Molla rejiminin Cənubi Qafqaz İŞTAHASI... - Hədəfləri nədir?

10-02-2022, 11:16           
Molla rejiminin Cənubi Qafqaz İŞTAHASI... - Hədəfləri nədir?
Zəngəzur vilayətində İranın baş konsulluğunun açılış tarixi çox yaxında elan ediləcək. DİA.AZ-ın məlumatına görə, İranın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri jurnalitlərə belə deyib.

“Konsulluğun açılması üçün tələb olunan müəyyən inzibati proseslər hazırda aparılır. Həm Ermənistan, həm də İran tərəfi bu prosesi başa çatdırmalıdır”, - deyə səfir bildirib.

Qeyd edək ki, İran Qafan şəhərində konsulluq açmaq niyyətindədir.

Rəsmi Tehranın bu addımı Türkiyənin Zəngəzurda və Qarabağda artan geosiyasi təsirinə qarşı mövqeyini gücləndirmək niyyəti kimi şərh edilir.

Eyni zamanda, İran Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini dəstəklədiyini bəyan etsə də, İkinci Qarabağ Müharibəsindən sonra regionda geosiyasi konfiqurasiyanın dəyişməsini qəbul etmək istəmir.

Bunu İran Prezidenti İbrahim Rəisi Rusiyaya səfəri zamanı bir daha açıq şəkildə dilə gətirdi. Yəni İran rejimi Azərbaycanın sərhədlərinin və ərazi bütövlüyünün bərpasını öz maraqlarına zidd hesab edir.

Məlum olduğu kimi, Gorus-Qafan yolunun Qubadlı rayonu ərazisindən keçən 21 kilometrlik hissəsinə Azərbaycan nəzarət edir. Ötən ilin avqust ayında Qarabağdakı ermənilərə qanunsuz yük aparan İran yük maşınları Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmışdı. Bu isə iki ölkə arasında diplomatik gərginliyə səbəb oldu. İndi İran Qafanda konsulluq açmaqla Azərbaycanın bu bölgədə artan nəzarət imkanlarını qəbul etmədiyinə və Ermənistanın yanında yer aldığına işarə edir.

Digər tərəfdən, Zəngəzur dəhlizindən dəmir yolunun açılması ilə Türkiyənin bölgədə geosiyasi mövqeyinin güclənəcəyi gözlənilir. Arazdəyən-Culfa-Mehri-Ağbənd-Horadiz dəmir yolu xəttinin Horadiz-Ağbənd hissəsinin bərpası ilə bağlı işlərin xeyli hissəsi həyata keçirilib. Yolun Ermənistan ərazisindən keçən 45 kilometrlik hissəsində tikinti işlərinin qiymətləndirilməsi başa çatıb.

Bərpa işlərinin Cənubi Qafqaz Dəmir Yolunun konsessiya rəhbərləyini idarə edən “Rusiya Dəmir Yolları” QSC tərəfindən başlanılması üçün danışıqlar aparılır. Dəmir yolunun işə düşməsi Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən strateji əhəmiyyətə malik Avrasiya nəqliyyat və kommunikasiya dəhlizində iştirak imkanlarını artıracaq. Bu həm də Türkiyənin geosiyasi təsirini genişləndirə bilər.

Eyni zamanda, Türkiyənin Ermənistanla münasibətlərin normallaşmasına dair danışıqlar müsbət nəticə verərsə, bölgədə yeni mənzərə yaranacağı proqnozlaşdırılır. İlk növbədə, türk istehsalı olan mal və məhsullar İranı Ermənistan bazarından sıxışdıra bilər.

Bu proseslərin fonunda İranın Zəngəzurda konsulluq açması Azərbaycanın və Türkiyənin bölgədə rolunun artmasından narahatlığını ifadə edir. Yəni rəsmi Tehran bildirmək istəyir ki, bölgədə atılan addımlar İranın maraqları nəzərə alınmaqla baş tuta bilər. Bu həm də Ermənistana təzyiq göstərmək və onu yenidən qarşıdurmaya çəkmək cəhdidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru