Zelenski yenidən ukraynalılara müraciət etdi - VİDEO

23-02-2022, 09:28           
Zelenski yenidən ukraynalılara müraciət etdi - VİDEO
Ukrayna prezidenti Vladimir Zelenski fevralın 22-də yenidən ukraynalılara müraciət edib.

Dövlət başçısı Donbasda vəziyyətin gərginləşməsi fonunda bir daha xalqa üz tutub.

O, bəyan edib ki, Rusiyanın qondarma respublikaları tanıması o deməkdir ki, “biz orada deyilik” ifadəsi “biz buradayıq” ifadəsilə əvəzlənib və bu qərarla Rusiya faktiki olaraq Minsk razılaşmalarından çıxıb.

Zelenski qeyd edib ki, Ukrayna Rusiya ilə həm ikitərəfli formatda, həm də digər dövlətlərin iştirakı ilə danışıqlara hazırdır.

Ukrayna prezidenti Rusiyaya qarşı sanksiyaları alqışlayıb. O, həmçinin ümumi səfərbərliyin hələ planlaşdırılmadığını deyərək xüsusi müddət ərzində ehtiyatda olan hərbçilər üçün çağırış elan edib.

Dövət başçısı Ukraynada iqtisadi vətənpərvərlik proqramına start verildiyini, bununla da xüsusilə biznesin vergi yükünün azaldılacağını və yoxlamaların məhdudlaşdırılacağını nəzərə çatdırıb.

Qeyd edək ki, Zelenski artıq bir dəfə vətəndaşlara müraciət edib. Son videomüraciətində prezident yuxusuz gecə üçün heç bir səbəb olmadığını, Ukrayna sərhədlərinin etibarlı şəkildə qorunduğunu bildirib.

Zelenskinin müraciəti Rusiyanın qondarma respublikaları tanıması fonunda çağırılan Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra qeydə alınıb.

Dövlət başçısı bildirib ki, Ukrayna Rusiya Federasiyasının hərəkətlərini suverenliyin pozulması kimi qiymətləndirir və bu, Rusiya Federasiyasının Minsk razılaşmalarından çıxması anlamına gəlir.

Xatırladaq ki, bu gün Estoniya prezidenti ilə mətbuat konfransı zamanı Zelenskiyə Ukraynada hərbi vəziyyətin tətbiq edilib-edilməyəcəyi ilə bağlı sual verilib. Dövlət başçısı bildirib ki, o, tammiqyaslı hərbi eskalasiyanın mümkünlüyünə inanmır. Lakin bu baş verərsə, Ukraynada hərbi vəziyyət tətbiq olunacaq.


Mənbə: rbc.ua












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.