"Hərbi uğurlar olanda siyasi bəyanatlara bir o qədər üstünlük verilmir" - deputat

21-07-2022, 10:18           
"Hərbi uğurlar olanda siyasi bəyanatlara bir o qədər üstünlük verilmir" - deputat
“Hərbi uğurlar olanda siyasi bəyanatlara bir o qədər üstünlük verilmir. Əksinə, hərbi uğursuzluqlar baş verəndə bunu siyasi bəyanatlarla ört-basdır edirlər və bu, daha çox daxili auditoriyaya hesablanır. Bu hal bütün müharibələrə xasdır”.

Teref.az xəbər verir ki, bunu Reyting.az-a Milli Məclisin deputatı Asim Mollazadə Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukrayna ilə müharibədə “xüsusi əməliyyat” dairəsini böyüdəcəklərini, Xerson, Zaporojye və digər ərazilərdə də hərbi proseslərin aparılacağına dair bəyanatına toxunarkən bildirib.

Deputat xatırladıb ki, Rusiya Ukraynadakı “xüsusi əməliyyat” çərçivəsində öncə Kiyev şəhərini ələ keçirmək istəyib: “Hər halda bunu edə bilsəydi, edər, Kiyevə gedərdi. Amma Rusiya ordusu Kiyev ətrafından tədricən çəkildi”.

Onun sözlərinə görə, Lavrov və Medvedev sərt bəyanatlarla məsələləri ört-basdır edir və bu, daha çox daxili bazar üçün nəzərdə tutulan davranışdır.

A. Mollazadə ehtimal edir ki, Ukrayna savaşı uzun çəkəcək: “Aydındır ki, belə olduqda itkilər, yaralılar da çox olacaq. Savaşda zəif tərəf hədəf kimi mülki əhalini seçir. Mən Gəncə, Bərdə və Tərtərdə mülki insanlara raket hücumunu xatırlatmaq istərdim. Çünki bu faciələri yaşamışıq. Ordularla vuruşa bilməyən ölkələr hədəf kimi mülki əhalini seçir ki, qorxu və xaos yaransın”.

Deputat düşünür ki, Qərb ölkələrindən Ukraynaya daxil olacaq modern silahlardan sonra Ukrayna ordusu müəyyən əməliyyatlar keçirə bilər.

Onu da qeyd edək ki, hazırda Ukraynada Rusiya işğalı davam edir. Müharibənin beşinci ayının tamamında bir çox ekspertlər savaşın uzun müddət davam edəcəyi və tükəndirici xarakter daşıyacağını bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru