Kreml dilemma qarşısında! – “Gürcüstan və Ermənistanda da Rusiya əleyhinə proseslər...”

1-03-2022, 18:28           
Kreml dilemma qarşısında! –
“Bəlkə də, indi rəsmi İrəvan rus qoşunlarının öz ölkəsindən çıxarılması ilə bağlı addım atmağı düşünür”

“Paşinyan Rusiyanın Avropa Şurasından çıxarılması məsələsində onun əleyhinə səs versə də, onun yanından qaçmaq üçün fürsət axtarır”


Hazırda Rusiyanın Ukraynaya hücumu davam edir. Müxtəlif şəxslər tərəfindən rəsmi Moskvanın Ukraynada məğlubiyyətə uğrayacağı təqdirdə onun təsirində saxladığı ərazilərdə də mövqeyinin zəifləyəcəyi ilə bağlı fikirlər səsləndirilir.Bu məqamda 2008-ci ildə Rusiyanın Gürcüstandan qopardığı Cənubi Osetiya və Abxaziya yada düşür. Maraqlıdır, Rusiya hazırda Ukraynada məğlub olarsa,bu, Gürcüstan, Moldova və Azərbaycanda separatizmə qarşı müqavimət meyillərini gücləndirə bilərmi?

Mövzunu politoloq, “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri Samir Hümbətov “Sherg.az”a dəyərləndirib. O bildirib ki, Rusiya artıq çox çətin bir dilemma qarşısında qalıb:

“Ukraynaya hərbi və mənəvi dəstək artıqca rəsmi Moskva dərin narahatlıq keçirir. Rusiya apardığı işğalda zəifləyib. Bu digər ərazilərdə, xüsusən də, Abxaziya və Cənubi Osetiya məsələsində yenidən alovlanmaya səbəb ola, Gürcüstanın həmin ərazidə möhkəmlənməsinə gətirib çıxara bilər. Amma bunun yaxın zamanda baş verməsi o dərəcədə gözlənilən deyil. Çünki hələki Rusiyada az çox dirəniş var”.

Politoloq hesab edir ki, Gürcüstanın yenidən təşkilatlanıb Ukrayna kimi dirəniş göstərməsi üçün zaman lazımdır:

“Bu məsələdə həm də xalqın iradəsi önəmlidir.2008-ci ildə Gürcüstanda baş verən müharibədə xalqı qorxudan əsas qüvvə Rusiya ordusu idi. Rus ordusu o zamann Tiflisin otuz kilometrliyində olan Qoriyə qədər gəlib çıxmışdı. Necə ki, indi də Kiyevin otuz kilometrliyinə qədər gəliblər. Təkcə Gürcüstanda deyil Ermənistanda da Rusiya əleyhinə proseslər başlaya bilər. Bəlkə də, indi rəsmi İrəvan rus qoşunlarının öz ölkəsindən çıxarılması ilə bağlı addım atmağı düşünür.

Paşinyan Rusiyanın Avropa Şurasından çıxarılması məsələsində onun əleyhinə səs versə də, onun yanından qaçmaq üçün fürsət axtarır”.

S.Hümbətov Saakaşvilinin həbsinə diqqət çəkib:

“O hələki həbsdədir. Proseslər Rusiyanın istədiyi kimi getməsə və Qərb bu məsələdə uğur qazansa, onun həbsdən çıxışı sürətlənə bilər. Eyni zamanda Gürcüstanda yeni qərbpərəst bir hakimiyyət formalaşa bilər ki, bu da gələcəkdə Rusiya üçün əlavə baş ağrısı ola bilər”.

Politoloqun fikrincə,Gürcüstanın yenidən Abxaziya və Cənubi Osetiya ərazilərində xüsusən də Qara dəniz sahili bölgələrdə möhkəmlənməsi Rusiyanın imperiya maraqlarına ziddir:

“Bu da yekunda Rusiyanın Qafqazlardan sıxışdırılıb çıxarılmasına aparan yolun başlanğıcı ola bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.