İrəvan erməni ordusunun qalıqlarının hamısını çıxaracaq, yoxsa?
19-07-2022, 17:00

Ermənistan Qarabağda qalan erməni ordusunun qalıqlarının çıxarılma prosesinin başlandığını elan etdi: təhlükəsizlik şurasının katibi Armen Qriqoryan sentyabra qədər prosesin başa çatacağını deyib;
İrəvanın prosesə indi başalaşması, yaxud bunu indi elan etməsinin səbəbi bəllidir:
- Əliyev bildirdi ki, Rusiya iyun ayında erməni qoşunların Azərbaycan ərazisindən çıxarılacağı vədini verib, lakin icra edilmir və anti-terror əməliyyatının anonsunu verən prezident addımların da XİN rəhbərlərinin görüşünün nəticəsinə uyğun atılacağını elan etdi;
- Bayramov-Mirzoyan görüşündə Bakının əsas tələbindən birinin məhz bu olduğu bəllidir: Mirzoyana hərbi müstəvidə atıla biləcək addımlar izah olunub;
- Tbilisi görüşündən dərhal sonra İrəvanın 10 noyabr bəyanatının 4-cü bəndinin icrasına başlaması da Bakının hərbi müstəvidə atacağı addımların qarşısını almağa hesablanıb;
Görünür, İrəvanda da, Moskvada da Bakının blef etmədiyini, erməni ordusunun qalıqlarının çıxarılmayacağı təqdirdə anti-terror (buna “məcburetmə əməliyyatı” da deyə bilərik) əməliyyatının başlayacağını anlayıblar.
Hərçənd, bir məsələ açıq olaraq qalır: İrəvan erməni ordusunun qalıqlarının hamısını çıxaracaq, yoxsa?
Ermənistanın rəsmi açıqlaması müəyyə şübhələr yaradır: Qriqoryan bildirir ki, “44 günlük müharibə zamanı Qarabağa yerləşdirilən qoşunlar çıxarılır. Ermənistan ordusunun bir sıra birlikləri müharibə dövründə “müdafiə ordusunun” köməyinə gəlib, bu təbiidir”;
a) İrəvan münaqişənin mövcud olduğu dövrdə Qarabağdakı erməni qoşunları separatçıların “müdafiə qüvvələri” adlandırırdı: bu açıqlama da həmin mövqeyin davamı kimi verilə bilər, yəni “Ermənistan bölgəyə qoşunları müharibə dövründə göndərib”;
b) İrəvan müharibə dövründə Qarabağa göndərdiyi qoşunları çıxara, müharibədən əvvəl bölgədə mövcud olan “hərbi birlikləri” separatçıların “ordusu” olaraq saxlaya bilər: Qriqoryan onları “bir neçə birlik” olaraq qeyd edir;
Qriqoryanın separatçıların qondarma “müdafiə ordusu”nun qalacağına dair dedikləri də çıxarılma prosesinin qeyri-şəffaflığı ehtimalını gücləndirir.
Bakının prosesə nəzarət etmək imkanı var:
Birincisi, bölgədə Ermənistan ordusunun nə qədər qüvvəsinin olduğuna dair informasiya Azərbaycan dövlətində bu və ya digər formada mövcuddur;
İkincisi, Paşinyan 10 noyabr bəyanatını imzaladıqdan sonra bunu “bölgədəki 20-25 minlik erməni hərbçisinin mühasirədən çıxarmaq” üçün etdiyini bildirmişdi: hazırda ən azı 15-20 min erməni hərbçisinin qalması mümkündür;
Üçüncüsü, erməni qoşunlar və hərbi texnikası Laçın dəhlizindən çıxarılacaq: Azərbaycan dəhlizdə vizual müşahidəni gücləndirə, prosesin dəqiqliyini yoxlaya bilər;
Asif Nerimanli