Ərdoğanın 3+3 formatına və Zəngəzur dəhlizinə KREMLDƏN DƏSTƏK - TƏHLİL

5-11-2021, 10:05           
Ərdoğanın 3+3 formatına və Zəngəzur dəhlizinə KREMLDƏN DƏSTƏK - TƏHLİL
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ölkəsinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ortaya qoydu . Bununla da rəsmi Moskva Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın 3+3 formatına və Zəngəzur dəhlizinə dəstək vermiş olduğunu nümayiş etdirdi.

Türkiyə Prezidentinin irəli sürdüyü ideyaya açıq dəstək anlamı daşıyan bu açıqlama Ermənistanın da yaxın gələcəkdəki razılaşmasını özündə ehtiva edə bilər. Ərdoğanın ən yaxın silahdaşlarından biri olan Binəli Yıldırımın da Zəngəzur dəhlizi açıqlaması bu istiqamətdə ciddi bir prosesin getməsi barədə təxminlər yaradır. Bundan xeyli əvvəl Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti və bu istiqamətdə aparılan işlərdən danışmışdı. Sitat: “Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır”. Cənab İlham Əliyevin inamlı mövqeyi Zəngəzur dəhlizi ilə bağlı geridönüşün olmayacağına əminlik yaratdı. Artıq iki prezident Şərqi Zəngəzurda bu dəhlizin əsasını da qoyublar. Bu layihənin 22-ci ildə gerçək olacağını bütün dünya görə biləcək...

Polotoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında prosesin öz axarı ilə gedəcəyinə inamını ifadə etdi: “Rusiya Xarici İşlər Nazirliyi sözçüsünün 3+3 regional əməkdaşlıq formatı və Zəngəzur dəhlizi ilə bağlı ölkəsinin rəsmi mövqeyini daha aydın və birmənalı şəkildə ifadə etməsi, regionda kommunikasiyaların açılması, həmçinin davamlı sülhün əldə edilməsi istiqamətində irəliləyişlərin olduğundan xəbər verir. Xatırlayırsınızsa, Türkiyə və Rusiya prezidentlərinin son görüşündən sonra ”Yeni Müsavat" qəzetinə verdiyim açıqlamada bu barədə danışmışdım. Sitat: “Düşünürəm ki, hər iki dövlətin lideri bölgədə davamlı sülhün təmin edilməsi üçün səylərini davam etdirəcəklər. Bu məsələdə Rəcəb Tayyib Ərdoğanın beynəlxalq hüququn norma və prinsiplərindən, Azərbaycanın maraqları ilə tamamilə üst-üstə düşən mövqeyindən bir addım da geri çəkilməyəcəyini, həmçinin Rusiya ilə bir çox məsələlərdə, o cümlədən kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin reallaşması məsələsində, prosesin intensivləşməsində uzlaşma əldə edə biləcəyi qənaətindəyəm”.

Zaxarovanın açıqlaması da sübuta yetirir ki, uzlaşma var və prosesin intensivləşməsi istiqamətində addımlar atılır". Siyasi analitik qeyd etdi ki, 3+3 formatının real iqtisadi əməkdaşlıq platformasına çevrilməsi Zəngəzur dəhlizi olmadan mümkün deyil: “Dəhliz regional əməkdaşlıq formatının ana xəttini təşkil edir. Məhz bu baxımdan 3+3 əməkdaşlıq formatının reallaşmasının həm də Zəngəzur dəhlizindən asılı olduğunu söyləyə bilərik. Hətta ilkin mərhələdə bu formatın Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanın iştirakı ilə başladılması da mümkündür. Əgər format reallaşarsa, dəhliz və digər kommunikasiyalar açılarsa, o zaman sözügedən formata spektik yanaşan Gürcüstan, yaxud Türkiyənin bölgədəki fəallığından qarın ağrısına düşən İran prosesə daxil olmağa cəhd göstərəcəklər. Əks təqdirdə, hər iki ölkə regional və subregional proseslərdən kənarda qalacaq, kifayət qədər ciddi gəlirlərdən məhrum olacaq. Məsələn, İran 3+3 formatına qatılmağa gecikərsə, o zaman bu ölkənin Şimal-Cənub nəqliyyat dəhlizindəki funksional rolu da şübhə altına düşəcək və Zəngəzur dəhlizi digər, Şimal-Cənub nəqliyyat dəhlizi ilə rəqabətdə olan qlobal kommunikasiya sisteminin tərkib hissəsinə çevriləcək ki, bu da nəticə etibarilə İranın ön və Mərkəzi Asiyadan keçən nəqliyyat dəhlizlərindəki rolunun azalması deməkdir. Tehran ideoloji zəhərini bir kənara qoyub, praqmatik siyasət yürüdərsə, bölgədən keçən bütün nəqliyyat dəhlizlərinin önəmli hissəsinə çevrilə, ilk baxışda rəqib kimi görünən kommunikasiyalar arasında sinerji yaratmaqla daha böyük iqtisadi və siyasi dividendlər əldə edə bilər”.

Türkiyə lideri 26 oktyabrda Zəngəzur yolunun təməlinin qoyulması mərasimində dəhlizlə bağlı inamını ifadə etmişdi. “Biz bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək”, - Türkiyə Prezidenti deyib. Cənab Ərdoğan G-20 zirvəsindən dönərkən dəhlizlə bağlı yalnız Gürcüstanın tərəddüd etdiyini vurğulamışdı.

E.Mirzəbəyli bildirdi ki, İrandan fərqli olaraq, Gürcüstanın bu prosesə spektik yanaşmasının səbəbi ölkənin ərazi bütövlüyü ilə bağlıdır: “Zənnimcə, hazırda Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə müəyyən irəliləyişlərə nail olmaq üçün əlverişli imkan yaranıb. Rusiya prezidentinin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesində SSRI silahlı qüvvələrinin mərkəzi qərargahının xəritələrindən istifadə ediləcəyini vurğulaması, bütövlükdə bölgədə mövcud olan mübahisələrə son qoya və president yarada bilər. Xatırladım ki, Gürcüstan Zaqafqaziya Sosialist-Federativ Respublikasının tərkibindəki üç dövlətdən biri kimi SSRİ-yə qatılanda Abxaziya, Acarıstan və Cənubi Osetiya Gürcüstanın muxtar inzibati ərazi subyektləri olublar. Məhz bu baxımdan, 3+3 platformasının Gürcüstanın milli maraqları üçün də önəmli olduğunu düşünürəm”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni bir geoiqtisadi sistem formalaşır: “Burada nəqliyyat və kommunikasiyaların açılması mütləqdir. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bu proses öz həllini tapacaq. Məhz Rusiyanın XİN rəsmisinin Zəngəzur dəhlizi və 3+3 formatı barədə qeyd etdikləri göstərir ki, Moskva da prosesdə maraqlıdır. Ona görə də Ermənistana təsir etməli və geoiqtisadi layihələr, nəqliyyat yollarının açılması tezləşməlidir. Xüsusilə Zəngəzur dəhlizinin açılması artıq labüddür və bu, Avropa ilə Asiyanı birləşdirəcək yeni bir nəqliyyat habıdır. Həmçinin bu dəhliz Rusiyanın da müəyyən maraqlarına cavab verir. Türkiyə və Rusiya bu məsələdə anlaşıb və düşünürəm ki, Ankara prosesin tezləşdirilməsi üçün Moskva ilə bir sıra istiqamətlərdə razılaşıb”. Politoloq prezidentlərin Zəngəzur səfərini təsadüfi hesab etmir: “Cənab Ərdoğanın Şərqi Zəngəzura səfəri və cənab İlham Əliyevlə dəhlizin təməlini atması sıradan bir hadisə deyil. Demək, məsələlər öz həllini tapacaq. Azərbaycan və Türkiyə bu prosesin aparıcı üzvləridir və Zəngəzur dəhlizinin açılması istiqamətində gələn ildən real işlərə başlanıla bilər. Bu dəhliz Türkiyənin Cənubi Qafqazda siyasi əhəmiyyətini artıracaq. Həmçinin Mərkəzi Asiya ilə yeni körpü yaradılacaq”.

Artıq ermənilər də başa düşürlər ki, Azərbaycan 44 günlük müharibədən sonra özünün hədəflərinə çatdığı kimi, dəhlizin açılmasına da nail olacaq. İrəvanın son günlər avtomobil yolu və dəmiryol əlaqəsinin bərpa olunacağı barədə ürkək açıqlamaları da Bakının iradəsinin qəbul olunduğuna şübhə yeri qoymur. Elə bu yazı hazırlanarkən erməni ekspertlərdən daha biri reallığın etirafı ilə bağlı mövqeyini açıqladı. “Zəngəzur dəhlizi məsələsi demək olar ki, həll olunub və müzakirələr detallar üzərində gedir”. İrəvandakı Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan “Ermənistan-Xəbərlər” agentliyinə videomüsahibəsində belə deyib. Onun sözlərinə görə, noyabrın 8-də, 9-da, yaxud 10-da Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün baş tutub-tutmayacağı mühüm deyil. Mühüm olanı budur ki, belə görüş gec-tez olacaq və dəhliz məsələsi müzakirə ediləcək, hansısa müqavilə imzalanacaq (Virtualaz.org). “Bu sənəd müqavilə, yaxud başqa necəsə adlana bilər, amma heç bir şübhə yoxdur ki, proses gedir. Məsələ olduqca fəal müzakirə olunur, ümumən, kobud desək, həll olunub və aydındır ki, dəhliz açılacaq. Hansı variantda, hansı texniki şərtlərlə, necə, bütün bunlar müzakirə predmetidir”, - erməni ekspert bildirib. İsgəndəryanın sözlərinə görə, dəhlizin açılması məsələsi praktiki olaraq həll edilsə də Ermənistan rəhbərliyi bunu ictimaiyyətdən ört-basdır etməyə çalışır. “Bu məsələdə Ermənistana təzyiqlər çox ciddidir, konsolidə edilmişdir və müxtəlif tərəflərdən yönəlib”, - o əlavə edib. Ermənistandakı revanşist qüvvələr isə hələ ki sarsaq mövqelərindən əl çəkmək istəmirlər. “Hayastan” partiyası və digərlərinin, o cümlədən Qarabağ klanının 8 noyabrdan mitinqlərə başlayacağını elan etməsi də heç şübhəsiz Zəngəzur dəhlizinə qarşı təxribatdır. Nikol Paşinyan özünü və ölkəsini xilas etmək istəyirsə, həm də bu revanşist və cinayətkar dəstəni yerində oturtmalıdır. Zaman gözləmir. Heç Azərbaycan da: Zəngəzur dəhlizi ya açılacaq, ya da açılacaq!
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.