Təkcə Ermənistanmı günahkardır? - Ülvi Quliyevdən SƏRT REAKSİYA

5-06-2021, 10:04           
Təkcə Ermənistanmı günahkardır? -
27 il ərzində Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli imperativ, icrası məcburi xarakter daşıyan qətnamələrini saya salmadı. Bu gün xüsusi canfəşanlıqla beynəlxalq hüquqa istinad edən və guya gərəkli olduqlarını yenidən gündəmə gətirən vasitəçilərdən heç biri, Prezident İlham Əliyevin dediyi kimi: “Aqressora-işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Aqressor təbii olaraq, daha da azğınlaşırdı, daha da qudururdu və bu torpaqları əbədi işğal altında saxlamaq istəyirdi və bu, sirr deyil”.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Birgə Bəyanat imzalandığı-müharibə bitdiyi gündən etibarən Azərbaycan minalanmış ərazilərin xəritəsini Ermənistandan təkidlə tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə bundan yayınır və bununla beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasını yenidən kobud şəkildə pozur. Ölkəmiz haqlı və qanuni tələbini müvafiq beynəlxalq qurumların diqqətinə dəfələrlə çatdırsa da, bu da nəticə vermir. Belə təəssürat yaranır ki, Ermənistan BMT qətnamələrini icra etmədiyinə görə zamanında cəzalandırılmadığı üçün, sanki indi də cəzasız qalacağına inanır, ya da kimlər tərəfindənsə buna inandırılır. Həqiqətən, qudurğanlıq ağır mərəzdir, tədavi olunması üçün onu təşviq edən, güc verən mühitdən təcrid olunmalıdır.

10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisində saxlanılan erməni terror-diversant dəstə üzvlərini əsassız olaraq hərbi əsir adlandırıb azadlığını tələb edən, delimitasiya və demarkasiya pərdəsi altında beynəlxalq-hüquq normalarını yada salan, erməni dilində dəstək “postlarını” paylaşan, insan haqlarının qorunmasını gündəmə gətirən, yaxud Ermənistanın dövlət sərhədlərinin keşiyində dayanan keçmiş vasitəçilərdən heç biri qudurğan qonşumuza demir ki, qanunlara və insan haqlarına hörmət et, minaladığın ərazilərin xəritəsini Azərbaycana ver. Görəsən, bu müddət ərzində minaya düşmə səbəbindən 100-dən artıq mülki şəxsimizin həyat və sağlamlığını itirməsinə görə təkcə Ermənistan günahkardır?

Kəlbəcərin Susuzluq kəndi ərazisində mina partlayışı nəticəsində üç mülki şəxs həlak olub, dörd nəfər isə yaralanıb. Həyatını itirən həmvətənlərimizdən Sirac Abışov Azərbaycan Televiziyasının operatoru, Məhərrəm İbrahimov AZƏRTAC-ın müxbiri, Arif Əliyev rayon icra hakimiyyətinin əməkdaşı idi. Allahdan onlara rəhmət diləyir, ailələrinə və yaxınlarına, həmkarlarına, xüsusən, jurnalist camiyəsinə başsağlığı verir, səbr arzu edirəm. Allah yaralılara şəfa nəsib etsin.

Qafqaza dayanıqlı sülh arzuladıqlarını iddia edənlər, yəqin, nəhayət razılaşarlar ki, ermənilər heç də onlara aşılandığı kimi “məzlum” , “təqib olunan” millət deyil və olmayıb. Öz tarixində soyqırımı faciəsini yaşamış istənilən ölkə etnik zəmində mülki şəxsləri hədəf seçməz, başqalarına qarşı insanlıq əleyhinə cinayətləri törətməz. Bizlər bilirdik, yəqin “bilməyənlər” də artıq bilər ki, “erməni soyqırımı” məsələsi də bir mifdir, yalan və uydurmadır. Bu yalanlara inananlar, nəhayət, qəbul etməlidirlər ki, həqiqətin gözünə dik baxmağın zamanı yetişib. Bu da yenilik deyil ki, cinayətkarı yeni cinayətlərə həvəsləndirən hər zaman cəzasızlıq olub. Ermənistanın törətdiyi, əslində, dövlət terrorudur. Terrorçu isə milliyyətindən və irqindən, dini mənsubiyyətindən asılı olmayaraq, beynəlxalq qanunlar əsasında cəzalandırılmalıdır. Bunu ya beynəlxalq qurumlar, dünya birliyi etməlidir, ya da ...

Ülvi Quliyev
Milli Məclisin deputatı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.