Ukrayna yoxsa Rusiya? - Siyasi təhlil.
3-04-2021, 09:27

Bu gün Ukrayna faktiki olaraq müharibə astanasındadır, əlbəttə ki, Ukraynanın ərazi bütövlüyünün bərpası mütləqdir və bu məsələ müzakirə predmeti ola bilməz, amma bu gün baş verən hadisələr Ukraynanın təşəbbüsü deyil, yaşanan gərginlik ənənəvi olaraq Rusiyanın yeni təcavüzünün nəticəsidir. Biz məqsədləri, səbəbləri araşdırıb, münaqişəni düzgün qiymətləndirib, proqnozlarımızı verməliyik.
Rusiya, Ukraynanın Belarusla sərhədindən Krasnodar vilayəti ilə sərhədlərinə qədər, qoşunlarını cəmləşdirir. Buna dair sosial şəbəkələrdə kifayyət qədər videolar, şəkillər var. Aleksandr Lukaşenko da öz növbəsində Putinə dəstəyini ifadə edərək Ukrayna ilə sərhəddə qoşunlarını cəmləşdirir. Videolarda Rusiyanın tanklarını, piyadaların döyüş maşınlarını, haubitsalarını, özüyeriyən artilleriya qurğularını görürük. Ukraynanın hərbi kəşfiyyatının verdiyi məlumata görə, Rusiyanın Krımda 32000, Donbasda isə 28000 hərbçisi var.
Bir aya yaxındır ki, dünyada Rusiyanın kurasiyasında olan media platformalar ''Ukrayna hücuma keçir'', ''Ukrayna dinc əhalini sağ buraxmayacaq'' və s. absurd şüarlarla, müvaffiq təbliğat aparırlar. Bu o deməkdir ki, Rusiya Ukrayna ilə müharibəni ''özünü müdafiə'' kimi təqdim etmək niyyətindədir.
Bir həftə qabaq isə atışma nəticəsində 4 ukraynalı hərbçi öldürülüb. Yəni Rusiya təbliğat mərhələsindən keçir növbəti mərhələyə-təxribatlara. Təxribatlardan sonra isə gəlir müharibə.
İki çox vacib məsələni müəyyənləşdirməliyik: Rusiyanın məqsədlərini, səbəblərini və prosesin hansı istiqamətdə inkişaf edəcəyini.
Məqsədlər, səbəblər:
✅ Donald Trampdan fərqli olaraq, Co Bayden Rusiyaya qarşı çox sərt mövqe ortaya qoydu. Diplomatiya, danışıqlar və s. ritorikaların əvəzinə Co Bayden Putini ''qatil'' adlandırdı və nəinki Putinə, dünyada bütün diktatorlara müharibə elan etdi. Baydenin bu qalmaqallı sözlərindən sonra, Putin ''diktatorlar klubunda'' nüfuzunu itirməyə başladı, ''klubun'' üzvləri artıq onun ''böyük gücündə'' şübhələnməyə başladılar. Bu fonda Putin Baydenə cavab verməli idi. Sərt cavab, əks halda, yuxarıda qeyd etdiyim kimi, nüfuzu əriyəcək.
✅ Ukrayna 2020-ci ili, Donbasdaki problemləri həll etmək üçün Rusiya ilə kompromis axtarışında keçirib. Rusiya isə öz növbəsində vaxtı uzadaraq, mövqelərini gücləndirirdi. Ancaq Co Baydenin ABŞ-da prezident seçilməyi hər şeyi dəyişdirdi. Ukrayna hal-hazırda ən sərt mövqe ortaya qoyaraq, 2020-ci ildən fərqli olaraq danışıqlarla yox, Ukraynada Rusiyanın 5-ci kolonun başçılarının ''başlarını əzməklə'' məşğuldur. Bu fakt Rusiyanı qıcıqlandırır və buna da öz reaksiyasını verməlidir.
✅ Putin Baydenin reaksiyasını yoxlayır. ''Bayden hara qədər Ukraynanı müdafiə edəcək?''. Məncə Bayden Ukrayna ilə bağlı mövqeyini artıq nümayiş elədi:
▪️ Bayden şəxsən Zelenskilə danışdı.
▪️ Dövlət katibi Blinken və Ukraynanın xarici işlər naziri Kuleba arasında telefon danışığı olub.
▪️ ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin sədri Mark Milli Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovla, sonra isə Ukraynanın Baş Qərargah rəisi Xomçakla danışıqlar apardı.
▪️ Pentaqonun rəhbəri Loyd Ostin və Ukraynanın müdafiə naziri Andrey Taran arasında telefon danışığı olub.
ABŞ Ukraynanı ən yüksək səviyyədə dəstəkləyəcək. Bu danılmaz faktdır. Bu məsələ ABŞ üçün nüfuz məsələsidir. ABŞ silahları ilə təchiz edilmiş Ukrayna ordusu öz gücünü göstərməlidir. Söhbət tək qələbədən getmir, minimal itkilərlə maksimal zərbə endirmək lazımdır. ABŞ silahlarının gücünü bütün dünyaya göstərmək lazımdır. ''Minimal itkilərlə maksimal zərbə endirmək lazımdır'' ifadəsi və ''ABŞ silahları'' o deməkdir ki, Ukrayna ordusu nəinki Donetski, Donbass regionu külə döndərə bilər. Ukrayna ordusu təsəvvür edə bilmədiyiniz qədər güclü silahlarla təchiz edilib.
Proses inkişaf edəcək:
✅ Bir az durub dağılışacaqlar. Rusiya texnikasını, hərbçilərini Ukrayna ilə sərhəddə cəmləşdirir, amma sonra heç nə olmur. Bu, Ukraynaya və dünyaya, Rusiyanın çox sərt addımlara hazır olduğunu göstərəcək. Psixoloji təzyiq nümayişidir.
✅ Təmas xəttində hərbi qarşıdurma. Hərbi əməliyyatlar ancaq Donbass ərazisində olacaq.
✅ Lokal əməliyyatlar. Rusiya ən zəif nöqtələri seçib o istiqamətlərdən hücuma keçə bilər. Bu da Rusiya üçün yaxşı nəticələnməyəcək. Ukrayna ordusu bu hücumu dayandıra biləcək və bundan dərhal sonra ABŞ ya Rusiyanı SWIFT-dən ayıracaq, ya neftin qiymətinə təsir edərək endirəcək, ya da hər ikisi edəcək.
✅ Rusiya fərqli istiqamətlərdən genişmiqyaslı hücuma keçəcək. Bu ssenari Rusiya üçün ən faciəvidir.
Və sonda demək istəyirəm ki, Rusiyanın hal-hazırda sadəcə geriyə yolu yoxdur, hərbi gərginliyi artırmağa məcburdur. Bu gərginlik müharibəyə çevrilsə Rusiya hər bir halda məğlub olacaq, həm hərbi, həm iqtisadi, həm siyasi, həm də geosiyasi müstəvidə.
Kamran Cəfərov
Teref.az