Dağlıq Qarabağın statusu "yenidən müzakirə oluna bilər"
12-01-2021, 06:20

Fuad Şahbazov
Bu gün Moskvada Vladimir Putin və İlham Əliyevlə görüşdən sonra Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın statusu məsələsinin "həll olunmamış" qaldığını bildirib.
Dağlıq Qarabağın statusu məsələsi Rusiyanın təkidilə yenidən müzakirəyə çıxarıla bilər, siyasi təhlilçi Fuad Şahbazov bu gün Moskvada Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında keçirilmiş görüşü şərh edərkən deyib.
Qarabağın statusu məsələsi ilə bağlı Vladimir Putinin sonuncu çıxışını xatırladan Fuad Şahbazov status məsələsinin gündəlikdən "tam" çıxarılmadığını hesab edir.
"Putin son mətbuat konfranslarından birində demişdi ki, bu məsələ həll olunmalıdır. Bu da o deməkdir ki, məsələ gündəlikdən tam olaraq çıxarılmayıb. Erməni tərəfi də adətən status məsələsini gündəmə gətirəndə Putinin həmin bəyanatına istinad edirlər. Azərbaycan tərəfinin ilk bəyanatlarında vardı ki, status məsələsi olmayacaq. Lakin indi düşünürəm ki, Rusiyanın təkidi ilə status məsələsi yenidən müzakirəyə çıxarılacaq," - o deyir.
Təhlilçi status məsələsinin Azərbaycanın ərazi bütovlüyündən kənar həll ediləcəyini istisna etsə də, onun yenidən gündəmə gələcəyini proqnozlaşdırır.
Prezident Əliyev bundan əvvəl, ötən ilin noyabrın 10-da hərbi əməliyyatların dayandırılması barədə razılaşmadan danışarkən bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də olmadığını və olmayacağını deyib.
Paşinyan narazıdır
O deyir ki, Ermənistan liderinin nitqinə diqqət yetirdikdə, görüşdə bir sıra məsələlərdə razılıq əldə olunmadığını demək mümkündür.
"Paşinyanın sözlərinə görə bəzi məsələlərdə razılıq əldə olunmayıb. Azərbaycan tərəfində isə belə bir şey sezilmədi. Digər tərəfdən Paşinyan hərbi əsirlərlə bağlı hələ də razılığa gəlinmədiyini deyir. Ancaq Prezident Əliyev deyir ki, görüş məhsuldar olub", cənab Şahbazov deyir.
Fuad Şahbazov görüşün əsas mövzularından biri olan dəhliz məsələsilə bağlı iki tərəfin də "konkret nəsə demədiyini" vurğulayır.
O hesab edir ki, Mehri rayonu ərazisindən keçəcək dəhlizlə bağlı da konkret razılığa gəlinməyib: "Çünki razılıq olsaydı tərəflərdən hansısa biri bunu vurğulayardı".
Sülhməramlılar məsələsi
Təhlilçi düşünür ki, "sülhməramlıların mandatı ilə bağlı da razılığa gəlinməyib".
O, Azərbaycan tərəfi üçün əsas məsələlərin "sərhədlərin demarkasiyasının başa çatdırılması, Naxçıvanla Azərbaycanı birləşdirəcək yeni tranzit dəhlizinin spesifik detallarının müəyyənləşdirilməsi, Qarabağdakı erməni diversantlarının Azərtbaycan nəzarətində olan ərazilərdə terror aktına cəhd göstərməsi və hərbi qulluqçulara və dinc vətəndaşlara qarşı fəaliyyəti və Rusiya sülhməramlılarının buna qarşılıq olaraq heç bir tədbir görməməsi" olduğunu deyir.
Fuad Şahbazov hesab edir ki, sülhməramlılarla bağlı razılığa gəlinməməsi və mandatın olmaması gələcəkdə "arzuolunmaz presedentlər yarada bilər".
Azərbaycan tərəfinin "Qarabağın dirçəldilməsi üçün çox böyük strateji planlar" hazırlanması ilə bağlı açıqlamalarına diqqət çəkən təhlilçiyə görə, bu planların həyata keçməsi üçün nəzarətdə olan ərazilərdə "tam olaraq stabillik bərqərar olmalıdır".
"Əks halda orada kommunikasiya xətləri, məcburi köçkünlərin o ərazilərə qayıtması sual altında olacaq. Ona görə, mən hesab edirəm ki, Azərbaycan tərəfi Rusiyanın vasitəsilə Ermənistan tərəfinə təzyiq göstərərək bu məsələlərin tezləşdirilməsinə çalışmalıdır. Əks təqdirdə bu, düşünüləndən daha çox vaxt alacaq," o deyib.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskva görüşü ilə bağlı ümumi təəssürat bunu deməyə əsas verir ki, bu görüş bitməyib, davamı olacaq, Fuad Şahbazov belə fikirdədir.
Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib.
Üçtərəfli Moskva görüşü bəyanatın imzalanması ilə başa çatıb.
Görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, "Qarabağ problemi keçmişdə qalıb", Ermənistan baş naziri Nikol Paşinyan isə Dağlıq Qarabağın statusu ilə bağlı suallar hələ də qalmaqda olduğunu qeyd edib.BBC/