"Normal prosesdir, ermənilərin Azərbaycan dilini bilməsinə ehtiyac var" - ekspert

5-11-2021, 08:37           
"Normal prosesdir, ermənilərin Azərbaycan dilini bilməsinə ehtiyac var" - ekspert
Xankəndidə ilk Azərbaycanşünaslıq mərkəzinin açılışı olub. “Yeni Müsavat” “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, keçmiş erməni deputat Karo Karapetyanın adını daşıyan mərkəz onun arvadı və oğulları, həmçinin “Genesis Armenia” fondunun səyləri nəticəsində yaradılıb. İlkin mərhələdə mərkəzdə Qarabağ bölgəsində məskunlaşmış ermənilərə Azərbaycan dili pulsuz öyrədiləcək. Məlumata əsasən, layihənin məqsədi təhsilli, “milli və dövlət” maraqlarından xəbərdar olan, həmçinin Azərbaycan dilini bilən vətəndaşlar hazırlamaqdır. Mərkəz Qarabağ Universitetinin binasında yerləşir. Xəbərdə o da qeyd edilib ki, mərkəzdə hazırlanan kadrlar Azərbaycana qarşı informasiya savaşında iştirak edəcəklər.

Bu ilin sentyabrında Ermənistanda da ixtisaslaşmış Azərbaycan dili mərkəzi açılıb. Məqsəd Ermənistanda Azərbaycan dilinin tədrisindəki boşluğu doldurmaqdır. Habelə, İrəvan Dövlət Universitetində də Azərbaycan dili tədris olunur. Eynilə Bakı Dövlət Universitetində və Xarici Dillər Universitetində erməni dili tədrisi var. Amma ermənilər millət olaraq, ikinci dil öyrənməyə adətən həvəsli olmurlar. İndi Azərbaycan dilinə marağın artmasında məqsədin “mehriban qonşuluq olduğunu” söyləmək çətindir.

Məlumdur ki, düşmən ölkənin xüsusi xidmət orqanlarında Azərbaycan dili kəşfiyyat məqsədilə öyrədilir. Bəs ermənilərin niyə məhz müharibədən sonra Azərbaycan dilinə marağı yaranıb? 44 günlük müharibədən sonra niyə bu cür qərar verildi? Ermənilərin dilimizə artan marağının arxasında nə dayanır? Ümumiyyətlə, ermənilər üçün istənilən dili öyrənmək nə dərəcədə asandır? Əgər onların arasında gələcəkdə Azərbaycan pasportu daşımaq fikrində olan varsa, mütləq Azərbaycan dilini öyrənəcəklər, yox, niyyət informasiya müharibəsində güclənməkdirsə, deməli, hələ də separatçı rejim oradakı gələcəyini təsəvvür edə bilmir. Onlar bölgədə “artsax”ın əbədi yaşacağını güman etdikləri üçün belə fikirlərə düşürlər. Necə ki, qondarma rejimin kukla parlamentini Şuşaya köçürmək istəyirdilər, indi heç Şuşaya yaxınlaşa bilmirlər.

Bəzi iddialara görə, ermənilər indi də Qarabağda “milli-mədəni muxtariyyət” “eşqinə” düşə bilərlər ki, bu məqsədlə də ilk “addım” olaraq Azərbaycan dilini öyrənmək istəyirlər. Siyasi “status”dan əlini üzən ermənilər “milli-mədəni muxtariyyət” ala bilərlərmi? Ümumiyyətlə, milli-mədəni muxtariyyət nə deməkdir?

Türkiyədə yaşayan professor Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, bunu normal prosedur saymaq lazımdır. Onun fikrincə, Azərbaycanda da ermənişünaslıq var və qonşunun dili öyrənilməlidir. T.İsmayıl hesab edir ki, inteqrasiya nöqteyi-nəzərdən qonşuların dilini bilməyə ehtiyac var: “Plan məxfi olsa da, yaxınlaşmağa, inteqrasiyaya hesablanıb. Azərbaycan dilini kəşfiyyat məqsədilə öyrənmək onsuz da var, bizim dili bilən yetərincə erməni də var, ona görə bu cür mərkəzləri kəşfiyyat məqsədilə açıq elan etməzlər. Sadəcə, normal prosesdir, ermənilərin Azərbaycan dilini bilməsinə ehtiyac var”.

T.İsmayılın sözlərinə görə, milli-mədəni muxtariyyət ana dilində təhsil almaq, mədəni tədbirlərini təşkil etməkdir və Azərbaycan erməni vətəndaşlarına bu haqları tanıyıb: “Dünya praktikasında da var. Azərbaycan da buna hazırdır. Əslində 1992-ci ildə bütün milli azlıqlara tanınan haqlar verilib, o haqlarda mədəni muxtariyyət üstündür. Çünki dövlətin götürdüyü öhdəlikləri var və onlar kompakt yaşadıqları yerdə öz tədbirlərini keçirməkdə sərbəstdirlər. O baxımdan Xankəndində Azərbaycanşünaslıq mərkəzinin açılmasını inteqrasiya prosesi kimi görürəm”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qeyd etdi ki, inteqrasiyadan söhbət getmir: “Ermənilərin xislətinə yaxşı bələdəm. Onların prinsipi budur ki, düşmənin dilini bilmək lazımdır. Məncə, bu mərkəzlərin açılması kəşfiyyat işi və informasiya müharibəsi məqsədi daşıyır. Biz də onların dilini öyrənməliyik ki, ermənilərin nə dediyini anlayaq”.

E.Şıxlının sözlərinə görə, əslində ermənilər yalandan deyəcəklər ki, Azərbaycan dilinin tədrisində məqsəd inteqrasiyadır: “Amma belə deyil. Milli-mədəni muxtariyyət verilməsinə gəlincə, biz kiməsə borclu deyilik. Əgər adam kimi bu ölkədə yaşayacaqlarsa, Azərbaycan Konstitusiyasının hüquqlarından istifadə edəcəklər. Bizim konstitusiyada milli-mədəni muxtariyyət yoxdur, ermənilər məktəb açıb oxuyacaqlar, mahnılarını ifadə edəcəklər. Ümumiyyətlə, ömrü boyu kiməsə özümüzü borclu bilmişik, axırda boynumuzda oturublar. Bu zehniyyətdən xilas olmalıyıq”.

Politoloq Tofiq Abbasovun fikrincə, burada əsas vurğu milli-mədəni muxtariyyət məsələsidir. Onun sözlərinə görə, bununla belə, Ermənistandan sülh istiqamətində pozitiv işartılar görünmür: “Paşinyan açıqlamalar verir, amma sözdən o yana keçmir, hərəkətdə tərpəniş yoxdur. Gah deyirlər ki, Qarabağın ”status"u gündəmə gəlməlidir, gah deyirlər Minsk Qrupu son sözünü deməyib... Yəni bu cür fikirlər ümidverici deyil. Ona görə Xankəndində Azərbaycanşünaslıq mərkəzinin açılması ilə guya “dövlətlərarası münasibətlər”i oturuşmuş komponent kimi göstərməyə çalışırlar. Onsuz da Qarabağın müstəqilliyi söhbəti yoxdur, 25 min nəfər üçün nə dövlət ola bilər? O səbəbdən guya Azərbaycanla münasibətləri qurmaq üçün uşaqlarına bizim dili öyrədirlər".

Analitikin fikrincə, indi daha vacib məsələ var: “Sülhməramlılar çalışır ki, toqquşma olmasın. Ancaq İrəvan açıq bəyan etsin ki, bizə qarşı ərazi iddiası yoxdur, kommunikasiyalar açılmalıdır. Hazırda revanşistlər Paşinyanı təhrik edirlər ki, Qarabağa gəlsin, amma baş nazir bunu etmir. Paşinyan mesaj verir ki, biz münasibət qurmağa hazırıq, bunun bir komponenti də guya Xankəndində Azərbaycanşünaslıq mərkəzidir. Qarabağdakı revanşistlər də sağlam dalğaya köklənməlidirlər, çünki proses onların iradəsində deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.