Adı İRAN AGENTİ kimi hallanan Mətləb Mütəllimli yenidən SİYASƏTƏ QAYIDIR - NƏ BAŞ VERDİ Kİ?
3-02-2023, 16:35
Xeyli vaxtdır fəaliyyəti dayandırılan Sosial Ədalət Partiyası yenidən aktiv siyasətə qayıdır.
TEREF.AZ bildirir ki, bu barədə partiyanın sədri, Milli Məclisinin I çağırış deputatı, Baş prokurorun sabiq birinci müavini Mətləb Mütəllimli Bakupost.az -a müsahibəsində bildirib.
Onun sözlərinə görə, SƏP fəaliyyətini lazımi şərait və maliyyə vəsaiti olmadığa görə müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb:
"Həm də səhhətimdə müəyyən problemlər oldu, başım müalicəyə qarışdı. Bir müddət İranda müalicə olundum. İndi şükür Allaha, hər şey yaxşıdır. Artıq sosial şəbəkələrdə çıxış edir, gündəlik müzakirələrə qatılırıq. Cəmiyyətdə mövcud olan problemlərlə bağlı öz mövqeyimizi bildiririk".
SƏP sədri ölkədə arzuolunmaz proseslərin baş verməsindən narazıdır:
"Azərbaycanda bizim arzulamadığımız proseslər baş verir. Hansı sahəni götürürsən-götür, - istər səhiyyə, istər təhsil, istər hüquq-mühafizə sahəsi olsun, - hamısı bərbad vəziyyətdədir. İnsan haqları kütləvi şəkildə pozulur. İnsan haqlarını qorumağa borclu olan dövlət orqanları - prokurorluq, polis, məhkəmə nəinki bu haqları qorumur, pozulmuş hüquqları bərpa etmir, əksinə onlar da bir tərəfdən insanların hüquqlarını pozurlar. Az-çox prokurorluq sistemində işləmişəm. 5 il hüquq-mühafizə orqanlarına nəzarət edən parlament komissiyası sədrinin müavini, şöbə müdiri kimi çalışmışam, belə hallar olmayıb. Aydın Canıyev hansısa bir təhqiramiz söz deyib, o saat ona reaksiya verib, 30 sutka cəza kəsiblər. Tərtər hadisələrində minlərlə insanın həyatı məhv edilib. Prokurorluq hara baxıb? Şəxsən mən ölkə rəhbərliyinin, Prezident İlham Əliyevin vəziyyətini başa düşürəm. Çünki hər tərəfdən Azərbaycana basqılar var. İndi təkcə Ermənistan düşmənçilik etmir, eyni zamanda İran, Fransa, hətta Rusiyanın özü Azərbaycana düşmən mövqedədirlər. Biz çox istərdik, belə məqamda dövlət başçısına dayaq olaq, bir müsəlləh əsgər kimi hər hansı bir tapşırığı yerinə yetirək ki, bizim dövlətə belə basqılar olmasın".
SƏP sədrinin Azərbaycandakı mövcud problemlərlə bağlı fikirləri ilə daha ətraflı aşağıdakı videoda tanış ola bilərsiz...