Rusiyadan Almaniyanın “Şimal axını 2” qərarına cavab… Avropada qazın qiyməti 3 dəfə qalxa bilər - Cəsur dünyaya xoş gəldiniz!

23-02-2022, 12:14           
Rusiyadan Almaniyanın “Şimal axını 2” qərarına cavab…
Almaniya kansleri Olaf Şolz Rusiyaya qarşı sanksiyalar çərçivəsində “Şimal axını 2”yə lisenziya verilməyəcəyini bəyan etdikdən sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevdən cavab gəlib. Medvedev Almaniyanın qərarının qazın qiymətini 3 dəfə qaldıracağını deyib.

Medvedev “Almaniya kansleri Olaf Şolz “Şimal axını 2” qaz kəmərinin təsdiqi prosesinin dayandırılması barədə sərəncam verib. Yaxşı. Avropalıların çox yaxında 1000 kubmetr qaza görə 2000 avro ödəyəcəkləri cəsur yeni dünyaya xoş gəldiniz!” deyib.

Hazırda Avropada min kubmetr qazın qiyməti 710 avro civarındadır. Yəni Medvedev son açıqlamalarında Almaniyanın qərarının qazın qiymətini üç dəfə artıracağına işarə edib.

Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqanskın müstəqilliyini tanıdıqlarını bəyan etdikdən sonra Almaniya bir müddətdir müzakirələrin mərkəzində olan “Şimal axını 2” boru kəməri layihəsini dayandırmaq qərarına gəlib. Almaniya kansleri Olaf Şolz, Rusiyanın son addımlarından sonra “Şimal axını 2”yə ​​lisenziya verməyin artıq mümkün olmadığını deyib.

Rusiya qazını Baltik dənizinin dibi ilə birbaşa Almaniyaya ötürən 1230 kilometr uzunluğundakı “Şimal axını 2”nin tikinti işləri ötən ilin sentyabrında tamamlansa da, lazımi icazələr verilmədiyi üçün hələ də istifadəyə verilməyib.

2018-ci ildə tikintisinə başlanan 9,5 milyard avroluq layihəyə enerji nəhəngləri ENGIE, OMV, Royal Dutch Shell, Uniper və Wintershall sərmayə qoyub. Boru kəməri Finlandiya, İsveç və Danimarkanın ərazi sularından keçir. İşə düşərsə, xətt vasitəsilə ildə 55 milyard kubmetr Rusiya qazı Almaniya üzərindən Avropaya ötürüləcək. “Şimal axını 1”lə ümumi qaz nəqli ildə 110 milyard kubmetr olacaq.

Layihənin əsas podratçısı olan “Qazprom” xərcləri açıqlamasa da, təhlillərə görə, Qərbi Sibirdəki yataqlardan Avropaya 1 milyard kubmetr qazın nəqli xərcləri Ukrayna və Slovakiya üzərindən 41-42 milyon dollar, Baltik dənizindən keçən "Şimal Axını 1" xətti istifadə edildikdə isə 23 milyon dollar təşkil edir. "Şimal Axını 1"dən istifadə edilməsi xərclərin təxminən 60 faiz azalması deməkdir. “Şimal axını 2”də də xərclərin təxminən bu qədər aşağı olacağı gözlənilir.

Ukrayna və Slovakiyadan keçən boru kəməri təxminən 26 milyard kubmetr ötürmə qabiliyyətinə malikdir. “Şimal axını 2”nin isə sözügedən xəttə görə, daha etibarlı və daha ucuz alternativ olacağı gözlənilirdi.

“Şimal axını 2”nin bir sıra üstünlükləri olsa da, xüsusilə ABŞ Avropanın Rusiya qazından asılılığını artıracağından ehtiyat edərək bu layihəyə çoxdan qarşı çıxır. Bayden administrasiyası bəyan edir ki, Rusiya Ukraynanı işğal edərsə, layihənin fəaliyyət göstərməsinə mane olacaqlar. Almaniya isə ABŞ-ın etirazlarına baxmayaraq, son böhrana qədər layihəni həyata keçirmək üçün böyük səy göstərib.

Ən son məlumatlara görə, 27 üzvü olan Avropa İttifaqının istifadə etdiyi təbii qazın 38,1 faizi Rusiyadan gəlir. Çexiya və Latviya kimi Aİ-yə üzv ölkələr isə qazın 100 faizini Rusiyadan alır. Almaniyanın istehlakında isə Rusiya qazının payı 65 faizdir. ABŞ bu nisbətin artmasının Rusiyanın siyasi cəhətdən əlini gücləndirdiyini düşünür. Ancaq Avropa İttifaqı ölkələrinə qazın 38 faizinin Rusiyadan gəldiyini nəzərə alsaq, hazırda Avropanın Rusiya qazından imtina edəcəyi real görünmür.

Bundan əlavə, Avropa ölkələri böhran dərinləşərsə Rusiyanın Ukraynaya qaz nəqlini kəsmək ehtimalından qorxur. Bu baş verərsə, qitədə onsuz da artan enerji xərclərinin daha da artacağı gözlənilir.

Tahir TAĞIYEV
bakixeber












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.