BU NƏDİ BELƏ: Rusiya MN Suqovuşanı yenidən “işğal” etdi... FOTO
14-12-2022, 12:20

Rusiya hakimiyyəti, xüsusilə də Azərbaycanın hüquqi-tarixi ərazilərində müvəqqəti(!) yerləşdirilimiş “sülhməramlı” hərbi(!) kontingentin idarəçiliyinə cavabdeh olan Rusiya Müdafiə Nazirliyi(MN) iki ildən çoxdur ki, Azərbaycan xalqına və dövlətinə qarşı real və virtual saymazyana davranışlarını davam etdirir. Bu sırada Azərbaycan Müdafiə Nazirliyinin son iki ayda dəfələrlə rəsmi xəbərdarlıqlarına rəğmən “sülhməramlı” kontingentin dislokasiya xəritəsində Azərbaycan Respublikası ərazisindəki toponimlərin böyük əksəriyyətinin dövlətimizin təsdiq etdiyi rəsmi xəritələrdəki rəsmi adlara uyğun deyil, separatçı erməni rejiminin istədiyi kimi göstərilməsini də qeyd etmək olar...
TEREF.AZ-ın məlumatına görə, Moderator.az-ın növbəti araşdırmasından bəlli olur ki, “sülhməramlı” kontingentin Rusiya MN-in rəsmi saytında dünən – dekabrın 13-də təqdim olunmuş dislokasiya xəritəsində toponimlərimizin təhrifi bir yana, Azərbaycan Respublikasının sözügedən xarici kontingentin nəzarətində olmayan yaşayış məntəqələrindən biri – Suqovuşan qəsəbəsi yenidən separatçıların verdiyi “Madagiz” adıyla həmin xəritəyə salınıb. Ona görə “yenidən” yazırıq ki, Moderator.az bu ilin yanvarında “sülhməramlı”ların Suqovuşanla bağlı xəritə oyunlarını Azərbaycan ictimaiyyəti, rəsmi qurumları, həmçinin Müdafiə Nazirliyinin nəzərinə çatdırmış, Müdafiə Nazirliyi, Prezident Administrasiyası səviyyəsində Rusiya MN-in hədsizliyinə münasibət bildirilməsinə çağırmış və bununla bağlı nazirliyin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazovun da açıqlamasını təqdim etmişdi ... Bu o dönəm idi ki, Rusiya faktiki olaraq Qazaxıstana qoşun yeritmişdi...
Qeyd edək ki, biz Rusiya “sülhməramlı”larının torpaqlarımıza ayaq basdığı iık günlərdən həmin qurum komandanlığı və Rusiya MN-in toponimlərimizə saymazyana münasibətini, eləcə də bəhs edilən kontingentin öz funksiyalarından kənar işlərlə məşğul olmalarını mütəmadi olaraq ifşa etmiş və bununla bağlı dəfələrlə Bakıdakı “5-ci kalon”un təhdidləri ilə üzləşmişik...
Hesab edirik ki, Rusiya MN-in bu dəfəki oyununu da qətiyyən texniki səhv, xəta adlandırmaq olmaz. Bu, sadəcə, imperiya xislətindən irəli gələn təkəbbürün, saymazyanalığın və həyasızlığın virtual nümayişidir. Bunun real nümayişini isə Azərbaycanın yüzlərlə ictimai fəalının 3-cü sutkadır ki,Şuşa-Xankəndi yolunda davam edən etiraz aksiyasına “sülhməramlı” komandanlığın və birbaşa Kremlin, Putin rejiminin münasibətində görürürük...
P.S. Bəlkə də “Suqovuşan” oyunu imperiya xıslətli Rusiya generalitetinin xəyal etdiyi gerçək “işğal” təhdidir... Axı onlar Türkiyə paşasının rəsmən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin olunmasından və “QRU”-nun məlum - daha irəli getmək cəhdlərinin boşa çıxmasından da bərk hiddətləniblər...

