"Ermənistan özünü şıltaq gəlin kimi aparır..." - İNCƏLƏMƏ...
1-01-2022, 10:06

Ermənistanın Mülki Aviasiya Komitəsi “Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reysləri yerinə yetirməyə icazə verib.
Uçuşlar yanvar ayından başlayacaq. Şirkət hələ dekabrın 23-də Ermənistanın Ərazi İdarəçiliyi və İnfrastruktur Nazirliyinə uçuşlarla bağlı müraciət etmişdi. Ölkələr arasında diplomatik münasibətlərin olmaması səbəbi ilə çarter uçuşları qeyri-müntəzəm olacaq. Ermənistan hökumətinin 2021-ci ildəki sonuncu iclasının gündəliyinə Türkiyə istehsalı olan mallara embarqonun uzadılması məsələsi salınmayıb. Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin “Facebook” səhifəsində bildirilib.
Bununla da 2022-ci il yanvarın 1-dən Türkiyə mallarına qarşı məhdudiyyətlər aradan qaldırılacaq. Qeyd edək ki, Ermənistan hökuməti Türkiyə istehsalı olan malların ölkəyə buraxılmaması barədə qərarı 2020-ci il oktyabrın 20-də verib. Qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minib, daha sonra yayda qərar dekabrın 31-nə qədər uzadılıb.
Beləliklə, Türkiyə ilə Ermənistan arasında əlaqələrin bərpası prosesinə rəsmən start verilib. Yanvar ayının birinci yarısında Moskvada Türkiyə və Ermənistan nümayəndələrinin görüşünün baş tutacağı gözlənilir. Sərdar Kılıc və Ruben Rubinyan müzakirə olunan məsələlər barədə ilkin razılığa gələrsə, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımlar atıla bilər. Buna baxmayaraq, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində gərginlik hələ aradan qalxmadığından sülh prosesinin pozulması riski qalır. Regionda münaqişələrin olmasında kifayət qədər maraqlı qüvvələr var. Belə situsiyada Azərbaycanın və Türkiyənin Ermənistanla barışıq əldə etməsinə zərbə vurmağa çalışan dairələr istənilən vaxt fəallaşa bilər.
Teref.az xəbər verir ki, bu barədə cebhe.info-ya danışan politoloq Tofiq Abbasovun sözlərinə görə, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması çoxdan gözlənilən proses idi. Tərəflər arasında barışığın olacağı məlum idi. Amma bu, Ermənistana daha çox lazımdır: “Ermənistan özünü şıltaq gəlin kimi aparır. Çünki bütün bölgədə gərginliyin yaradıcısı, yeni təhlükələri, yeni lazımsız çağırışları meydana gətirir, həm də özünü incidilən tərəf kimi aparır. Guya bütün ölkələr, qonşuları ona borcludur. Əslində, belə deyil. Ermənistan gərək bütün davranışlarını köklü surətdə dəyişsin və qonşularından üzr istəsin. Çünki Ermənistan etdiyi yalnız destruktiv fəaliyyətdən ibarətdir. Belə olan halda Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini bu prosesi razılaşdırdığını görürük.
“3+3” formatı gündəmdə olduğu üçün bu gözlənilən idi. Gürcüstan bu formata problem yaratsa da, İran “3+3” platformasında iştirak etməyə razılıq verib. Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, biz Azərbaycan, Türkiyə, Rusiya və Ermənistandan ibarət “3+1” formatına da razıyıq. Ermənistanın çıxış yolu yoxdur. Ermənistan üçün yeganə alternativ öz səhvlərini boynuna almaqdan, gərginlik yaratmamaqdan ibarətdir. Ona görə də Ermənistanın özü üçün, yəni problemə son qoymaq, tənəzzülə son qoymaq üçün sərhədlərin açılması lazımdır.
Son illər ərzində Ermənistan “Bizi blokadaya salıblar” deyə səs-küy qaldırsa da, İran və Gürcüstan vasitəsilə dünyaya çıxışı var idi. Sadəcə bu göstərdi ki, Ermənistanın xilası və ən yaxşı çıxış yolu Azərbaycanla, Türkiyə münasibətlərini qurmaqdan keçir. Ona görə də indi “Türkiyə ilə münasibətləri bərpa etsələr, yaxud Azərbaycanla münasibətləri qursalar bu, necə qarşılanacaq?”,-deyə təlatüm yaşayırlar. Necə qəbul olunmalıdır? Bütün gərginliklərin səbəbi siz özünüzsüz. İndi gərək səhvlərinizi düzəldəsiniz. Bu baxımdan, Azərbaycan buna etiraz etmir. Hesab edirəm ki, növbəti mərhələ Azərbaycanla münasibətlərin bərpası olacaq. Çünki bu vəziyyətin yaranmasında Ermənistan özü günahkardır. Sərhədlərin bağlı qalması, kommunikasiyaların qapanması Ermənistanın lazımsız hərəkətlərinin ucbatından meydana gəlib. Ona görə də biz yavaş-yavaş debolkadanın şahidi olacağıq. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməlidir. Bu, yeni çağırışlara cavabdır”.
Tofiq Abbasov münasibətlərin normallaşmasına maneə ilk növbədə, Ermənistanın daxilindəki radikal qüvvələr və onlara dəstək verən xarici siyasi dairələr, hərbi sənayeyə qulluq edən mafioz qruplardır:
“Onlar çalışırlar ki, bu bölgədə sabitlik olmasın. Ermənistanla Azərbaycan və Türkiyə arasında gərginliyin olmaması onlara sərf edir. Çünki silah-sursat satırlar. Digər tərəfdən, çalışırlar anti-türk, anti-müsəlman təbliğatını gücləndirsinlər. Bu proseslərin sonunda bir məntiq var. Ermənistan özü üçün uçuruma yol qazırdı. İndi artıq heç bir şey edə bilməyəcək və istəyir özünü yavaş-yavaş sağlam qüvvə kimi qələmə versin. Bu olarsa, bölgədə də sabitlik sürəcək. Sabitliyi pozmaq cəhdləri olacaq. Amma bunlar epizodik olacaq daimi trendə çevrilə bilməyəcək”.