Paşinyanın Laçın gedişi: Ermənistan vaxt qazanmağa çalışır? - GƏLİŞMƏ
13-07-2022, 20:46

“Laçın dəhlizinə alternativ yolun Ermənistandan keçən hissəsinin inşası üçün tender elan olunacaq”.
Bu barədə “Hraparak” qəzeti məlumatı yayıb.
Bildirilib ki, tender avqust ayında elan olunacaq və qalib gələn şirkət sözügedən alternativ yolun 8 kilometrlik hissəsinin inşasını öz üzərinə götürəcək.
“Bəzi məlumatlara görə, Azərbaycan tərəfi öz vəsaiti hesabına yolun Ermənistan hissəsinin də inşa edilməsini təklif edib. Lakin ölkənin Baş naziri Nikol Paşinyan ictimaiyyətin buna münasibətindən ehtiyat edərək təklifdən imtina edib”, - deyə nəşr iddia edib.
Maraqlıdır, Ermənistan tərəfi indi də bu addımı ilə vaxt qazanmağa çalışır? Dia.az-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında deyib ki, postmüharibə dövründə Azərbaycanın təklif etdiyi 5 baza prinsipləri, Ermənistanla sülh müqaviləsinin imzalanması, ərazi bütövlüklərinin tanınması, o cümlədən sərhədlərin demarkasiya və delimitasiya olunması kimi proseslərlə bölgədə yeni mənzərə yaranıb:
“Bu isə 30 ildən sonra bölgəyə dayanıqlı sülhün və tərəqqinin gəlməsi deməkdir. Təbii ki, Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri, məsuliyyəti anlayır və bütün bu işlərin görülməsini təmin edir. Lakin Ermənistan tərəfi bu və ya digər formada bu işlərin görülməsini ləngidir.
Ermənistanın Laçın dəhlizinə alternativ yolun öz ərazisindən keçən hissəsinin inşasına başlmasında bir neçə məqsəd var. Birincisi, Ermənistanın daxili siyasətində anlaşılmazlıq var. Müharibəni uduzsa da, xalq tərəfindən yeni seçilən Paşinyan hökuməti hazırda revanşistlərin təzyiqi ilə də üz-üzədir. Bütün bunlara baxmayaraq, sülhə gedən yolda Ermənistanın az da olsa, addımlar atdığı da hiss olunur. Düşünürəm ki, Laçına alternativ yolun çəkilməsi həmin addımlardan biri sayılmalıdır”.
Millət vəkili qeyd edib ki, rəsmi İrəvan dəfələrlə danışıqlara gedilməsi tərəfdarı olduğunu az da olsa göstərib:
“Təəssüf ki, konkret addımların atılması lazım olanda Ermənistanın bu məsələdən yayındığını görmüşük. Görünür, Paşinyan bir neçə tərəfdən vaxt qazanmaq istəyir. O, xalqı bütün bu məsələlərə hazırlamaq istəyir. Təbii ki, bunun üçün zaman lazımdır. Çünki orada hələ də revanşist əhval-ruhiyyəli kütlə mövcuddur və Paşinyana təzyiq edirlər. Bununla yanaşı, Paşinyan hakimiyyətində təmsil olunan şəxslərin də qismən erməni xalqını bu proseslərə hazırladıqlarının da şahidiyik. Amma həmişə olduğu kimi məkrli erməni siyasəti də mövcuddur.
Ermənistan tarix boyu hansısa dövlətlərin təsiri altında yedəkdə olan dövlət kimi yaşayıb. Ermənistan artıq Rusiya, ABŞ və Qərb ilə olan münasibətlərdə öz yerini görməyə çalışır. Hazırda yeni dünya düzənin formalaşması da Ermənistanı qeyri-müəyyən siyasət həyata keçirməyə vadar edir. Onların müstəqil siyasət yeridə bilmədiyi də açıq-aşkar görünür”.
Vüqar İskəndərli hər məsələdə əsas diqtə edən tərəfin Azərbaycan olduğunu vurğulayıb:
“Biz qalib ölkə olaraq da şərtlər irəli sürürük. Bu şərtlər o rasionaldır ki, məğlub olsa da, Ermənistan üçün vacib dividendlər var. Bunu da Paşinyan və onun komandası yaxşı anlayır. Onlar bilirlər ki, geriyə yolları yoxdur.
Cənab Prezidentin söylədiyi kimi, Zəngəzur dəhlizi Ermənistan istəsə də, istəməsə də açıqlacaq. Ona görə də Paşinyanın irəli sürülən şərtlərin həyata keçirilməsini ləngitməsindən asılı olmayaraq, bu məsələnin öz həllini tapacağını düşünürəm. Çünki hər keçən zaman Ermənistanın ziyanına işləyir”.