layihəsi partiyaların iştirakı ilə hazırlanmalıdır. Eyni zamanda əgər çoxpartiyalı sistemin inkişafını istəyiriksə, mojaritar seçki sistemindən imtina edib, proporsional seçki sisteminə keçidi bərpa etmək lazımdır. Bunun üçün də referendum, parlamentdə boş qalan 5 yer üçün seçki keçirilməlidir. Bunu yubatmaq olmaz. Bu seçkilərdə partiyaların iştirakını təmin etmək lazımdır. Əgər hansısa partiya seçkidən keçərsə, o zaman parlament partiyalarının sayı da artar. Eyni zamanda, iqtidarla müxalifət arasında birgə Məşvərət Şurasının yaradılması məsələsi də təkliflər arasında var. Bu, daimi ünsiyyətin saxlanılması, fikir mübadiləsinin aparılması üçün vacibdir. Düşünürəm ki, bu, canlı bir mexanizmdir və dayanmalı deyil. Günün siyasi tələblərinə, dünyanın yeni çağırışlarına uyğun addımlar atılmalıdır ki, Azərbaycanda demokratik cəmiyyət qurulsun, çoxpartiyalı sistem inkişaf etsin. Bununla həm də dövlət inkişaf edəcək”.