“Rusiyada qalanların gedənlərdən daha ağıllı olduğu ortaya çıxdı” – Putin iş adamlarına çağırış edib
17-03-2023, 10:54
Rusiya Prezidenti Vladimir Putin iş adamlarını xaricə getməməyə, Rusiyanın inkişafına sərmayə qoymağa çağırıb.
“AzPolitika.info” xəbər verir ki, bu gün keçirilən Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxış edən Putin Rusiyada qalanların gedənlərdən daha ağıllı və enerjili olduğunu deyib.
“Bizim iş adamlarından tez-tez eşidirəm ki, “orada (xaricdə) işləmək daha təhlükəsizdir”. İndi də belədir? Hamımız başa düşməliyik ki, bizim varlığımızın və ailələrimizin gələcəyinin əsası buradadır. Bizim iş adamlarımız bu dəyərləri nə qədər çox bölüşərsə, ətrafımızdakıların həyatı yaxşıya doğru daha tez dəyişəcək”, - deyə Putin bildirib.
O, əlavə edib ki, rus sahibkarlar təkcə qazanc əldə etməyə yönəlməməlidirlər: “İnsanlara fayda verən təşəbbüslər daha çox olmalıdır. Biz dövlət işçilərinin rifahı üçün mübarizə aparmağa hazır olanları dəstəkləyəcəyik. Bizə komandasının qayğısına qalan, mütəxəssislərə sərmayə qoyan, onların ailələrinə daim diqqətdə saxlayan biznesmenlər lazımdır. Məsuliyyətli biznesmen özünü mövcud olduğu bölgədən ayırmır, dövlətlə birlikdə bütün sosial sahələrə sərmayə qoyur”.