"2-ci qızılgül inqilabı" astanada - Saakaşvili hər şeyi dəyişə bilər?
6-11-2021, 20:18

“Müşahidə və təcrübəmdən çıxış edərək demək istəyirəm ki, bugünkü cəmiyyət radikal dəyişikliyə “qızılgül inqilabı”ndan əvvəlkindən daha hazırdır. O vaxtdan daha çox məlumatlı və birgəyik”.
Bu sözləri Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili deyib. Gürcüstan xalqını meydanlara səsləyən sabiq prezident onlara zaman da verib:
“Gələn həftə bütün Gürcüstan Tiflisə axışmalı və tarix açıqlanan kimi mühacirlər ölkəyə dönməlidirlər. Qalib bələdiyyə sədrlərinin və digər liderlərin bir çox yerlərdə eyni vaxtda mitinqlər keçirməsi koalisiya mövqeyini ürəkdən dəstəkləyirəm”.
Aclıq aksiyası keçirən Saakaşvili Gürcüstanın qələbəsini qeyd edənə qədər dözəcəyini, zəfər çalacaqlarına inandığını qeyd edib.
Mövcud vəziyyətdə Gürcüstanda “ikinci qızılgül inqilabı” baş verə bilərmi? Saakaşvilinin inqilab ilə yenidən Gürcüstan hakimiyyətinə qayıdışı Gürcüstanda nəyi dəyişə bilər?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan politoloq Elşən Manafov Gürcüstanda yaranmış hazırkı vəziyyətdən Qərbin yararlana biləcəyini deyib:
“Əslində, Gürcüstanda “qızılgül inqilabı”nın baş vermə ehtimalı Gürcüstan uğrunda Rusiya və ABŞ arasında gedən geosiyasi rəqabətin ABŞ-ın xeyrinə dəyişməsi olacaq.
Düşünürəm ki, Gürcüstanın indiki durumunda bu, Gürcüsatanın xeyrinə olmayan bir vəziyyətin yaranmasına səbəb ola bilər. Saakaşvilinin hərəkətləri Gürcüstanı vətəndaş qarşıdurmasına sürükləyə bilər və bu arzuolunmazdır.
Bir tərəfdən, bələdiyyə seçkilərinin saxtalaşdırılması ilə bağlı Saakaşvili tərəfdarlarının əlində kifayət qədər ciddi dəlil və sübutlar yoxdur. Digər tərəfdən, seçkilərdə də Saakaşvilinin rəhbərlik etdiyi partiya kifayət qədər yüksək reytinq və nəticələr əldə edib. Ölkənin siyasi sistemində Saakaşvilinin rəhbərlik etdiyi partiyanın özünəməxsus yeri və təsir imkanları var. Sadəcə olaraq, Qərb bu imkanları bəlli bir müstəvi üzərinə gətirmək və hakimiyyətlə müxalifət arasındakı münasibətləri Saakaşvilinin rəhbərlik etdiyi partiyanın xeyrinə dəyişmək üçün yaranmış şansdan və vəziyyətdən istifadə etmək istəyir.
Əlbəttə ki, bu da arzuolunmazdır. Çünki Gürcüstan Prezidentinin özü də Saakaşvilinin əfv olunması ilə bağlı məlum müraciətə yox deyib. Belə olduqda, yəni Saakaşvili tərəfdarlarının təzyiq göstərəcəyi təqdirdə ölkənin hüquq-mühafizə orqanları ilə tərəfdarlar arasında qarşıdurmanın olması qaçılmazdır. Bu da vəziyyətə baxır.
Əgər Gürcüstandakı hüquq-mühafizə orqanları növbəti “qızılgül inqilabı”nın qarşısını almaq üçün ciddi imkanlara malikdirsə, əgər hakimiyyətin ölkə ərazisinin əksər hissəsi tərəfindən legitimliyi qəbul olunursa, inqilabın reallığa çevrilməsi bir qədər müşkül məsələ olacaqdır. Bir tərəfdən də hadisələr 2004-cü ildə Ukraynada olduğu kimi cərəyan edə bilər. O zaman Ukraynada meydan hərəkatının qələbə çalmasının mühüm səbəblərinin biri Yanukoviçin ciddi güzəştlərə getməsi oldu və bu ciddi güzəştlərin də arxasında Yanukoviçin Qərb banklarında olan sərmayələri dururdu.
Nəzərə alsaq ki, Bidzina İvanişvili daha çox Rusiyaya bağlı bir oliqarxdır, düşünürəm ki, İvanişviliyə münasibətdə yəqin ki, Qərbin Yanukoviç qədər təsir etmək imkanları olmamalıdır. Bütün hallarda Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmişdir.
Hadisələr Rusiya və Qərbin xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. Bütün hallarda biz Gürcüstandakı mövcud olayların, problemlərin qanun çərçivəsində həllinin tərəfdarıyıq. Gürcüstan bizə dost və müttəfiq ölkədir. Region dövlətlərin birində sabitliyin pozulması regional əməkdaşlıq və təhlükəsizlik məsələlərinə ciddi problem yarada bilər”.
Politoloq hesab edir ki, Saakaşvilinin yenidən hakimiyyətə qayıdışı Gürcüstanda yaşayan orta təbəqənin inkişafına, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcək:
“Saakaşvilinin hakimiyyətə qayıdışı Gürcüstanda Qərbin xeyrinə olaraq dəyişməsinə səbəb olacaq. Düşünmürəm ki, qısa zaman kəsiyində Saakaşvili Gürcüstan üçün ərazi bütövlüyü ilə problemləri, yəni Asetiya və Abxaziya məsələsini Gürcüstanın xeyrinə həll edə bilsin.
Gürcüstanın hər halda bir dövlət olaraq qarşısında duran mühüm məsələlərdən biri bundan ibarətdir. Amma Saakaşvili hakimiyyət başına qayıdacağı təqdirdə, şübhəsiz ki, korrupsiyaya qarşı növbəti mübarizə dalğasının yüksəlişini görəcəyik.
Bütün hallarda Saakaşvilinin qayıdışı ölkədə, xüsusilə, sosial müdafiəyə ehtiyacı olan əhalinin sosial rifahının yaxşılaşdıra biləcəyi addımların atılacağını mən istisna etməzdim.
Saakaşvilinin hakimiyyətə qayıdışı Gürcüstanda orta təbəqənin yenidən cəmiyyətdə çəkisinin artmasına yetərincə təsir göstərə biləcək arqument kimi qəbul oluna bilər.
Bu arqumentlər Saakaşvilinin partiyasının xeyrinədir. Saakaşvili hakimiyyət başına gələcəyi təqdirdə Gürcüstan və Azərbaycan arasında strateji münasibətlərə heç bir təsir göstərməyəcək”.
Moderator.az