ABŞ və Avropa Rusiyaya qarşı sanksiyalar barədə siqnallar verir

23-02-2022, 00:00           
ABŞ və Avropa Rusiyaya qarşı sanksiyalar barədə siqnallar verir
Prezident Vladimir Putinin Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk bölgələrinin müstəqilliyini tanımasından sonra ABŞ və Böyük Britaniya çərşənbə axşamı Rusiyaya qarşı əlavə sanksiyalar elan etməyə hazırlaşır.

Yüksək rütbəli ABŞ rəsmisi, bazar ertəsi axşam jurnalistlərlə telefon brifinqində bildirib ki, “Rusiya beynəlxalq hüququn, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün, habelə Rusiyanın beynəlxalq hüquq normalarının bu açıq şəkildə pozulmasına görə məsuliyyət daşıyacaq". Lakin administrasiya rəsmisi bu addımların konkret nədən ibarət olacağı barədə məlumat verməkdən imtina edib.

Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Trussda Rusiyanın addımlarını nəzərdən keçirdiyini bildirərək sanksiyalar barədə siqnallar verib. Digər tərəfdən Ukraynanın tələbi ilə bazar ertəsi axşam təcili toplanan BMT-nin Təhlükəsizlik Şurasının iclasında Fransa və Almaniya nümayəndələri çıxışları zamanı sərt tədbirlərdən danışıb.

Digər tərəfdən Prezident Co Bayden ilkin sanksiyalar paketini açıqlayaraq ABŞ şirkətlərinin seperatçı bölgələrə yeni investisiya, ticarət və maliyyələşdirməni qadağan edib.

Administrasiyanın bir yüksək rütbəli rəsmisi Rusiyanın son addımları ilə bağlı deyib ki, “Bu, təkcə Rusiyanın təhlükəsizliyi ilə bağlı çıxış deyildi. Bu suveren və müstəqil Ukrayna ideyasına hücum idi. O (Putin) Ukraynaya tarixən Rusiyanın bir hissəsi kimi baxdığını açıq şəkildə bildirdi. Və o Ukrayna münaqişəsi ilə bağlı mümkün hərbi əməliyyatları bəhanə etmək üçün hazırlanmış bir sıra yalan iddialar irəli sürdü. Bu, müharibəyə haqq qazandırmaq üçün rus xalqına hesablanmış müraciət idi.”

Lakin rəsmi bu həftə sonu ABŞ Dövlət Katibi Antoni Blinkenin rusiyalı həmkarı Sergey Lavrovla əvvəldən planlaşdırılan görüşün hələ də qüvvədə qalıb-qalmadığına aydınlıq gətiməyib. Görüşün məqsədi Putin və Bayden arasında mümkün sammitə zəmin yaratmaq idi.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova çərşənbə axşamı deyib ki, Rusiya tərəfi hələ də “danışıqlara hazırdır”.
amerikaninsesi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.