"Hazırkı parlament olduqca qeyri-peşəkardır və onun fəaliyyəti müsbət qarşılana bilməz" - İLGİNC AÇIQLAMA
30-10-2021, 15:27

Vətən müharibəsi Azərbaycanın ən böyük uğuru kimi tarixə düşdü. Torpaqlarımız işğaldan azad edildi, qalib xalqa çevrildik, bütün dünyaya güclü bir dövlət olduğumuzu sərgiləməyi bacardıq, regionun aparıcı ölkəsi statusunu qoruyub-saxladıq. Bir sözlə haqqımızda yaranan bütün steriotipləri darmadağın etdik. Bütün bu sadaladığımız üstünlükləri isə bizə xalq olaraq Ali Baş Komandan İlham Əliyev və onun gücləndirdiyi Azərbaycan ordusu qazandırdı. Hazırda isə post-müharibə dövrü fonunda azad edilən ərazilərin abadlaşdırılması işləri həyata keçirilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, illərlə büdcə vəsaitlərini dağıdan, xalq arasında mənfi imic yaradan, oliqarxlaşmış məmurlar hələ də qələbə eyforiyası ilə öz çirkin niyyətlərini davam etdirirlər. Bu isə təbii ki, ölkə rəhbərinin və dövlətin həyata keçirdiyi böyük işlərə yumşaq desək kölgə salır. Dövlətin apardığı islahatlara dəstək və töhfə verə bilməyən, Ali Qanunverici Orqan olan parlament də bu qəbildəndir. Heç kimə sirr deyil ki, hazırkı parlamentdə təmsil olunan deputatların böyük əksəriyyəti ağzına su alıb oturmaqdan başqa bir işə yaramır. Nə təmsil etdikləri region və şəhərlərin problemlərini qaldırırlar, nə də ki, seçicilərinin şikayət və təkliflərini dinləyirlər. Belə olan halda isə narazı qalan kütlə xalq, imici korlanan isə oliqarxlaşmış deputatlar deyil, HÖKUMƏT olur. Bir sözlə harın məmurlar üzündən xalq və hökumət arasında bir uçurum yaranır və beləcə ədalət balansı pozulur.
“İndiki parlament dövrün tələblərinə cavab verə bilməyən bir Qanunverici orqandır. Son vaxtlar ölkədə həyata keçirilən siyasi-iqtisadi açılımla, bu dırnaqarası parlament heç cür ayaqlaşa bilmir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Azər Rəşidoğlu səsləndirib. O bildirib ki, artıq 44 günlük Vətən müharibəsindən sonra ölkədə və bölgədə yeni situasiya yaranıb: “Status-kvo tək Qarabağ məsələsində yox, eləcə də ölkədaxili siyasətdə də dəyişir. Bu baxımdan belə qeyri-peşəkar parlamentin dövrün tələblərinə cavab verə biləcəyinə inanmıram. Yəni bu məsələ onların bunu istəyib-istəməməyində də deyil. Sadəcə olaraq məsələ ondan ibarətdir ki, hazırkı parlamentdə bu potensialın zərrəsi də yoxdur. Amma buna baxmayaraq yaxın vaxtlarda ölkədə yeni parlament seçkilərinin keçirilmə ehtimalını istisna edirəm. Çünki Qarabağ məsələsi ilə bağlı danışıqlar davam edəcək. Hansısa bir formada sülh sazişi imzalanmalıdır. Digər tərəfdən Rusiya, İran və bəzi Qərb ölkələrinin Azərbaycana təzyiqi o qədər həssas bir durum yaradıb ki, parlament seçkisi kimi böyük bir işin başlanması həddindən artıq risklidir. Tezliklə buna gediləcəyinə inanmıram. Həttə boş qalmış 6 deputat yerinə belə seçkilərin keçirilməsi imkansızdır”.
Azər Rəşidoğlu əlavə edib ki, hakimiyyət hər hansı bir kiçik qığılcımın, böyük fəsadlara gətirib çıxara biləcəyindən ehtiyat edir: “Baxmayaraq ki, hazırkı parlament olduqca qeyri-peşəkardır və onun fəaliyyəti müsbət qarşılana bilməz, buna rəğmən yaxın zamanlarda yenisi ilə əvəzlənmə ehtimalı azdır. Gələn il bu baş verə bilər, amma bu ilin sonuna qədər belə bir perspektiv gözlənilmir”.
Müşviq Tofiqoğlu