Steynar Gil: “Azərbaycanda məmurlar da dəyişməlidir, müxalifət də"
30-04-2015, 16:52
Norveçin Azərbaycandakı keçmiş səfiri (2002-2006), 72 yaşlı Steynar Gill "Azadlıq" radiosuna açıqlamasında bir sıra maraqlı məqamlara toxunub.
S.Gil bildirib ki, Azərbaycanın yaxşıya doğru dəyişməsi üçün həm iqtidardakı adamlar dəyişməlidir, həm də müxalifətdəki: "Mən gedəndən nə baş nazir dəyişib, nə xarici işlər naziri, nə də Hacıbala (Hacıbala Abutalıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı-red.). Hakimiyyətdə eyni adamlardır. Gənclər gəlməlidir hakimiyyətə".
Gil Azərbaycanda müxalifətin də dəyişməsinin tərəfdarıdır: "Əli Kərimi, İsa Qəmbər... illərcə eyni adamlardır. Dəyişmək lazımdır. Müxalifətə də gənclər qoşulmalıdır".
Onun fikrincə, müxalifətdə dəyişiklik olarsa, ümumilikdə ölkədə də dəyişiklik olar: "Gürcüstanın təcrübəsi göstərir ki, həm iqtidarda, həm müxalifətdə gəncləşmə faydalıdır".
Keçmiş səfir onu da vurğulayıb ki, özünü Azərbaycan xalqına yaxın hiss edir: "Mehriban, qonaqpərvər xalqdır. Bu xalq daha yaxşı həyata layiqdir".