Ermənistan parlamentinin sədri telefon nömrəsini “Real TV”nin əməkdaşına verib? - VİDEO

16-03-2023, 15:02           
Ermənistan parlamentinin sədri telefon nömrəsini “Real TV”nin əməkdaşına verib? - VİDEO
Ermənistan parlamentinin sədri Alen Simonyan Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında Azərbaycanın “Real TV” kanalına müsahibə verdiyini bildirib.
TEREF.AZ xəbər verir ki, Alen Simonyan bu barədə martın 14-də sosial şəbəkə hesabında paylaşım edib.
Parlamet sədri qeyd edib ki, Bəhreyndəki çıxışından sonra azərbaycanlı jurnalistlər ona yaxınlaşaraq iki suala cavab verməsini istəyiblər:
“Cavabında dedim ki, onsuz da göstərməyəcəksiniz. “Yox, yox, nə deyirsən, “Real TV” bunu mütləq göstərəcək”, – deyə jurnalist mənə cavab verdi".
Spiker qeyd edib ki, indiyədək həmin müsahibənin heç bir parçası dərc olunmayıb.
Alen Simonyan statusun sonunda qonşu ölkənin xalqına və mətbuatına "azadlıq arzuladığını" yazıb.
Ermənistan parlamentinin sədri Alen Simonyandan Bəhreyndə müsahibə alan “Real Tv”nin əməkdaşı Mahir Məmmədli parlament sədrinin paylaşdığı statusa münasibət bildirib. Axar.az-a açıqlmasında Mahir Məmmədli deyib ki, Alen Simonyan Assambleyadakı çıxışını erməni nümayəndələrinin adətinə uyğun olaraq dezinformasiya üzərində qurub və beynəlxalq tribunadan dünyaya yalan danışıb:
“Simonyanın çıxışına tutarlı cavabı Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova verdi və onu utanmazcasına yalan danışmaqda ittiham etdi. Simonyanın çıxışından sonra ona yaxınlaşdım. Çünki o, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qanunsuz silah-sursat daşıyan erməni hərbçilərinin saxlanılması və onların müqavimət göstərərkən ordumuz tərəfindən məhv edilməsi ilə bağlı danışığında bu hadisənin sərhəddə baş verdiyini demişdi. Simonyandan onun hansı sərhədi nəzərdə tutduğunu soruşdum, axı hadisə Şuşa yaxınlığında baş verib, Azərbaycanın ərazisində. O isə bunu inkar etdi və bildirdi ki, silahlı hadisə sərhəddə baş verməyib. Görünür, çıxışından sonra erməni nümayəndə heyəti ona izah edib ki, danışdıqları səhvdir. Deməli, Simonyan nəinki Cənubi Qafqaz qonşularının, eləcə də öz ölkəsinin sərhədini tanımır, coğrafiyadan anlayışı yoxdur. Sualımıza cavabında o, Ermənistanın Azərbycan ərazisində qanunsuz məskunlaşan erməni separatçılarının silahlandırmasını, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanmasını da inkar etdi.
Bu gün isə baxdım ki, status yazıb və onun müsahibəsinin efirə getmədiyini bildirib. Biz Simonyanın və Ermənistan hakimiyyətinin yalanlarını Azərbaycan tamaşaçısı üçün tirajlayası deyilik. O özünü bu gün (14 mart – red.) efirdə görəcək və statusunun cavabını alacaq”, - o bildirib.
“Real TV”-nin hazırladığı həmin sujeti təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.