Avropa Parlamenti Rusiyaya qarşı Macarıstansız neft embarqosuna çağırıb

22-05-2022, 09:45           
Avropa Parlamenti Rusiyaya qarşı Macarıstansız neft embarqosuna çağırıb
Avropa Parlamentinin vitse-prezidenti Katarina Barli Macarıstanın iştirakı olmadan Aİ-nin Rusiyaya qarşı planlaşdırdığı neft embarqosu ilə bağlı qərar verməyə çağırıb.

Ovqat.com-un məlumatına görə, Barli bu barədə mayın 21-də “Deutschlandfunk” media şirkətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Macarıstanın baş naziri Viktor Orban “Aİ-yə burnu ilə başçılıq etmək istəyir”. Barli Budapeştin milyardlarla yardım tələbini “özündənmüştəbehlik" adlandırıb və həmin "pulların hara gedəcəyini hamının bildiyini" iddia edib.

Macarıstan hökumət başçısını neft embarqosu ilə bağlı mübahisədən əlavə pul qazandırmaq üçün “siyasi oyunbazlıq” metodlarından faydalanmaqda ittiham edən vitse-prezidentin fikrincə, Orbanın əsas dərdi əldə edəcəyi pulu öz “ailəsinin və klanı”nın cibinə axıtmaqdır və Macarıstanda “açıq-aşkar korrupsiyalaşmış sistem” mövcuddur.

Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketinin qəbulu Rusiya neftinin tədarükündən ən çox asılı olan bir sıra ölkələrin mövqeyinə görə ləngiyir. Aİ onlara yeni xammal tədarükçülərinin tapılmasına qədər möhlət təklif edib. Təklifə görə, Çexiya 2024-cü ilin iyulundan, Macarıstan və Slovakiya isə 2025-ci ildən embarqoya qoşula bilər. Lakin bu təklif də Macarıstanı qane etməyib. Budapeşt Avropa Komissiyasının Rusiyaya qarşı neft embarqosu təklifilə razılaşmaq müqabilində Aİ-dən milyardlarla dollar yardım istəyir. Macarıstanın xarici işlər naziri Péter Szijjarto Facebook-da yayımladığı videomüraciətdə Rusiya neftindən imtinanın kompensasiyasını 15-18 milyard avro dəyərində qiymətləndirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.