Qaribaşvilidən ABŞ və Avropaya sərt ittihamlar – “2022-ci ilə qədər Aİ Rusiyaya 2,3 trilyon dollar ödədi...”
25-05-2023, 09:04

“2008-ci ildə bizə qarşı müharibə olmuşdu, Rusiyaya qarşı sanksiya qoyan birini xatırlayın. Bizim müharibəmiz müharibə deyil, Ukraynadakı müharibə müharibədir? Məntiq haradadır?”
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili illik Qətər İqtisadi Forumunun panel müzakirələrində çıxışı zamanı deyib.
Qaribaşvilinin sözlərinə görə, 2008-ci il müharibəsindən sonra ABŞ və Avropa həmişəki kimi Rusiya ilə əməkdaşlığa davam ediblər.
“Rusiyaya qarşı ikitərəfli iqtisadi sanksiyalar tətbiq etsək, Gürcüstan iqtisadiyyatı çökəcək, xalqımıza ziyan vuracağıq. Siz yaxşı bilirsiniz, 2008-ci ildə müharibə olmuşdu, müharibə zamanı Rusiyaya qarşı sanksiyalar tətbiq edəni xatırlayırsınızmı? Heç kim!
Ətraflı
Dünyada heç kim bu təcavüzə düzgün və ya adekvat cavab vermədi. Onda mənim sualım belədir: məntiq haradadır? Bizim müharibə müharibə deyil, amma Ukraynadakı müharibə müharibədirmi? Deməliyəm ki, 2008-ci ildə Rusiya ilə müharibədən sonra Qərblə Rusiya ilə ticarəti əvvəlki qaydada davam etdirməsi bizi çox məyus etdi. O dağıdıcı müharibədən sonra ölkəmizin ərazisinin 20%-i hələ də Rusiyanın işğalı altındadır, Rusiya bizim tarixi torpağımızda iki hərbi baza tikdi, tarixi bölgələrimizdəki qondarma qurumların müstəqilliyini tanıdı və bu işğal hələ də davam edir.
Ona görə də avropalı, amerikalı dostlarıma sualım belədir: əziz dostlar, siz həmişəki kimi Rusiya ilə iş aparmısınız, ona qarşı sanksiyalar tətbiq etməmisiniz. 2022-ci ilə qədər Aİ Rusiyaya 2,3 trilyon dollar ödədi, heç nə olmamış kimi heç kim Rusiya ilə əməkdaşlığı dayandırmadı. Bu vəziyyətdə bir daha təsdiq etmək istərdim ki, biz Ukraynanı, Ukrayna xalqını dəstəkləyirik. Biz istəyirik ki, bu müharibə mümkün qədər tez bitsin. Biz bütün beynəlxalq platformalarda 500-dən çox qətnaməyə, sənədə, müraciətə qoşulmuşuq və beynəlxalq sanksiyalara tam əməl edirik. Dövlət Departamenti Gürcüstanın maliyyə qurumlarının, Milli Bankın maliyyə sanksiyalarına tam əməl etdiyini bildirib.
İqtisadi sanksiyalara gəlincə, Gürcüstanın Rusiya ilə ticarəti bir milyard dollardan azdır. Müqayisə üçün qeyd edək ki, Aİ cəmi 4 günə bizim bir ildə ticarət etdiyimiz qədər ticarət edir. Bu gülməlidir, məntiq yoxdur. Bu, ölkəmizin milli maraqlarına xələl gətirər”, - deyə İrakli Qaribaşvili bildirib.