“Antirusiya” sammiti: - Sərkisyan gedir, İlham Əliyev hələ təsdiq etməyib

8-05-2015, 11:58           
“Antirusiya” sammiti: - Sərkisyan gedir, İlham Əliyev hələ təsdiq etməyib
Mayın 21-22-də Latviyanın paytaxtı Riqada keçiriləcək Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammitində İrlandiya və Lüksemburqdan başqa bütün Avropa liderləri iştirak edəcək.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Latviyanın baş naziri Laymdota Strauyuma BNS agentliyinə bildirib.

Rəsmi Moskva “Şərq tərəfdaşlığı” sammitinə qarşı olduğunu açıq bildirib. Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bu günlərdə bəyan etmişdi ki, Riqa sammitinə qatılan keçmiş sovet respublikalarına qarşı Moskvanın cavabı “çox sərt” olacaq. Lukaşeviç bu sammitin antirusiya mahiyyəti daşıdığını bildirib.

“İrlandiyanı sammitdə baş nazir təmsil etməyəcək, çünki orada referendum keçiriləcək. Şəxsi səbəblərə görə Lüksemburqun baş naziri də gəlməyəcək”-deyə xanım Strauyuma bildirib.

Baş nazir deyib ki, artıq Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel “Şərq tərəfdaşlığı” sammitində iştiraklarını təsdiqləyiblər.

“Böyük Britaniyanın baş naziri də gələcək, məsələ ancaq ondadır ki, bu ölkədə keçiriləcək seçkilərdən sonra baş nazir kim olacaq” - deyə Strauyuma qeyd edib.

“Şərq tərəfdaşlığı”ına qoşulan ölkələrdən sammitdə Moldova və Gürcüstanı baş nazirlər təmsil edəcək. Ermənistan prezidenti Serj Sərkisyan da sammitdə iştirakını təsdiqləyib.

Baş nazir deyib ki, ola bilsin Azərbaycan prezidenti də sammitə qatılacaq, lakin o, sammitdə iştirakını hələlik təsdiqləməyib.

Ukraynadan sammitə baş nazir də, prezident də qatıla bilər. Belarusu isə ya baş nazir, ya xarici işlər naziri təmsil edəcək.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” sammitinin yekun bəyannaməsinin layihəsi Rusiyanı qızışdırmamaq naminə xeyli yumşaldılıb, təşəbbüsə qoşulan ölkələrə hansısa ciddi təkliflər sənəddə yer almır.

Bu baxımdan sammitin formal əhəmiyyət kəsb edəcəyi gözlənilir. Əsas intriqa Ukrayna ilə Aİ arasında “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində imzalanmış Assosiasiya razılaşmasının nə vaxtdan qüvvəyə minməsi məsələsi ətrafında olacaq. Bu saziş 2014-cü ilin sentyabrında imzalansa da Rusiyanın mövqeyinə görə onun həyata keçirilməsi 2016-cı ilin yanvarına qədər təxirə salınmışdı.

İndi Aİ israr edir ki, razılaşma həmin tarixdən qüvvəyə minsin, Rusiya isə razılaşmanın daha bir il təxirə salınmasında israr edir. Başıbəlalı Assosiasiya sazişi Ukraynanın indiki acınacaqlı aqibətinin əsas baiskarıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.