Azərbaycan “Taliban”ı tanıyacaq? - “Orada etnik azərbaycanlıların yaşadığını unutmayaq”

20-08-2021, 11:30           
Azərbaycan “Taliban”ı tanıyacaq? -
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü bildirib ki, “Taliban” (bir sıra ölkələrdə qadağan edilmiş terror hərəkatı) ilə əməkdaşlığa hazırdır və onun "mülayim" fikirlərini alqışlayır.

Türkiyənin yerli mətbuatı məlumat verir ki, Ərdoğan "Əfqanıstanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Türkiyə yaxşı və çətin vaxtlarda qardaş ölkəni dəstəkləyəcək",- deyib. "Daha əvvəl də “Taliban” liderlərini qəbul edə biləcəyimizi bildirmişik",- deyən Ərdoğan bu mövqenin indi də qüvvədə olduğunu söyləyib.

Ərdoğan "Əfqanıstan xalqının dinc həyatını və ölkəmizin mənafelərini qorumaq üçün hər cür əməkdaşlıq etməyə hazırıq",- deyə vurğulayıb.

“Türkiyə “Taliban” liderlərinin mülayim və balanslı açıqlamalarını alqışlayır”. Bunu isə çərşənbə axşamı keçirilən ilk mətbuat konfransında “Taliban” hərəkatının sözçüsü Zabihullah Mücahid bildirib və hakimiyyət dəyişikliyi zamanı "heç kimin zərər görməyəcəyini" söyləyib. Qeyd edib ki, “Taliban” şəriət qanunlarına uyğun olaraq qadın hüquqlarına və insanların azadlığına hörmət edəcək.

Buna baxmayaraq, minlərlə əfqan ölkəni tərk etməyə çalışır.

“Cümhuriyət” qəzetinə açıqlamasında politoloq Aydın Quliyev bildirib ki, Azərbayacan və Türkiyə “Taliban”ı tanıya da bilər, tanımaya da:

“Çox maraqlı vəziyyət yaranıb. “Taliban”ın teror təşkilatı elan olunmasına baxmayaraq, faktiki bəzi ölkələr onu tanımağa başlayıb. Bəzi ölkələr rəsmi olaraq tanımasalar da, amma müəyyən praktik əməkdaşlıqlarını davam etdirir. Beynəlxalq münasibətlərdə hələ də rast gəlirik ki, terror təşkilatı elan olunmuş təşkilatla ölkələr danışıqlar aparır. Bir tərəfdən, BMT “Taliban”ı terrorçu adlandırsa da, bu qurumun aparıcı ölkələrindən olan Amerika 1 il əvvəl saziş imzalamışdı. Eyni vaxtda Rusiya da danışıqlar masasına oturmuşdu. Türkiyə özünün dövlət maraqlarına uyğun olaraq “Taliban” hakimiyyətini tanıya, əməkdaşlıq qura bilər. Əfqanıstan ərazisində tək siyasi güc olaraq “Taliban” qalıbsa, ortaq lahiyəsi olan ölkələr nə etməlidir?”

Ekspert bildirib ki, Əfqanıstandan başlayan nəqliyyat dəhlizi Azərbaycandan keçib Avropaya qədər çatır:

“Əfqanıstanın gələcəkdə Şimal- Cənub nəqliyyat dəhlizinə qoşulması ehtimalı Azərbaycan üçün əlavə gəlir mənbəyi yaradır. Belə olan halda Azərbaycan özünün işlək nəqliyyat dəhlizlərinə və gəlir mənbələrinə niyə göz yummalıdır? Niyə hansısa ölkədə hakimiyyətə gələn qüvvələrlə əməkdaşlıq etməməlidir? Fikrimcə, “Taliban”ın rəsmi tanınması məsələsi birinci növbədə BMT-nin qərarından asılı olsa da, amma onunla real hakimiyyət qüvvəsi kimi əməkdaşlıq heç bir ölkə üçün istina olunmur.

Digər tərəfdən, iqtisadi maraqlarımızla bərabər, orada etnik azərbaycanlıların da yaşadığı məlumdur. Ən azı humanitar nöqteyi- nəzərindən həmin ölkədə “Taliban” hakimiyyəti ilə əməkdaşlıq müəyyən hallarda qaçılmazdır. Bu isə “Taliban”ın rəsmi olaraq tanınması demək deyil. “Taliban” Türkiyə, Azərbaycan və digər dövlətlər tərəfindən tanına da bilər, tanınmaya da”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.