BBC araşdırması: Britaniya əsgərləri Əfqanıstanda silahsız şəxsləri öldürüb
14-07-2022, 20:05

BBC-nin araşdırması nəticəsində məlum olub ki, Britaniya Xüsusi Hava Xidmətinin (BXHX - ingiliscə SAS) Əfqanıstandakı əsgərləri, saxlanılan silahsız şəxsləri şübhəli şəraitdə öldürüblər.
BBC-nin əldə etdiyi hərbi sənədlər BXHX bölümlərindən birinin 2010-2011-ci illərdə, təxminən 6 ay ərzində 54 nəfəri qeyri-qanuni öldürdüyünü göstərir.
"BBC Panorama" komandasının araşdırmasına görə, həmin müddət ərzində Britaniyanın xüsusi təyinatlı qüvvələrinin keçmiş rəhbəri Ser Mark Carleton-Smith-ə qanunsuz qətllərlə bağlı məlumat verilib, amma o, dəlil kimi istifadə oluna biləcək bəzi informasiyaları hərbi polisin BXHX bölümüylə bağlı başlatdığı istintaqa təqdim etməyib.
Əvvəlcə Xüsusi Təyinatlı Qüvvələrin rəhbəri, sonra ordunun baş komandanı olmuş, ikincisini ötən ay tərk etmiş general Carleton-Smith BBC-nin suallarına cavab verməyib.
Britaniyanın Müdafiə Nazirliyi isə ölkə hərbçilərinin Əfqanıstanda "cəsarətlə və yüksək peşəkarlıqla xidmət etdiyini" qeyd edib.
İddialara cavab verə bilməyəcəyini bildirən nazirlik vurğulayıb ki, bu, deyilənlərin doğruluğunu qəbul etmək kimi qiymətləndirilməməlidir.
Araşdırma çərçivəsində BXHX-in yüzlərlə səhifəlik sənədlərini təhlil edən "BBC Panorama" komandasının bildirdiyinə görə, bəzi sənədlər BXHX donanmasının 2010 və 2011-ci illərdə Əfqanıstanın Hilmənd bölgəsində həyata keçirdiyi "Öldür və ya tut" əməliyyatına aiddir.
Yüksək çinli məmurların da xəbəri olub
Əməliyyatda iştirak etmiş bəzi şəxslər BBC-yə deyiblər ki, gecə basqınları zamanı silahsız insanları öldürən BXHX əsgərləri sonradan hadisə yerinə dəlil olaraq qeydiyyatsız silahlar qoyublar. Bundan başqa, əsgərlər daha çox adam öldürməkdə həm bir-birləri, həm də digər bölümlərlə yarışıblar.
BBC-nin araşdırmasına görə, BXHX-in daxili yazışmalarına aid elektron məktublarda yüksək çinli məmurların bunu bildikləri, amma qanunla məsuliyyət daşıdıqları halda vəziyyəti polisə bildirmədikləri üzə çıxıb.
Elektron məktublarda səlahiyyət sahiblərinin "ən sonuncu soyqırım" və "həqiqətən inanılmazdır" kimi ifadələr işlətdiyi təsbit edilib.
"Öldür və ya tut"
BBC-nin araşdırması Əfqanıstanda BXHX-in bir bölümünün 2010-cu ilin noyabrında başlamış 6 aylıq fəaliyyətini əhatə edir.
O dövrdə Əfqanıstanın ən təhlükəli bölgələrindən birində - Hilmənd əyalətində xidmət edən əsgərlər əvvəldən hədəf olaraq seçilmiş "Taliban" komandirlərini ələ keçirmək və bomba istehsalının qarşısını almaq üçün planlı saxlama əməliyyatları və ya "Öldür və ya tut" adı verilmiş basqınlar həyata keçiriblər.
Sözügedən əməliyyatların planlaşdırılmasında iştirak etmiş çox sayda mənbə BBC-yə bildirib ki, bu proses xeyli dərəcədə problemli olub və tez-tez mülki şəxslər də hədəfə alınıb.
2011-ci ildə Hilmənddə basqınları təşkil etmək səlahiyyəti verilmiş bir nəfərsə deyib: "Kəşfiyyatçılar Talibançı hesab etdikləri şəxslərin siyahısını çox sürətlə tərtib edirdilər. Sonra bu siyahılar qısaca müzakirə edilir və hərbi birləşmələrə təhvil verilirdi. Bütün işlər çox tələsik icra olunurdu, hamıya ciddi dərəcədə təzyiq edilirdi. Siyahıya əlavə olunan şəxslər haqqında təcili surətdə qərar vermək məcburiyyəti vardı".
Gecə basqınları zamanı qətllər
Gecə reydlərində hərbçilər hansısa binanı hədəfə alaraq içəridəkilərə ordan çıxmağı əmr ediblər, əllərini bağlayıb üstlərini axtardıqdan sonra onlardan birinin müşayiətilə binanın içinə baxış keçiriblər.
İddiaya görə, BBC-nin araşdırdığı bölümün basqınları zamanı saxlanılmış şəxslər gizli silahlarla əsgərləri təhdid ediblər və bu, komandirləri narahat edib. Saxlanılanları belə təhdidlərə görə öldürən əsgərlərin sayı artmağa başlayıb. Ancaq sonradan bəlli olub ki, həmin şəxslərdə silah olmayıb, əsgərlər öz hərəkətlərinə haqq qazandırmaq üçün hadisə yerinə silah qoyurlar.
Bu iddialar məsul şəxsləri o qədər narahat edib ki, 2011-ci ilin aprel ayında rəhbərliyə yazılı məlumat verməyə başlayıblar, "saxlanıldıqdan sonra insanların qəsdən öldürüldüyünü" və "buna haqq qazandırmaq üçün dəlil uydurulduğunu" bildiriblər.
Rəsmilərdən biri - Britaniya Xüsusi Qüvvələrinin yardımçı heyətinin rəhbəri qeyd edib ki, BXHX "birbaşa təhlükə yaratmadıqları hallarda da döyüş qabiliyyətli kişiləri öldürmək siyasəti yürütmüş ola bilər" və bu iddialar "həm etik, həm də qanuni cəhətdən yolverilməzdir".
Şübhəli ölümlər seriyası
BXHX-in gecə reydlərinin sənədlərini araşdıran "BBC Panorama" komandası saxlanıldıqdan sonra öldürüldüyü iddia edilən əfqan kişilərə aid xeyli dəlil tapıb.
BXHX-in sözügedən bölümünün 6 aylıq fəaliyyəti zamanı yüzlərlə insanın öldürüldüyü müəyyən edilib.
BXHX üzvləri arasında ölən və yaralanan olmayıb.
"Saxlanılanlar bu şəkildə ölü tapılmamalıydılar"
BBC-yə danışan yüksək rütbəli hərbçi həmin bölümlə bağlı sübutların "son dərəcə narahatedici" olduğunu söyləyib:
"Saxlanılanlar bu şəkildə ölü tapılmamalıydılar. Bunun dəfələrlə baş verməsi narahatlıq yaradırdı. İşlərin yolunda getmədiyi elə o vaxtdan bəlliydi".
Narahatlıqlar artdığına görə bölümün fəaliyyətini yoxlamaq üçün xüsusi istintaq başladılıb.
Sonradan məlum olub ki, regiona gedib bölümün əsgərlərini danışdıran müstəntiq gecə reydlərinə getməyib, hadisənin şahidi olduğunu iddia edən şəxslərlə görüşməyib.
BBC həmçinin müəyyən edib ki, iddiaların yer aldığı ifadə və sənədlər məhdud girişli xüsusi fayllara toplanıb və "məhkəmədən kənar qətllər haqqında lətifə tipli məlumatlar" adlandırılıb.
İstintaqdan sonra - 2012-ci ildə bölüm yenidən 6 ay müddətinə Əfqanıstana göndərilib.
2011-ci ildə Kraliyyət Dəniz Piyadalarının komandanı vəzifəsində çalışmış polkovnik Oliver Lee Əfqanıstandakı sui-istifadə hallarıyla bağlı BBC-nin aşkar etdiyi dəlillərin "son dərəcə təəccüblü və qəbuledilməz" olduğunu və onları araşdırmaq lazım gəldiyini deyib.
BBC Hilməndə gedib
BBC BXHX-ın 2010 və 2011-ci illərdə basqın etdiyi evlərə baş çəkib.
Onlardan biri Hilmənd vilayətinin Nad Əli kəndində baş verib. 2011-ci il fevral ayının 7-də səhər saatlarında bu evdə biri yeniyetmə olmaqla, 9 əfqan kişi öldürülüb.
BXHX-in əsgərləri evə vertolyotla yaxınlaşdıqlarını, içəridəki "üsyançılar" atəş açdıqları üçün özlərini müdafiə etmək məqsədilə onların hamısını öldürdüklərini bildirmişdilər.
Ancaq hadisədən sonra evdə cəmi üç ədəd "AK-47" tapançası tapılıb. Beləliklə, silah sayının evdəkilərin sayından az olduğu bəlli olub.
Evin döşəməsində çox sayda güllə dəliyi aşkar edilib. Ballistik silah mütəxəssisləri bildiriblər ki, bu, atəşin yuxarıdan açıldığını və əslində silahlı münaqişənin olmadığını göstərir.
2014-cü ildə Kraliyyət Hərbi Polisi "Northmoor əməliyyatı" adlı istintaq başladaraq, Britaniya əsgərlərinin Əfqanıstanda cinayət törətməsiylə bağlı iddiaları yenidən araşdırıb.
Ancaq həmin istintaqı təşkil etmiş şəxslər BBC-yə deyiblər ki, o zaman Britaniya ordusu dəlillərin toplanılmasına mane olub.
2019-cu ildə "Northmoor əməliyyatı" dayandırılıb.
Britaniya Müdafiə Nazirliyi Əfqanıstanda cinayət törədilməsinə dair heç bir dəlil olmadığını və əsgərlərin orda ən yüksək standartlara uyğun fəaliyyət göstərdiklərini açıqlayıb.
Hannah O'Grady and Joel Gunter
BBC Panorama