MSK və YAP yenidən qanunu pozur?

23-04-2021, 22:25           
MSK və YAP yenidən qanunu pozur?
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədlərini müəyyənləşdirib.

Namizədlər arasında Məzahir Pənahov, Rövzət Qasımov, Şaitdin Əliyev, Hüseyn Paşayev və Ramiz İbrahimovun adları var.

Seçki Məcəlləsinin tələbinə görə, MSK üzvünün partiya mənsubiyyəti olmamalıdır.

Qanunvericilik MSK üzvünün pedoqoji, elmi və yaradıcı fəaliyyət istisna olmaqla ödənişli işdə çalışmasını qadağan edir. Lakin YAP-ın mətbuat katibi Hüseyn Paşayev MSK-nın üzvüdür və yenidən namizədliyi irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov "Toplum TV"-yə bildirib ki, qanun onun namizədliyini yox, komissiya üzvlüyü qadağan edir: "İndiyədək Paşayev MSK-nın üzvü olub. Komissiya üzvü ola-ola partiya üzvlüyünün saxlanması qanunun tələblərinə ziddir. Bu, aşkarlanarsa, onun komissiya üzvlüyünə xitam verilməlidir".

A. Qurbanov deyir ki, H. Paşayev komissiya ilə partiya arasında seçim etməlidir, əgər etmirsə, MSK onun barəsində qərar çıxarmalı, fəaliyyətinə xitam verməlidir.

"Bu, bir daha göstərir ki, qanunların hakim partiya, ümumiyyətlə, Azərbaycan hakimiyyəti üçün əhəmiyyəti yoxdur. MSK hakim Yeni Azərbaycan Partiyasının nəzarəti altındadır və müstəqil deyil", - keçmiş MSK üzvü belə deyib.

Hüseyn Paşayev ötən seçkilərdə də MSK və YAP-ın Siyasi Şurasının üzvü olub. O həmçinin YAP-da mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edir. Bu, Seçki Məcəlləsinin 22-ci maddəsinə ziddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru