Artur Simonyan Estoniya spikerinin Şuşa səfərindən danışdı – Ratasın siyasi gedişi ermənilərə OD QOYUB
8-07-2022, 15:22

Ermənistan parlamentinin sədri Artur Simonyan Estoniya Respublikasının fövqəladə və səlahiyyətli səfiri R.Kalyurandı qəbul edib.
Teref.az KONKRET.az-a istinadla xəbər verir ki, görüşdə iki ölkənin parlamentləri arasında qarşılıqlı fəaliyyətin prioritetləri və parlament diplomatiyası çərçivəsində əməkdaşlığın davam etdirilməsi müzakirə edilib. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
“Biz Estoniya parlamentinin fəaliyyətini həmişə izləyirik və bizim üçün həssas məsələlərlə bağlı istənilən bəyanata və ya hər hansı digər təzahürə böyük əhəmiyyət veririk”, – deyə spiker qeyd edib.
O, bu il mayın 24-də Estoniya parlamentinin sədri Jüri Ratasın Azərbaycanın mədəniyyət şəhəri Şuşaya səfəri ilə bağlı danışıb.
A.Simonyanın sözlərinə görə, Ratasın Şuşada verdiyi bəyanatlar nəinki ölkələrimiz arasında dostluq münasibətlərinin ruhunu əks etdirmir, həm də Estoniyanın Qarabağ münaqişəsinin (belə münaqişə artıq yoxdur) sülh yolu ilə həllinə rəsmi dəstəyi ziddiyyət təşkil edir. O, ümidvar olduğunu bildirib ki, estoniyalı həmkarı tezliklə Ermənistana səfər edəcək və vəziyyətlə yerindəcə tanış olacaq, həmçinin Qarabağı (qondarma rejimi nəzərdə tutur) təmsil edən “rəsmilər”lə (heç bir səlahiyyəti olmayan) görüşəcək.
Qeyd edək ki, baş nazir Nikol Paşinyanın “sağ əli” hesab edilən Artur Simonyan bu fikirlərini səsləndirməklə nəinki “sahibi” Nikolun, eləcə də 10 noyabr 2020-ci il bəyanatlarını kölgə altına salır. Öz erməni ictimayyəti üçün tirajlanan belə “bəyanat” rəsmi Bakıda yalnız gülüş doğurur. Çünki hazırda regionda dominant və diqtə edən ölkə Azərbaycandır, Ermənistan isə sadəcə şagird kimi “ev tapşırıqlarını” yerinə yetirir. Elə Simonyanın sərsəm çıxışı da məktəbli çantasının bir güncündə yer alıb.
Yeri gəlmişkən, estoniyalı səfir Ratasın Şuşa səfəri ermənilərə od qoyub.
Xatırladaq ki, Estoniya parlamentinin (Riiqikoqun) sədri Yüri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti may ayının 24-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub. Qonaqlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri, Karvansaray, şəhərdə gedən sürətli bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından tanış olublar.
Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını, Xan qızı Natəvanın Sarayının qalıqlarını seyr ediblər, Şəhər meydanına baş çəkiblər.