Avropadan qovulan mühacirlərin sayı artır - səbəblər

27-04-2022, 08:47           
Avropadan qovulan mühacirlərin sayı artır - səbəblər
Ekspertlərə görə, ölkəyə qaytarılanların əksəriyyəti heç bir səbəb olmadan sığınacaq istəyənlərdir...
Azərbaycandan ən müxtəlif adlar, bəhanə və əsaslandırmalarla Avropaya sığınan azərbaycanlıları geri qaytarırlar. Artıq bu mövzu ölkə gündəmində özünə yer etməkdədir. İllərlə Almaniyada, başqa Avropa ölkələrində sığınacaq ala bilməyən, son aylarda isə Azərbaycana qaytarılan şəxslərdən bəziləri saxlanıb. Onlardan biri də Samir Aşurov adlı keçmiş mühacirdir. Almaniyadan redmissiya olunandan sonra barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İndi isə aclıq aksiyası keçirir.

Xatırladaq ki, Samir Aşurov martın 29-da Almaniyadan deportasiya edilmişdi. 21 gün sonra - aprelin 19-da metronun “Neftçilər” stansiyasının yaxınlığında yaşanan insidentə görə həbs edilib və barəsində Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi qaldırılıb. İttiham sübut olunsa, Cinayət Məcəlləsinin 126-cı maddəsinin sanksiyasına görə Samir Aşurovu 6 ildən 11 ilədək həbs gözləyir. Keçmiş mühacirin vəkili Elçin Sadıqov mətbuata verdiyi açıqlamada bildirib ki, Sami Aşurov aprelin 19-da pasport alaraq, yenidən ölkəni tərk etmək istəyirmiş.

Daha bir faktı da qeyd edək ki, 2021-ci ilin iyun-noyabr aylarında Almaniyadan Azərbaycana deport edilmiş Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimlinin də barəsində müxtəlif səbəblərdən cinayət işi açılıb və həbs-qətimkan tədbiri seçilib.

Bəs Avropa niyə azərbaycanlı mühacirləri toplu halda geri qaytarır? Niyə daha onlara siyasi sığınacaq vermir? Bu məsələdə "vəsiqə alveri"’ barədə iddiaların - müxalifət partiyalarının arzu edənlərə rüşvət müqabilində arayış və üzvlük vəsiqəsi satmaları - təsiri nə qədərdir ? Redmissiya prosesinin Azərbaycan dövlətinə hansı neqativ təsirləri var? Avropadan geri dönənlərin filtirasiya prosesindən keçirilməsi, bəzi hallarda isə həbsə alınmaları hansı prinsiplərlə həyata keçirilir?

Bu və digər suallarla bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a danışıb: “Mühacirliyin əsasları olmalıdır. Adətən mühaciri bir müddət saxlayır, yoxlayır və sonda yoxlama nəticələrinə görə onun barəsində qərar çıxarırlar. Xüsusilə Almaniya ilə bağlı dəqiq bilirəm ki, orada mühacirlərə 2 il, bəzən 3 il yer verirlər, əgər mühacir parametrlərə uyğun gəlmirsə, geri qaytarırlar. Yəni Avropada bununla bağlı qanunauyğun hərəkət edilir”.

İlham İsmayıl qeyd etdi ki, ölkədən gedən mühacirlərin, insan haqları pozuntularının sayının artması dövlətə neqativ təsir edir: “10-15 il əvvəl Azərbaycandan gedənlərin çoxu siyasi mühacirlər idi və sayları çox olduğundan qəbul olunurdu. Daha sonra isə siyasi mühacirlərin sayı azaldı, getdikcə daha çox yaxşı yaşayış üçün gedənlərin sayı artmağa başladı və bunun üçün də qəbul olunanlar da azaldı. Xüsusən də ərəb ölkələrindən, Suriyadan böyük axın olduqdan sonra bu məsələ ilə bağlı daha korrekt yanaşma oldu. Yəni dünyanın başqa ölkələrinə də bu cür yanaşır, Azərbaycanı ayırmırlar. Əlbəttə ki, mühacirlərin, insan haqları pozuntularının sayının artması ölkəyə neqativ təsir göstərir. Lakin 10-15 il ərzində azərbaycanlı mühacirlərin sayı xeyli azalıb. Mən demirəm ki, demokratik quruluş yaranıb, sadəcə, bu proseslər azalıb”.

Ekspert son aylarda bəzi mühacirlərin həbs olunmasına da münasibət bildirib: “Çox təəssüf ki, hazırda neqativ bir proses var. Yəni müəyyən tənqidçi mühacirlər status ala bilməyib, geri qayıdanda onlara qarşı bəzən heç uyğun olmayan, sifarişli tədbirlər görülür. Təəssüflə qeyd edim ki, son aylarda bu cür proseslərin sayı artıb. Bunun isə Azərbaycana çox mənfi təsiri var. İlk növbədə ona görə ki, hazırda Qarabağ məsələsini həll etdiyimiz bir zamanda Qarabağdakı ermənilər məhz bu faktları irəli sürərək, onların təhlükəsizliyi ilə bağlı heç bir qarant olmadığını deyirlər. Ona görə də dövlətimiz bu istiqamətdə beynəlxalq hüquqlara uyğun normal addımlar atmalıdır”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə qeyd etdi ki, Avropada azərbaycanlı mühacirlər həddindən artıq çox deyil və 20-50, lap 100 nəfərin geri qaytarılması Azərbaycan üçün problem yarada bilməz: “Əgər söhbət Rusiyadan, minlərlə mühacirdən getsəydi, təbii ki, böyük narazılıq doğuran məsələ olardı. Avropadan olan mühacirlərin Azərbaycana qaytarılması birdən-birə gündəmə gəldi və son 4-5 ildə daha çox aktivləşib. Hətta 10-15 il orada yaşayanlardan da bəziləri müəyyən səbəblərdən geri qaytarılır. Hesab edirəm ki, bu məsələdə siyasi çalarlar axtarmaq lazım deyil. Avropaya gedən azərbaycanlı mühacirlərin əksəriyyəti heç bir səbəb olmadan ölkəni tərk ediblər. Yəni onların özünə, ailəsinə qarşı hər hansı bir siyasi təzyiq, real təhlükə olmayıb, sadəcə, yaxşı yaşamaq həvəsində olublar. Onların arasında mənim də hörmət etdiyim, əlaqə saxladığım dostlarım var, hansılar ki, ən çətin anlarda da dövlətimzin yanında olmağı bacardılar və bacarırlar. Lakin qeyd etdiyim kimi, sadəcə, vaxtilə müəyyən siyasi proseslərdən sonra ümidsizliyə qapılıb gediblər. Hesab edirəm ki, çox da yaxşı olmayan bir şəraitdə və asılı maddi durumda yaşamaqdansa, elə ölkəyə geri dönməkləri daha yaxşı olardı.

Beləliklə, geri qaytarılanlar vaxtilə müxtəlif təşkilat, partiya və yaxud QHT-lərdən saxta arayış və sənəd alıb, ölkəni tərk edənlərdir. Zaman-zaman saxta sənədlərin üstü açılır, araşdırılır və onlar geri qaytarılırlar. Xatırlayıram ki, vaxtilə Avropa ölkələrinin səfirlərindən biri ilə söhbətləşəndə adlar olan onlarla siyahı təqdim etdi və soruşdu ki, bu insanlara qarşı hər hansı siyasi təzyiq, hüquq-mühafizə orqanları tərəfindən təqiblər varmı? Həmin siyahıda olanların ad və familiyaları bizə tanış gəlmədi və onlar ölkənin hər hansı ictimai-siyasi prosesində olmayan adamlar idi, sadəcə, hansı yollarlasa sənədlər əldə edib Avropaya getmişdilər. Hər halda, geri qaytarılan Azərbaycan vətəndaşlarıdır və mən bütün bunları ürək ağrısı ilə izləyirəm. Onlar əziyyət çəkib gediblər və 3-5 il, 10 ildən sonra geri qaytarılırlar, bu, heç də asan deyil. Əgər tərəf özünə arxayındırsa və hesab edir ki, Avropa onun barəsində doğru qərar verməyib, aidiyyəti qurumlara müraciət edə bilər".

Çingiz Qənizadə qeyd etdi ki, Avropadan geri qaytarılanların hüquq-mühafizə orqanlarına çağırılaraq izahatlarının alınması təbii prosesdir: “Soruşurlar ki, ”hansı əsasla və sənədlə Avropaya getmisən, sənə qarşı hansısa real təhlükə olubmu?" və sairə. Bu prosesə normal yanaşıram. Hətta bir dəfə çağırış etmişdim ki, mühacir insanlarımız, hüquq-mühafizə orqanlarının çağırışlarından çəkinməsinlər və necə getdikləri haqda məlumat versinlər. Beləliklə, filtirasiya prosesi normal haldır və ümid edirəm ki, orada Azərbaycanın hüquq-mühafizə orqanları hər hansı qanun pozuntusuna yol verməyəcəklər və vermirlər. Amma kimsə burada cinayət edib və müəyyən saxta sənədlərlə Avropaya gedibsə, qanunla müəyyən edilmiş formada saxlanıla bilər. Əgər kimsə özünə qarşı qanunazidd hərəkətlərlə qarşılaşarsa, hüquq-mühafizə orqanlarının hərəkətlərini qanunsuz hesab edirlərsə, hüquq müdafiəçilərinə müraciət etsinlər. Hesab edirəm ki, buna heç lüzum da yoxdur, çünki hüquq-mühafizə orqanlarının buna marağı yoxdur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.