"Biz uşaq və qadınlarla müharibə aparmırıq" - Zakir Həsənov
6-04-2016, 19:30
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 6-da ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.
teref.az-nun məlumatına görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrlə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov düşmən tərəfindən ölkəmizin yaşayış məntəqələrinin və mülki əhalinin atəşə məruz qalması faktlarını qarşı tərəfin diqqətinə çatdırıb.
Müdafiə naziri bildirib:
"İtkilərə və günahsız insanlar arasında ölüm hallarına görə dərin təəssüf hissi keçiririk. Biz qarşı tərəf kimi uşaq və qadınlarla müharibə aparmırıq. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə əsasən, eləcə də Azərbaycan xalqının sülhsevərliyini nəzərə alaraq hərbi əməliyyatları daynadırdıq. Amma ələ edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs rejimi yenə də pozulmaqdadır".
Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını və ərazilərin düşməndən azad edilməsi hüququnu özündə saxladığını bildirən general-polkovnik Z.Həsənov həmsədrlərin diqqətinə çatdırıb ki, baş vermiş son hadisələrdə Silahlı Qüvvələrimizin məqsədi təmas xəttinə yaxın Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulmasının qarşısını almaq və həmin atəş nöqtələrinin məhv edilməsi olub. Azərbaycan Ordusunun düşmənə qarşı həyata keçirdiyi tədbirlər ancaq müdafiənin ön xəttində olan qüvvələrimizin cəlb edilməsi ilə icra edilib.
Müdafiə naziri döyüş toqquşmasında böyük itkilərə məruz qalan erməni hərbi qulluqçularının, eləcə də müxtəlif yerlərdən cəlb edilən muzdluların silah-sursatlarını ataraq öz mövqelərindən qaçdığını bildirib. General-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirlərini davam etdirir. Nazir bir daha qonaqların diqqətinə çatdırıb ki, münaqişənin tezliklə nizamlanmasının yeganə çıxış yolu işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasındadır.
Tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışladıqlarını bəyan edən həmsədrlər bildiriblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı aparılan danışıqlar daha intensiv olmalı və münaqişənin tezliklə həlli istiqamətində mühüm addımlar atılmalıdır.