Növbəti dəfə: Azərbaycan yenə "möhkəmlənmiş avtokratiya" elan edildi
25-05-2023, 10:08

Mərkəzi ofisi Vaşinqton DC-də yerləşən “Freedom House” insan hüquqları təşkilatı mayın 24-də
növbəti “Keçid ölkələri 2023” hesabatını açıqlayıb.
Hesabatda deyilir ki, ardıcıl olaraq 19-cu ildir ki, demokratik idarəetmə Mərkəzi Avropadan
Mərkəzi Asiyaya qədər uzanan regionda ümumi tənəzzülə uğrayıb.
“Moskva Ukraynaya genişmiqyaslı işğalını davam etdirərkən, avtokratlar mediada, yerli
idarəetmədə və xüsusən də vətəndaş cəmiyyətində institusional müstəqilliyin qalan qalıqlarına
daxili hücumlarında israrlı idilər”.
Hesabatda deyilir ki, 29 ölkədən 11-də demokratiya göstəriciləri azalıb, yeddi ölkədə irəliləyiş
qeydə alınıb.
Regionda vətəndaş fəalları və demokratik liderlərin daha yaxşı idarəçilik üçün səylərini davam
etdirdiyi də vurğulanır.
“Freedom House” təşkilatının hesabatında qeyd edilir ki, Azərbaycan reytinqdə yalnız
Türkmənistan və Tacikistandan önə çıxa bilib.
Onların daxil olduğu səkkiz ölkə möhkəmlənmiş avtoritar rejimlər adlandırılıb.
“Freedom House” əvvəlki illərdə də Azərbaycanı “möhkəmlənmiş avtokratik rejim” adlandırıb.
Türkmənistan və Azərbaycanın dövlət qurumları demokratik keyfiyyətlərdən, demək olar ki,
məhrumdur, deyə hesabatda vurğulanır. “Freedom House” Türkmənistanla Azərbaycan arasında
daha bir müqayisə aparır, hər iki ölkədə vətəndaşların hakim elitanın qohumbazlığından əziyyət
çəkdiyini qeyd edir.
Ermənistan və Gürcüstan, eləcə də Ukrayna və Moldova hibrid rejimlər sayılıb.
Hesabatda Prezident İlham Əliyev rejiminin “öz ərazi ambisiyalarını hərbi yolla davam etdirdiyi,
eyni zamanda ölkə daxilində müxalifəti sıxışdırdığı, Ermənistanda və Qarabağ əhalisinin
azadlıqlarını təhdid etdiyi” bildirilir.
“Avtokratiyalar repressiya və qeyri-sabitliyin təkrarlanan çevrəsindən çıxa bilmir. Möhkəmlənmiş
avtoritar rejimlər kimi təsnif edilən səkkiz ölkədən altısının onsuz da zəif demokratiya xalları
daha da aşağı düşüb. Bu ölkələrdən heç biri irəliləyiş əldə edilməyib. Rusiyanın Ukraynaya
təcavüzü, Azərbaycanın Ermənistana hücumu və Orta Asiyada etirazların zorakılıqla yatırılması
pis avtoritar idarəçiliyin ölümcül nəticələrini ortaya qoyub”, deyə hesabatda vurğulanır.
“Freedom House” qeyd edir ki, Rusiyanın Ukraynaya qarşı işğalı bütün dünyanı, möhkəmlənən
diktaturanın demokratik niyyətli qonşu dövlətlərə yarada biləcəyi təhlükə sarıdan xəbərdar edib.
Ancaq Cənubi Qafqazda da oxşar ssenarinin baş verməsinə baxmayaraq, bu, çox az diqqət
çəkir.
“Moskvanın 2014 və 2022-ci illərdə Ukrayna ərazisini ələ keçirməsi sakinlərin hüquqlarının və
fiziki təhlükəsizliyinin böyük miqyasda itirməsilə nəticələndi. Aydındır ki, Bakının Dağlıq Qarabağ
və Ermənistanın bəzi hissələri üzərində nəzarətini genişləndirməsi də yerli əhalinin azadlıq və
təhlükəsizliyini sarsıdacaq. Demokratik hökumətlər bu təhlükəni gözardı etməməlidir. Onlar
Ermənistanda demokratiyanı gücləndirmək üçün mümkün hər addımı atmalı, Azərbaycan
hakimiyyəti və ya işğalı altında yaşayan, yaxud bundan qaçan bütün insanların müdafiəsini
təmin etməlidirlər”, deyə hesabatda vurğulanır.
Azərbaycan hakimiyyəti bu hesabata, hələlik, münasibət açıqlamayıb.
Ancaq indiyədək hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların qorunduğunu
bildiriblər, oxşar tənqidləri rədd ediblər. Prezident Əliyev illər öncə “Freedom House” təşkilatını
ermənipərəst mövqedə ittiham edib, bu qurumun hesabatlarının Azərbaycan üçün “heç bir əsası
olmadığını” deyib.