Növbədənkənar parlament seçkilərinə hazırlıq, yoxsa... - NƏ BAŞ VERİR?
21-08-2021, 09:30

Məzahir Pənahovun sədrliyi ilə avqustun 19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən xəbərə görə, respublika üzrə dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması ilə bağlı məsələyə baxılıb. Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada hər bir dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən hər bir dairə seçki komissiyasına namizədlərin ikisi maraqlı tərəflərlə - bir namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə razılaşdırılaraq irəli sürülür.
Mərkəzi Seçki Komissiyasının iclasında aparılan müzakirələrdən sonra yuxarıda sözügedən prinsiplər əsas götürülməklə namizədliyi təqdim olunan şəxslərin dairə seçki komissiyalarının üzvləri təyin olunması barədə qərar qəbul edilib. Beləliklə, respublika üzrə 125 seçki dairəsinin dairə seçki komissiyaları (hər bir DSK-da 9 üzv) tam tərkibdə yenidən təşkil olunub.
Dairə seçki komissiyalarının yeni tərkibdəki üzvlərinin təqribən 90%-nin ali təhsilli olduğu bildirilir.
Dairə Seçki Komissiyalarının yeni tərkibdə formalaşdırılması sosial şəbəkədə və bəzi saytlarda yeni növbədən kənar seçkilərə hazırlıq kimi şərh olunub. Qeyd olunur ki, ölkə rəhbərliyi 2020-ci ilin 9 fevralında keçirilən növbədənkənar seçkilərdə formalaşmış Milli Məclisin tərkibindən razı deyil. Bir sıra deputatların fəaliyyətindən, davranışlarından isə xüsusilə narazılıq var. Həm bu amillər, həm də ölkədə keçənilki müharibədən-qələbədən sonra yaranmış situasiya yeni tələblərə cavab verən parlamentin formalaşmasını zəruri edir. Ona görə də Milli Məclisin buraxılacağı və yeni seçkilər barədə qərar verilməsi istisna deyil. Dairə Seçki Komissiyalarının yenidən formalaşdırılması da bununla əlaqəli olduğu iddia edilir.
Mərkəzi Seçki Komissiyasının üzvü Mikayıl Rəhimov isə “Yeni Müsavat”a bildirdi ki, seçki qanunvericiliyinə əsasən seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir: “Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2021-ci il aprelin 27-də Mərkəzi Seçki Komissiyası yeni tərkibdə formalaşdırılıb. Qanunun tələbinə görə ölkədəki 125 seçki dairəsi dairə seçki komissiyalarının da üzvləri təyin olunmalı və dairə seçki komissiyaları yenidən təşkil edilməli idi. Mərkəzi Seçki Komissiyası bu tələbi icra edib. Odur ki, DSK-ların yeni tərkibdə formalaşdırılmasının başqa cür yozulması yanlışdır. Seçkinin keçirilməsi barədə qərar vermək isə MSK-nın yox, ölkənin Prezidentinin səlahiyyətinə aid olan məsələdir".